Rauf Nəcəfli: “Əgər erməni Qarabağa avtobusla gəlibsə, yenə də gedib və geri dönübsə - o bir erməni kimi, yoxsa iki erməni kimi hesaba alınır?”
2020-ci il noyabrın 10-da, daha dəqiq desək, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabırn 27-dən başlanan hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli atəşkəs razılaşması imzalan zaman bütövlükdə Dağlıq Qarabağ ərazisində cəmi bir neçə yüz erməni sakin qalmışdı. Şəhər və kəndlər boşalmış, ermənilər kütləvi şəkildə oraları tərk edərək qaçmışdılar.
Qeyd edək ki, bunu rəsmi erməni mənbələri də bildirir və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan da İrəvanda parlament dinləmələri zamanı etdiyi çıxışında sözügedən məsələ barədə danışıb.
Ermənilərlə rusların statistikası üst-üstə düşmür
Onun sözlərinə görə, artıq Dağlıq Qarabağdakı ermənilərin sayı 100 min nəfərdən çoxdur və onların əksəriyyəti geri dönməkdədirlər. Ancaq erməni nazirinin təqdim etdiyi “statistikanı” məhz erməni KİV-ləri və müxtəlif sosial şəbəkələrdə çıxış edən ictimai-siyasi adamları təkzib edirlər. Onlar Dağlıq Qarabağda yaşayan ermənilərin sayı barədə rəqəmlərin elə müharibədən əvvəl də doğru olmadığını göstərməklə yanaşı, rəsmi iddiaların həqiqəti əks etdirmədiyini bilririrlər.
SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı epress.am saytı yazır ki, Arakelyanın təqdim etdiyi statistikası nədənsə Rusiya tərəfinin statistikası ilə üst-üstə düşmür. Belə ki, Rusiya tərəfinin iddiasına görə, noyabrın 10-dan fevralın 2-nə qədər Qarabağa 51 min 947 nəfər qayıdıb. Bu baxımdan sual yaranır ki, əgər noyabrın 10-da Qarabağda cəmi bir neçə yüz erməni qalmışdısa – hansı ki, Azərbaycan Ordusunun Şuşanı azad etməsinin ardınca Qarabağda yaşayan ermənilər Kəlbəcər yolu ilə kütləvi şəkildə Ermənistana axın edirdilər, onda indiki məqamda onların sayı 100 minə necə çata, ya da çatdırıla bilər? Və yaxud, Rusiya sülhməramlıları təxminən 60 minə yaxın ermənini geriyə qaytarıbsa, yerdə qalan 40 min erməni hansı yollarla Dağlıq Qarabağa geri dönüblər? Çünki bildiyimiz kimi, Ermənistandan Dağlıq Qarabağa ancaq Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizi ilə geçmək mümkündür.
Ermənilərin sayı barədə rəqəmlərin şişirdilmiş olduğunu Ermənistanda da dolayısı ilə təsdiq etməli olurlar
Bundan əvvəl isə erməni tərəfi geri qayıdanlar barədə rəqəmlərdə Rusiya tərəfinin təqdim etdiyi statistika ilə həmin uyğunsuzluğu belə izah etmişdilər ki, guya Kəlbəcər Azərbaycanın nəzarətinə qaytarılana qədər Vardenis-Kəlbəcər-Ağdərə yolu ilə geri qayıdanların sayı 40 min nəfərə (?-R.R.) yaxın olub. Halbuki, göstərilən rəqəmə heç Ermənistanda da inanan olmamışdı və maraqlıdır ki, həmin zamandan indiyə qədər geri qayıdanlar barədə ziddiyyətli statistikanı şərh edən də yoxdur.
Arakelyan onu da iddia edib ki, Azərbaycanın nəzarətinə keçən ərazilərdə yaşayanların sayı 40 min nəfərə yaxın olub və onlardan 20 min nəfərə yaxını hazırda Ermənistanda yaşayır. 5 min nəfərə yaxın erməni isə Dağlıq Qarabağa, yəni Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə qayıdıb. Bu zaman növbəti bir sual yaranır ki: onda yerdə qalan 15 min erməni haraya yoxa çıxıb? Bu ziddiyətli məqama da heç bir aydınlıq gətirilməyib. Bu baxımdan, artıq belə bir nəticəyə də gəlmək mümkündür ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərin sayı barədə rəqəmlərin şişirdilmiş olduğunu Ermənistanda da dolayısı ilə təsdiq etməli olurlar. Hansı ki, Azərbaycanın hesablamalarına görə bu ermənilərin sayı işğalçı qüvvələrin şəxsi heyətini çıxmaqla heç də 60-70 min nəfərdən çox olmayıb.
Bu arada, postsovet məkanının bu gün də məşhur intellektual tele-yarışı kimi tanınan “Что? Где? Когда?” (“Kim? Harada? Nə vaxt?”) klubunun azərbaycanlı üzvü, www.gametv.az prodüsser mərkəzinin baş redaktoru Rauf Nəcəfli Qarabağ ermənilərinin İrəvandan geriyə qaytarılmaları ilə bağlı kifayət qədər düşündürücü və reallığı əks etdirən ironik sualla çıxış edib.
“Əgər erməni Qarabağa avtobusla gəlibsə, yenə də gedib və geri dönübsə - o bir erməni kimi, yoxsa iki erməni kimi hesaba alınır?”, deyə Nəcəfli soruşub. Çox yəqin ki, erməni tərəfi bu suala cavab verməyəcək, çünki gerçəkliyi əkd etdirən bu suala cavab vermək düşmən tərəfinə ümumiyyətlə sərf etmir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB