Regionda və dünyada yeni reallıqlar yaranır - ŞƏRH

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi sona çatıb və o, artıq tarixin bir hissəsinə çevrilib"

Dağlıq Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması bütün dünyada, beynəlxalq aləmdə böyük bir hadisə olaraq qəbul edilir. Artıq bütün beynəlxalq aləmdə Azərbaycanın münaqişənin həlli istiqamətindəki addımları təqdir edilir, öyrənilir. Dünya gördü ki, qələbə qazanmaq üçün eyni zamanda güclü müttəfiqlər də olmalıdır. Bu günlərdə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən söyləyib ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

"Azərbaycan beynəlxalq hüququ bərpa edib, regionda və dünyada yeni reallıqlar yaradıb"

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə diqqət çəkirdim, hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim. İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb". Bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: "Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq".

Prezident İlham Əliyev qeyd edib ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.

"Biz heç vaxt olmadığı kimi, indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik"

"Əlbəttə, biz heç vaxt olmadığı kimi, indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik. Çünki indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə hesab edirəm ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər". Bu sözləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: "Ümid edirəm ki, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir. Müharibə zamanı və müharibədən sonra göstərdiyiniz dəstəyə görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm".

"Azad olunmuş əraziləri yenidən qurmaq üçün bizim güclü iradəmiz, imkanlarımız var"

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən bildirib ki, Azərbaycan öz öhdəliklərinə sadiqdir: "Azərbaycan öz öhdəliklərinə sadiqdir. Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq".

Regionumuzun uzun illər ərzində gözlədiyi sülhün bərqərar olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz",-deyən dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi sona çatıb və o, artıq tarixin bir hissəsinə çevrilib: "İndi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir. Əlbəttə, biz bu işə sadiqik, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var".

Bir sözlə, 27 sentyabrda başlanan Vətən Müharibəsində haqq yolunda apardığı Qələbəsindən sonra ardıcıl olaraq xarici dövlətlərin nümayəndələrinin ölkəmizə səfərləri bir daha sübut edir ki, Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır. Dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi: "Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə