Milli Prioritetlər konsepsiyası iqtisadi inkişafımıza yeni imkanlar qazandıracaq Ağali Kərimli

"Azərbaycan dövləti bu günə qədər aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində iqtisadi, siyasi, hərbi, elmi və digər sahələrdə böyük uğurlara imza atıb. Xüsusi ilə də, 44 günlük Vətən müharibəsi dövründə parlaq qələbə Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada olduğunu və müəyyən hallarda öz maraqlarının təmin edilməsində diqtə edən tərəf olduğunu nümayiş etdirdi. Təbii ki, hərbi, siyasi qələbələrin təmin olunmasında iqtisadi güc mühüm rol oynayır". Bunu "Səs" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli deyib.

Ağali Kərimli faktlara istinadən bildirdi ki, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə bir sıra vacib dövlət proqramları həyata keçirilib: "Məhz bu proqramların uğurlu icrası nəticəsində, iqtisadiyyatımız sürətlə inkişaf etmiş, əhalinin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Ümumilikdə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub. Davos İqtisadi Forumunun reytinqində iqtisadiyyatın rəqabətqabiliyyətinə görə dünya ölkələri arasında 35-ci yerdə, Dünya Bankının "Doing Biznes" hesabatında 25-ci yerdə olmağımız, təbii ki, yeni tələbləri ortaya çıxarır və iqtisadiyyatımızın daha da möhkəmlənməsi üçün yeni strategiyanın hazırlanmasını vacib edir. İqtisadi artımlara nəzər yetirəndə görürük ki, neft sektoru ilə müqayisədə qeyri-neft sektoru aparıcı mövqe tutur ki, bu da uğurların davamlı olmağını şərtləndirir. 2016-cı ildə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas aparıcı 11 sektoru üzrə Strateji Yol Xəritələri hazırlanaraq, həyata keçirilməsi nəticəsində sənayenin, kənd təsərrüfatının, turizmin, İKT-nin və başqa sahələrin inkişaf edirilməsi üzrə konkret hədəflər müəyyənləşdirildi. 2016, 2017 və 2019-cu illərin iqtisadi uğurları 2020-ci ildə də davam etdirildi. Rəsmi iqtisadi göstəricilərə əsasən demək olar ki, 2019-cu illə müqayisədə 2020-ci ildə ÜDM 3 faiz, sənaye 4,4 faiz, qeyri-neft sənaye 15,6 faiz, əhalinin pul gəlirləri 5,5 faiz, kənd təssərüfatı 3,6 faiz artmışdır. Bütün bu artımların fonunda inflyasiya çox aşağı həddə qalaraq 2,1 faiz olmuşdur. Prezident İlham Əliyevin təsdiq etdiyi "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" proqramı müsbət nəticələr verdi. Bu günə qədə əldə olunan iqtisadi uğurlara əsasən demək olar ki, Strateji Yol Xəritələri 50 faizə qarşı 52 faiz icra olunmuşdur.

Bununla yanaşı, elə sektorlar var ki, o sektorlar üzrə Strateji Yol Xəritələrində göstərilmiş hədəflər başa çatmaq üzrədir. Məhz Strateji Xəritələrin uğurlu icrasının göstəricisidir ki, ölkəmizin 2015-ci ildə 54 milyard manat olan ÜDM-i 2018-ci ildə 80 milyard manata çatmışdır. İnflyasiya 2016-cı ildə 12,4 faizdən 2018-ci ildə 2,3 faizə düşmüşdür. Dövlət büdcəsinin xərcləri 2016-cı ildə 15,8 milyard manatdan 2019-cu ildə 25,2 milyard manata çatmışdır. Ölkəmizin strateji valyuta ehtiyatları 2016-cı ildə 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxmışdır. Şəhid ailələrinə birdəfəlik ödəmə verilmiş, problemli kreditlərə görə fiziki şəxslərə kompensasiyalar ödənilmiş, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artmış, qaçqınlar və məcburi köçkünlər daxil olmaqla bütün növ müavinətlər 100 faiz həcmində artmışdır".

A.Kərimli əminliklə vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti 10 il üçün imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” iqtisadi inkişaf konsepsiyası Azərbaycanın sosial-iqtisadi sahədə inkişafına yeni imkanlar qazandıracaq: "Cənab Prezidentin imzaladığı sənəddə qeyd edilir ki, Azərbaycan postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021–2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Bu isə olduqca mühüm məqamdır. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə dövlətin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.

Sənədin ən mühüm məqamlarından birində qeyd edilir ki, qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından məcburi köçkün düşən insanların Vətənə qayıdışı təmin olunmalıdır. Bu qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və həmin ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək. Azərbaycan Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, iqtisadi müstəqilliyimiz bizə müstəqil xarici siyasət aparmağa imkan yaradır. Bu səbəbdən, milli prioritetlərdə iqtisadiyyatın inkişafına xüsusi önəm verilir. Çünki iqtisadiyyatı davamlı və yüksək templə artırmaqla Azərbaycanda insanın inkişafı, adambaşına düşən milli gəlirin yüksək səviyyəyə qalxması gələcəyin qaçılmaz reallığıdır.

Prezidentimizin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” iqtisadi inkişaf konsepsiyası ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı əhaliminin sosial-rifahının daha da yaxşılaşmasına təkan olacaq".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...