Ermənistan üçün həyəcan təbili Armen Sarkisyanın müraciətində

Ermənistan prezidenti Armen Sarkisyan 1 Mart 2008 hadisələrinin növbəti ildönümü münasibətilə həmyerlilərinə müraciətində siyasi qüvvələri toqquşmalardan, qarşıdurmalardan və qeyri-sabitlikdən çəkinməyə çağırıb. SİA xəbər verir ki, bu barədə prezidentin saytında olan müraciətində deyilir.

Qeyd edək ki, bazar ertəsi İrəvanda iki mitinq planlaşdırılır. Saat 17.00-da müxalifət parlament binasının qarşısında Baqramyan prospektində, Paşinyanın tərəfdarları isə saat 17.30-da Respublika meydanında toplanacaq. Onu da nəzərə çatdıraq ki, 1 mart 2008-ci il tarixində müxalifət nümayişlərinin dağıdılması zamanı 10 nəfər öldürülmüşdü.

"Siyasi mübarizə qanuniliyin hüdudlarından kənara çıxmamalı, sarsıntılara, toqquşmalara, qarşıdurmalara və qeyri-sabitliyə səbəb olmamalı, ziddiyyətlər dözümsüzlüyə, qarşılıqlı nifrət mühitinə, xüsusən parçalanmaya çevrilməməlidir", deyə prezidentin müraciətdə bildirilir.

Sarkisyana görə ölkənin birliyə və həmrəyliyə ehtiyacı var.

"Xüsusilə bu gün konsolidasiya və tolerantlıq dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət daşıyır", deyə Ermənistan prezidenti fikirlərini ifadə edib.

Xatırladaq ki, Paşinyanın Rus İskəndərləri barədə diqqətsiz ifadələri, ağlına gələni söyləməsindən sonra İrəvanda növbəti siyasi böhran başlayıb. Mətbuatda yayılan məlumatlara görə, Ermənistanın Baş Qərargah rəisinin müavini, baş naziri lağa qoyub, onun ardınca baş qərargah rəisinin istefası təklif edilib. Cümə axşamı səhər Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında bir düşərgə yaradıb, səlahiyyətlilərlə danışıqlar aparmaq və baş nazirin istefasını tələb edir.

Onu da qeyd edək ki, bununla yanaşı erməni baş nazir Nikol Paşinyan da öz tərəfdarlarını meydana çıxarır, onların sıralarına qoşulur. Bir sözlə, Nikol Paşinyan da öz əleyhidarlarına bununla bir mesaj verir. Üstəlik, Paşinyan tərəfdarları ilə Ermənistan müxalifəti arasında təkcə fikir ayrılıqları deyil, həm də bir çox toqquşmalar da müşahidə olunur, hansı ki, bu erməni mediasının yayımladığı, sosial şəbəkələrin erməni seqmentində paylaşılan videokadrlarda da öz əksini tapır. Bütün bunlar isə ondan xəbər verir ki, Ermənistanda qarşıdurmalar, toqquşmalar, hətta vətəndaş müharibəsi də gözləniləndir. Bu barədə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da bir növ proqnoz verib və bildirib ki, vətəndaş müharibəsi erməni xalqı üçün sonun başlanğıcı deməkdir.

Görünür, təkcə ilk erməni prezidenti deyil, elə hazırkı prezident Sarkisyan da eyni şəkildə düşünür və vətəndaş müharibəsi təhlükəsinin varlığı qənaətindədir. Heç şübhəsiz ki, hazırkı Ermənistan prezidentinin müraciətin də vətəndaş müharibəsi qorxusunun təzahürüdür ki, bu da onun həyəcan təbilində özünü büruzə verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə