Revanş cəhdi olarsa...

Erməni KİV-lərinin yazdığına görə, martın 25-də Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarqsyanın, eləcə də qondarma "dqr" sabiq qurama "prezidentləri" Arkadi Qukasyanın və Bako Saakyanın birgə görüşü keçirilmişdi. SİA-nın məlumatına görə, bu şəxslər görüşləri əsnasında Qarabağdakı postmüharibə vəziyyətinə aid məsələlərlə yanaşı, situasiyanın "mümkün inkişafı" ətrafında müzakirələr aparıblar.

"Joğovurd" qəzetinin yazdığına görə adıçəkilən sabiqlər görüşləri vaxtı "olduqca gizli qərar" qəbul edərək, bir-birilərinə söz veriblər ki, gizli qərar haqqında hətta onlara ən yaxın şəxslər də bilməyəcəklər.

"Biz Qarabağın "eks-prezidenti" Arkadi Qukasyandan müəyyən dəqiqləşmələri öyrənməyə cəhd etdik, lakin o bizim zənglərimizə cavab vermədi", erməni qəzeti yazıb.

Ehtimal olunur ki, sabiqlər görüşlərində qarşıdan gələn növbədənkənar parlament seçkiləri və baş nazir Nikol Paşinyanın "taxtdan salınması" ətrafında müzakirələr aparmaqla yanaşı, revanşçı planları barədə də düşünüblər. Əgər belədirsə, bu zaman onların bu cəhdlərinin öz başları ilə yanaşı, bütövlükdə Ermənistanın başında çatlayacağını bəri başdan proqnozlaşdırmaq olar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə