Bakı Nəqliyyat Agentliyinin tənqid olunması nəylə bağlıdır? BNA RƏSMİSİ AÇIQLADI

Bakı Nəqliyyat Agentliyinin tənqid olunması nəylə bağlıdır? BNA RƏSMİSİ AÇIQLADI

“Ümumiyyətlə nəqliyyat hər zaman bütün əhalinin diqqətində olan bir sahə olub. Çünki cəmiyyətdəki statusundan, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaş bizim xidmət göstərdiyimiz subyekt hesab olunur. Beləki bizlər ya piyada, ya sərnişin, ya da sürücü qismində nəqliyyat xidmətlərindən istifadə edən şəxslərik. Vətəndaş səhər evindən çıxıb axşam qapısını bağlayıb evinə daxil olana qədər nəqliyyat xidmətlərindən bu və ya digər formada istifadə edir”. Bunu SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev BNA-nın mütəmadi tənqid olunmasına münasibət bildirərkən deyib.

“Tənqidlərlə bağlı fikirlərə gəlincə isə qeyd etmək istərdim ki, Bakı Nəqliyyat Agentliyinin bir neçə fəaliyyət istiqamətləri mövcuddur: “Sərnişindaşıma, yol hərəkətinin təşkili və s. Bunların özü də müəyyən yerlərə ayrılır. Piyada təhlükəsizliyi, sərnişin axının düzgün təşkili və s. Qeyd etmək istərdim ki, xidmət göstərdiyimiz hərəkət iştirakçılarının bir qismi üçün gördüyümüz iş digərlərinin ürəyincə olmur. Nəticə etibarilə bu da sosial şəbəkələrdə və digər platformalarda mənfi kontinentin formalaşmasına gətirib çıxarır. Məsələn bu yaxınlarda jurnalist həmkarlarımızdan biri dayanma-durma və parklanma qaydasını pozduğuna görə cərimə olunub. Onun düzgün və yaxud səhvən cərimə olunduğunu deyə bilmərəm. Həmin şəxs sosial şəbəkədə etirazını bildirir və BNA-nı insanlarda qıcıq yaratmaqda, insanları dövlətə qarşı qaldırmaqda günahlanırır. Daha sonra mən çox rahat formada onun özünün paylaşımına rəy yazdım və xahiş etdim ki, yazılan cərimən protokolunu bizə təqdim etsin ki, vətəndaşın haqlı olub-olmadığını müəyyənləşdirək. Nəticədə nə hasil oldu. Bəlli oldu ki, ümumiyyətlə həmin şəxsə qarşı inzibati məsuliyyət tədbiri BNA əməkdaşları tərəfindən tətbiq olunmayıb. Bu da onun diqqətinə çatdırıldı. Bu kimi hallar yüzlərlə olur. Gün ərzində biz dəfələrlə bu kimi hallarla rastlaşırıq. Piyadaların rahatlığı üçün gördüyümüz işlər sürücülər tərəfindən düzgün qəbul olunmur.

Daha bir misal çəkmək istərdim. Məsələn Rəşid Behbudov küçəsində avtobus zolağı çəkilib Buradan 10 müntəzəm marşurut xətti üzrə gün ərzində təxminən 150-dən çox avtobus hərəkət edir. Gün ərzində buradan 110-120 min sərnişin Rəşid Behbudov küçəsindən keçən avtobuslardan istifadə edir. Bu günün özündə pik saatlarda Rəşid Behbudov küçəsində avtobuslar tam maneəsiz hərəkət edə bilirlər. Amma gəlin görək bu zolağın burada çəkilməsindən hamı razıdırmı? Təbii ki, xeyr. Burada fərdi avtomobil sahibləri, ərazidə müəyyən obyektləri olan şəxslər narazıdır və s. Bu gün insanlar daha çox problemləri qabardırlar”-deyə, qurum rəsmisi aydınlıq gətirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə