Prezidentin Hərbi Qənimətlər Parkında toxunduğu məsələlər haqqında MƏQALƏ
12 aprel 2021-ci il tarixi Azərbaycan Respublikasının tarixinə daha bir mühüm hadisə ilə düşdü. Bakının Xətai rayonu ərazisində, 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəmizin daha bir nümayişi Hərbi Qənimətlər Parkı açıldı. Parkın açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çox dərin, mənalı və xalqın milli maraqlarını əks etdirən çıxış etdi. Respublika Prezidentinin çıxışı zamanı toxunduğu bəzi məsələlərə nəzər salaq. Prezident öz çıxışında vurğuladı ki, Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.
Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İsgəndər-M" raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Ölkə Prezidentini toxunduğu başqa bir məsələ erməni vandalizmi idi. İki əsrdən çoxdur ki, Azərbaycan-Türk xalqına qarşı davam edən erməni təcavüzü təkcə insanlığa qarşı deyil, tarixi, dini abidələrə, müqəddəs ocaqlara, hətta təbiətə qarşı yönəldilən vəhşilikdir. Vandalizm, ekoloji terror, Ermənistanın təcavüzkarlıq siyasətinin tərkib hissəsidir. Məlumdur ki, Ermənistanın havadarlarının dəstəyi ilə yürütdüyü təcavüzkarlıq siyasəti nəticəsində xalqımıza məxsus çoxəsrlik tarixi abidələrimiz dağıdılaraq yerlə-yeksan edilmiş, bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilmişdir. Bu təcavüzkar dövlətin vandal əməllərində əsas məqsəd əlbəttə ki xalqımızın tarixi keçmişini və mənəvi yaddaşımızı məhv etmək olmuşdur. Son illərdə məcsidlərimizdə mal-qara və donuz saxlanılması faktı, Yuxarı və Aşağı Gövhərağa məcsidinin, Ağdamda cümə məcsdinin dağıdılması, Laçında Ağoğlan, Kəlbəcərdə Xudavəng, Ağdərədə Gəncəsər məbədlərinin erməniləşdirilərək qriqorianlaşdırılması ermənilərin vandal əmələrinin bir hissəsidir. İşğalçı Ermənistan tarixi-dini abidələrimizə vurduğu ziyana, eyni zamanda insanlıq və mülkiyyət əleyhinə törətdiyi cinayətlərə, mədəni irsin dağıdılmasına görə məsuliyyət daşıyır. Ermənistanın bu əməlləri 1954-cü il Haaqa konvensiyasına, 1992-ci il Avropa konvensiyasına, UNESCO-nun " Umumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" 1972-ci il konvensiyasına ziddir. Bütünlükdə bəşər mədəniyyətinə qarşı təcavüzdür.
Cənab İlham Əliyev hər zaman olduğu kimi, bu dəfədə öz çıxışında ordu quruculuğu məsələsinə toxundu. O, bildirdi ki, ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Bunun üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradıldı.Ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi.
İşğalçı Ermənistan dövləti bu müharibə cinayətlərinə görə, təbiətə dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verəcəkdir. Çünki bu törədilən cinayətlərə nəinki region üçün beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olaraq qalacaqdır.
Dünya erməni vandalizminə heç vaxt göz yummamalı, unutmamalıdır!
Əli İbrahim oğlu İbrahimov
156 №li tam orta məktəbin tarix müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB