"Görüləcək işlər həm Türkiyəyə, həm də Azərbaycana böyük fayda gətirəcək" AKP Sədrinin birinci müavini

"Görüləcək işlər həm Türkiyəyə, həm də Azərbaycana böyük fayda gətirəcək" AKP Sədrinin birinci müavini

"Partiyalar arasında bundan əvvəl keçirilən konfransda müharibə davam edirdi. Biz o zaman bu müharibənin Azərbaycanın zəfəri ilə başa çatacağına inamımızı ifadə etmişdik. Belə də oldu. Qələbə münasibətilə qəhrəman Azərbaycan ordusunu, Azərbaycan xalqını təbrik edirəm. Qarabağın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Türkiyə Azərbaycanın haqlı mübarizəsində daim onun yanında oldu. Prezident İlham Əliyevin liderli ilə Azərbaycan zəfər qazandı. Bundan sonrakı dövrdə görüləcək işlər həm Türkiyəyə, həm də Azərbaycana böyük fayda gətirəcək". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda keçirilən videokonfransda AKP Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş deyib.

Numan Kurtulmuş deyib ki, Qarabağ zəfəri ilə regionda yeni dövr üçün əməkdaşlıq baxımından qapılar açıldı. Bu zəfər dünyanın yeni düzənə keçdiyi dövrdə xüsusilə əhəmiyyətlidir. Belə həssas dönəmdə Azərbaycan və Türkiyə xüsusilə güclü olmalıdır. Onun sözlərinə görə, hazırda Asiya, Avropa, Rusiya və ABŞ iqtisadi imkanlarını genişləndirmək üçün müxtəlif layihələrlə çıxış edirlər. Bunların sırasında Çinin "Bir kəmər, bir yol" layihəsi cəlbedicidir.

AKP Sədrinin birinci müavini qeyd edib ki, ölkələrimiz arasında iqtisadi münasibətlər daha da inkişaf etdirilməlidir: "Biz indiyədək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri vasitəsilə enerji sahəsində əməkdaşlıq edirik. TANAP layihəsi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti də birgə həyata keçirdiyimiz layihələrin mühüm tərkib hissəsidir. İndi biz Qarabağ zəfərindən sonra yeni imkanlarımızı dəyərləndirməli, yeni layihələr həyata keçirməliyik. Geniş ortaq istehsal imkanları da ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm amildir. Azərbaycanın zəfərindən sonra bölgədə 6 ölkə arasında əməkdaşlıq imkanları yaranıb ki, bu da həmin ölkələrin rifahına əhəmiyyətli təsir göstərəcək. Naxçıvan üzərindən keçəcək yeni yol bu baxımdan əhəmiyyətli rol oynayacaq. Naxçıvan dəhlizinin açılması ön Asiya və Orta Asiyaya çıxış imkanlarımızı daha da genişləndirəcək. Hesab edirəm ki, biz gələcəkdə birgə layihələrimizlə regional aktordan qlobal güc amilinə çevrilməliyik".

Numan Kurtulmuş çıxışının sonunda YAP ilə AKP arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə