Erməni siyasi-ictimai rəyi Rusiya qarşısında diz çöksə də... ANALİTİK

Erməni siyasi-ictimai rəyi Rusiya qarşısında diz çöksə də... ANALİTİK

Azərbaycanın maraqları qarşısında acizliklərini etiraf edirlər

Ermənistanın Konstitusiya məhkəməsinin keçmiş rəhbəri Edqar Kazaryana görə, Qarabağdakı müharibəni Rusiya saxladı və əks halda hadisələr tamamilə başqa istiqamətdə cərəyan edəcəkdi. Onun ikibaşlı münasibətindən isə belə nəticəyə gəlmək olar ki, Rusiya bir tərəfdən Ermənistanın Qarabağdakı məğlubiyyətinə göz yumur, digər tərəfdən isə müxtəlif dəstəkləri ilə siyasi və s. maraqlarını mövqe olaraq möhkəmləndirməyə çalışır.

Konstitusiya məhkəməsinin keçmiş rəhbəri Edqar Kazaryan: “Araik Arutunyan helikopterlə Bakıya aparılır...”

Kazaryan bildirib ki, əgər noyabrın 9-da müharibə dayandırılmasa idi, aydın olacaqdı ki, Araik Arutunyan noyabrın 10-da helikopter vasitəsi ilə Bakıya aparılır. “Orada onu telekameralar qarşısında otuzduraraq Qarabağ ermənilərinə müraciət səsləndirməyi əmr edəcəkdilər”, deyən keçmiş məhkəmə sədri əlavə edib: “Aydın idi ki, Azərbaycan bütün Dağlıq Qarabağ üzərində total nəzarəti təmin etməlidir. Əks halda Qarabağda rus sülhməramlıları yerləşməməli idi. İstənilən halda onlar (ruslar) Dağlıq Qarabağda olmalıydılar, çünki bu, Rusiya Federasiyasının çoxdankı arzusu idi”.

Beləliklə, Kazaryan demək istəyir ki, Ermənistan Rusiyanın müttəfiqi olmasına baxmayaraq, hadisələr Azərbaycanın xeyrinə işləyir. Daha dəqiq desək, rus sülhməramlılarının nəzarət etdikləri bölgələr də Azərbaycana məxsusdur və artıq proseslər də həmin istiqamət üzrə inkişaf edir.

Sabiq məhkəmə sədri: “Dağlıq Qarabağ daha ermənilərin deyil”

SİTAT: “Məhz buna görə bizim Dağlıq Qarabağ üzərində nəzarətimiz yoxdur. Dağlıq Qarabağ daha ermənilərin deyil. Dağlıq Qarabağın böyük hissəsi azərbaycanlılar tərəfindən “ələ keçirilib” (dırnaqlar bizimdir) və ruslar yalnız kiçik bir ərazini saxlamağa müvəffəq olublar ki, bu da geosiyasi problemlərini həll etmələri üçündür”.

Göründüyü kimi, iqtidar, ya da müxalifət təmsilçilərindən fərqli olaraq, Ermənistan Konstitusiyasının sabiq sədri Edqar Kazaryan rusların Qarabağdakı mövcudluqlarını ermənilərin Dağlıq Qarabağı itirmələri qismində təsəvvür edir və onu da bildirir ki, artıq ermənilərin “artsax” ideologiyaları tamamilə iflasa uğrayıb. Həmçinin, Rusiya geosiyasi maraqlarını təmin etmək üçün Azərbaycanın əlinə oynayır.

Erməni hüquqşünası Amram Makinyan: “Araik Arutunyan “fərmanı” Azərbycanın tələbi əsasında imzalayıb”

Bu arada, tanınmış erməni hüquqşünası və vəkili Amram Makinyan da maraqlı düşüncəsini bölüşüb və Qarabağın “suverenliyinin” itirildiyini deyib.

“Qarabağın “suverenliyinin” (dırnaqlar bizimdir) itirilməsinin ilk “qaranquşları” adlı yazısında qondarma “respublikanın” saxta “prezidenti” Araik Arutunyanın fəaliyyətinə toxunan Makinyan yazır: “Araik Arutunyan fevralın 17-də 2022-ci ilin 1 mart tarixinə qədər “yerli idarəetmə orqanlarına seçkilərin” keçirilməyəcəyinə dair faktiki “fərman” imzalayıb. “Fərman” hərbi vəziyyətlə motivizasiya edilir”.

Erməni hüquqşünas xatırladıb ki, “fərman” hərbi əməliyyatların faktiki başa çatdığı və sülhməramlıların mövcud olduqları dövrdə imzalanıb və ən azından, üçtərəfli sənədin imzalanmasının başa çatacağı dövrə qədər hər hansı bir hərbi əməliyyatların yenidən başlaması təhlükəsi yoxdur.

Vəkil: “Kapitulyasiyaya məruz qalmış “hakimiyyət” bu tələblərə sözəbaxan uşaq kimi əməl edir”

Makinyan bu “fərmanın” məhz Azərbaycanın irəli sürdüyü tələbləri əsasında verildiyini iddia edib və bildirib: “Hər halda seçkilərin keçirilməməsi ilə bağlı tələbin Azərbaycan tərəfindən gəldiyini demək mənim hüququmdur və kapitulyasiyaya məruz qalmış “hakimiyyət” bu tələblərə sözəbaxan uşaq kimi əməl edir... Mən demək olar ki, tam şəkildə əminəm ki, bir gün bu barədə də eşidəcəyik”.

Beləliklə, faktlar göz önündədir və bu faktları araşdırdıqca, yaxud müharibə başa çatandan sonra prosesləri, onların ətrafında aparılan erməni müzakirələrini izlədikcə, əslində, düşmən tərəfinin bütün cəhətlərdən başlarını necə itirmələrinin, çar-naçar qalmalarının şahidləri olmaqda davam edirik. Hər halda, ermənilərin bu qədər təlaşlanmaları, hətta müttəfiqlərinin belə onlardan əllərini çəkmələri kimi məsələləri qabartmaları da bu cür qənaətlərə gəlməyə əsas zəminləri yaratmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə