Azərbaycan sivilizasiyalar arasında körpüdür

Azərbaycan sivilizasiyalar arasında körpüdür

Dünyada Azərbaycanın Birinci Xanımı kimi tanınan və böyük nüfuza sahib olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirir. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı layihələr müxtəlif sahələri əhatə edir. Bu, dünya ölkələri tərəfindən belə maraqla qaşılanır. Belə ki, bu günlərdə "HorraPress" Avropa Azad Mətbuat Mərkəzi Azərbaycan-İberiya-Amerika beyin mərkəzinin (CEPAI) "Azərbaycanın mədəniyyət diplomatiyası və Mehriban Əliyevanın gözəl işləri" sərlövhəli məqaləsində Azərbaycan rəhbərliyinin, xüsusən Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi mədəniyyət diplomatiyasından söz açılıb.

Məqalədə Mehriban Əliyevanın "Instagram" səhifəsində qədim Qarabağ torpağındakı dini abidələrin və məscidlərin bərpası layihəsinin işə salınması barədə paylaşım etməsi diqqətə çəkilib: "Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir… Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir..."

"HorraPress" oxucuların diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkənin xaricdə populyarlaşmasına, habelə sosial siyasətin həyata keçirilməsinə, elmin, təhsilin, mədəniyyətin və idmanın inkişafına mühüm töhfələr verir. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli dəyərlərin qorunub saxlanmasına və möhkəmlənməsinə, humanizm prinsiplərinin təbliğinə yönəlib.

Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlərə imza atmışdır.

Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Fondun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.

Mehriban xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, Fondun həyata keçirdiyi mühüm siyasətidir. Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. "HorraPress" yazır ki, tolerantlıq və dialoq sahəsində görülmüş işlər nəticəsində 2016-cı ildə Papa Fransisk Azərbaycana səfəri zamanı Müqəddəs Bakirə Məryəm məbədində olub, Azərbaycanı sivilizasiyalar arasında körpü adlandırıb.

Yazıda Mehriban Əliyevanın Heydər Əliyev Fondu ilə UNESCO arasında əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanır, qeyd olunur ki, bu fəaliyyət Azərbaycan mədəniyyətinin və mədəniyyətlərarası dialoqun beynəlxalq səviyyədə təbliği üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Birinci Xanımının fəaliyyətinin etirafı kimi 2004-cü ildə o, qeyri-maddi mədəni irsin təbliğinə və qorunmasına görə xoşməramlı səfir seçilib. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işlənib hazırlanmış siyasətin həyata keçirilməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, ənənəvi çövkən at oyunu, kəlağayı qadın baş örtüyünün hazırlanması və geyim mədəniyyəti və simvolikası, Lahıc misgərlik sənəti, Novruz bayramı, lavaş, katırma, yufka – nazik çörək növlərinin hazırlanması, dolmanın hazırlanması ənənələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2019-cu ildə Azərbaycanın qədim Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunub.

Fəaliyyəti dövründə əldə etdiyi bu və ya digər nailiyyətlər Fondun qeyri-hökumət təşkilatı olaraq təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə böyük nüfuz qazandığını göstərir. Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Fondun gələcək fəaliyyətinin əsasında qeyd etdiyimiz məsələlərin daha da geniş bir planda, layihələr əsasında həyata keçirilməsi dayanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə