İlham Əliyev: "İtalyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar"
Dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə töhfələrini verən Azərbaycan dünyada yüksək imicə malik olan ölkədir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Bu sırada İtaliya ölkəmiz üçün ən mühüm tərəfdaşlardan biridir. İkitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəltmişdir. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb.
"…BİZ İTALYAN XALQININ BİZİMLƏ HƏMRƏY OLDUĞUNUN ŞAHİDİ OLDUQ"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın "Maire Tecnimont Group" şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib: "Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir".
Əlbəttə ki, Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Cənab Prezidentin vurğuladığı kimi, keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti oldu. Qonaqlar ölkəmizə səfərləri çərçivəsində Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfər edib, onlar Ermənistan tərəfindən törədilən hərbi cinayətlərlə yaxından tanış olmuşdular.
Erməni vəhşiliyi, vandallığı bu gün işğaldan azad olunan bölgələrə səfər edən hər kəsi təəccübləndirdiyi kimi italyanları da təəsübləndirib. "Qafqazın Xirosiması" adlanan Ağdamada yeganə salamat bina şəhər məscididir. Bu müqəddəs məkanda da ermənilər ondan donuz tövləsi kimi istifadə ediblər. Bütün bunlara baxmayaraq Azərbaycanın bütün bölgələri abadlaşacaqdır.
"AZƏRBAYCAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ HƏYATI BƏRPA ETMƏK ÜÇÜN ZƏRURİ OLAN BÜTÜN TƏDBİRLƏRİ GÖRƏCƏK"
Artıq Azərbaycanın qarşısında yeni yollar açılır, yeni, qaynar bir dövr başlayır. Bildiyimiz kimi, işğaldan azad olunan bölgələrdə artıq infrastruktur layihələr həyata keçirilir. Cənab Prezidentin qeyd etdiyi kimi, indi tariximizin yeni səhifəsidir: "Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq". Dövlət başçısı onu da bildirib ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar: "Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir".
BAKIDA İTALİYA-AZƏRBAYCAN UNİVERSİTETİ TƏSİS EDİLƏCƏK
Qeyd edək ki, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır və Azərbaycanda yüzə qədər İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə həm özəl sektorla, həm dövlət qurumları ilə əməkdaşlıq edir, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu iş birliyi yaradılıb. İki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşıb, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir. Görüləcək işlər kifayət qədərdir. Bakıda İtaliya-Azərbaycan Universiteti təsis ediləcək. Dövlət başçısı diqqətə çatdırıb ki, biz artıq yer ayırmışıq: "Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılmışdır. Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik. Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. Bu, həmçinin ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB