“Azərbaycanın etibarlı tərəfdaş və dost olması ən əsas rolu oynayır” ŞƏRH-ÖZƏL
“Əlbəttə ki, İtaliya Avropa Birliyinin ən güclü dövlətlərindən biri olmaqla, Azərbaycanla strateji əməkdaşlığa üstünlük verirsə, bu, bizim üçün əlavə çox böyük bir gücdür, əlavə imkandır. Çünki Avropa Birliyində söz sahibi olaraq İtaliyanın Azərbaycanla bu qədər yaxın olması təbiidir ki, nəticə etibarı ilə Avropa Birliyinin də Azərbaycanla yaxınlaşmasına az töhfə vermir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, o baxımdan İtaliya ilə bizim münasibətlərimizin dəyərləndirilməsi daha doğru, düzgün olar.
“Ümumiyyətlə, niyə İtaliya Azərbaycanla bu qədər yaxın münasibətlərdədir? Niyə İtaliya Cənubi Qafqazda məhz Azərbaycanı seçib? Niyə bir xristian ölkəsi olaraq, Avropa Birliyinin bir üzvü olaraq, bir Qərb ölkəsi olaraq İtaliya, məhz Azərbaycanla münasibətlərə bu qədər üstünlük verir? Bu, səbəbsiz deyil.
İtalyanlar xaraktercə, yəni millət olaraq etibarlı dostdurlar, etibarlı tərəfdaşdırlar və başqalarında da bu cür keyfiyyəti qiymətləndirməyi bacarırlar. Bilirsiniz ki, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır, qəbul edilir. Yəni, Azərbaycanla tərəfdaşlıq edən istər böyük dövlətlər, kiçik dövlətlər olsun, istərsə də Transnasional korporasiyalar, şirkətlər, dünyada söz sahibi olan şirkətlər olsun, onlar məhz Azərbaycanla bu keyfiyyətinə görə iş birliyinə üstünlük verirlər. Azərbaycan dövləti sözünün ağasıdır. Eyni zamanda, Azərbaycan dövlətinin Prezidenti Cənab İlham Əliyev bütün dünyada, özəlliklə də dünya liderləri arasında sözünün ağası olan lider olaraq qəbul edilir. Yəni, Cənab İlham Əliyevin şəxsi keyfiyyətləri həm də Azərbaycan dövlətinin keyfiyyətləri və xarakteri deməkdir. Ona görə də, dünyada sözə dəyər verən, etibara və etimada dəyər verən bütün ölkələr, dövlətlər, eyni zamanda, şirkətlər Azərbaycanla iş birliyində maraqlıdırlar və Azərbaycan dövləti də, əlbəttə ki, bizimlə bərabər tərəfdaşlığa meyil edən hər kəsə öz qapılarını açır.
İtaliya bir dövlətdir, amma bilirsiniz ki, dövlətdən başqa Azərbaycan bir sıra Transnasional şirkətlərə də qapılarını açıb. Dünyanın ən aparıcı şirkətləri Azərbaycan Prezidenti ilə görüşmək üçün demək olar ki, bütün mümkün vasitələrdən istifadə edirlər, onunla danışıqlar aparır, təkliflər verir, Azərbaycanda iş qurmaq, yaxud da Azərbaycanı öz şəbəkələrinə qoşmaq üçün çalışırlar. Sözümün canı odur ki, İtaliya və itlyanların özləri sözünün ağası olan, etibarda və etimadda qüsur etməyən insanlarla, dövlətlərlə iş birliyinə üstünlük verirlər. Ona görə də Azərbaycanla bu qədər yaxın münasibətdədirlər, ona görə də Azərbaycana bu qədər maraq göstərirlər, ona görə də İtaliya mediası 44 günlük vətən müharibəsi dövründə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün obyektiv yanaşma sərgilədi. Ona görə də İtaliyanın bir sıra siyasət adamları, siyasi xadimləri Azərbaycan Prezidenti başda olmaqla bizim siyasilərlə, dövlətimizlə iş birliyinə bu qədər önəm verir. Yəni, demək istədiyim odur ki, İtaliya dövləti məhz bu xüsusiyyətlərinə görə, Azərbaycan Prezidentinin sözünün ağası olması, etibarlı, dost və tərəfdaş olması, eyni zamanda, onun başçılıq etdiyi dövlətin də eyni keyfiyyətləri daşıması baxımından bizə bu qədər maraq göstərib, yaxınlıq edirlər.
Əlbəttə ki, bu, başqa dövlətlər üçün də bir örnəkdir. İtaliya tək deyil, bizə maraq göstərən, bizimlə tərəfdaşlıq edən və etmək istəyən dövlətlərin sayı dünyada həddən artıq çoxdur. Təbiidir ki, qeyd etdiyimiz kimi, Azərbaycanın məhz etibarlı tərəfdaş və etibarlı dost olması burada ən əsas rolu oynayır”, deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB