Prezidentin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutu - ŞƏRH

Prezidentin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutu - ŞƏRH

Prezident İlham Əliyev: "Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, istədiyinə nail oldu"

Bəli, bu gün bütün sahələrdə həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin uğurlu sosial siyasətinin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir.

Xüsusilə də, bu gün dünyanı çalxalayan koronavirus pandemiyası bütün inkişaf etmiş dövlətləri iflic vəziyyətinə salıb. Lakin Azərbaycan ilk gündən unikal tədbirlər keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu reallıqdır. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Bu, dövlət başçımızın dövlətləri və millətləri birləşdirən siyasətidir və bu siyasət Azərbaycan tərəfindən təqdim olunur, öyrənilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirakı zamanı xəstəxanada yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 4 hektar sahədə inşa olunan 150 çarpayılıq tibb müəssisəsi Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən zəruri avadanlıqla təchiz edilib. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub.

Yeni tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələlərə toxunub, həmçinin bütün dünyanı ağuşuna alan koronavirusa qarşı mübarizədə Azərbaycanın apardığı işlərdən danışıb.

"Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir"

Prezident İlham Əliyev səhiyyə sahəsində əldə olunan nailiyyətlərdən danışaraq bildirib ki, bu gün yeni tikilən xəstəxanalar səhiyyə sahəsindəki fəaliyyətimizi realllığıdır: "Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir. Bildiyiniz kimi, son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Ona görə əminəm ki, bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb".

"Bir də ki, xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Burada 200-dən çox həkim və bütövlükdə 600-dən artıq tibb işçisi çalışacaq və təbii ki, onların da iş şəraiti müsbətə doğru dəyişir. Əminəm ki, burada göstəriləcək tibbi xidmət vətəndaşların sağlamlığını təmin edəcək, bərpa edəcək",-deyən dövlət başçısı bildirib ki, artıq Abşeron rayonunda müasir xəstəxananın fəaliyyəti deyilənlərin göstəricisidir: "Xəstəxananın inşası bir daha onu göstərir ki, bu sahədəki fəaliyyətimiz ardıcıl şəkildə davam etdirilir və Abşeron rayonunda da müasir xəstəxana artıq fəaliyyət göstərir. Bunun üstünlüyü, eyni zamanda, ondadır ki, bu vaxta qədər müxtəlif tibb müəssisələri fərqli-fərqli yerlərdə məskunlaşmışdı, amma indi burada artıq həm xəstəxana, poliklinika, uşaq poliklinikası, doğum şöbəsi, təcili tibbi yardım şöbəsi – bütün şöbələr bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə ki, bu, insanların rahatlığı üçün də çox önəmlidir".

"Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, istədiyinə nail oldu"

"Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, istədiyinə nail oldu. Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynayıb. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər və bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Yəni, bu, çox böyük rəqəmdir".

Bu barədə Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirlərindən danışarkən bildirib.

Dövlətimizin başçısı onu da deyib ki, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi ilə məşğul olan Azrbaycan olub: "Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi ilə məşğul olmağa başlamışdıq və hesab edirəm ki, burada da liderlik göstərdik. Çünki bizdən sonra bir çox ölkələr oxşar addımlar atmışdır. Ancaq istehsalçılar artıq çatdıra bilmirdilər. Biz isə modul tipli 13 xəstəxananı Azərbaycana gətirdik, quraşdırdıq. İndi bizdə xəstəxana fondu tam imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər həll olunsun və həm palatalar, həm reanimasiya palataları kifayət qədərdir".

Dövlət başçısı, əmçinin bildirib ki, bunun və eyni zamanda, son həftələr ərzində dövlət siyasəti nəticəsində müsbət dinamika müşahidə olunur, sağalanların sayı xəstələnənlərin sayından xeyli çoxdur. “Hesab edirəm ki, vaksinasiya başladığı üçün bu sahədə daha da uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi yumşalma mərhələsinə qədəm qoymuşuq. Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik, vəziyyətə uyğun şəkildə addımlar atırdıq ki, insanların sağlamlığını qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə çətinliklər yaratmayaq. Yəni, biz daim bu məsələyə çox həssaslıqla yanaşmışıq ki, bu iki vacib məsələni həll edək - insanların sağlamlığı, onların rahatlığı və necə deyərlər, mənəvi durumu".

"Pandemiya dövründə xarici ölkələrə yardım etməyi özümüzə borc bildik"

"Pandemiya dövründə xarici ölkələrə yardım etməyi bir məsuliyyətli ölkə kimi özümüzə borc bildik. Xüsusilə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi mütləq bunu etməli idi. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Belə olan halda, biz hesab edirik ki, mütləq imkan daxilində bu yardımı etməliyik. Beləliklə, bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib",-deyən dövlət başçısı müsahibəsində bildirilib.

Azərbaycan beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin ilk təşəbbüskarıdır

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin ilk təşəbbüskarı olduğunu qeyd edib: "Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşü COVID-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs yəqin ki, onların fikirlərinə görə gərək daha əvvəl razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı çıxmışdır və bu da böyük təəccüb doğururdu. Yəni, Ermənistanda azərbaycanafobiyanın nə qədər böyük olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi və bu, müharibədən əvvəl olan hadisə idi".

BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxışını xatırladan dövlət başçısı bildirib: "Mən Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırmışdım ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük".

"Hər il 5 milyon insanı tibbi müayinədən keçirmək böyük təşkilatçılıq və maliyyə resursları tələb edir"

Prezident İlham Əliyev ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərdiyini bildirib: "Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq",-deyən dövlət başçısı bildirib ki, səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi: "Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi. Bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Əgər biz buna nail olmasaydı q, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi. Hesab edirəm ki, bu da böyük nailiyyətdir". Dövlət hesabına 5 milyon insanı - ölkə əhalisinin yarısını tibbi müayinədən keçirməyin böyük təşkilatçılıq və maliyyə resursları tələb etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, biz indi, icbari tibbi sığorta sisteminə keçmişik: "Azərbaycan nadir ölkələrdəndir ki, bu təşəbbüsü həm irəli sürüb, həm də bunu reallaşdırıb. Eyni zamanda, bildiyiniz kimi biz indi, icbari tibbi sığorta sisteminə keçmişik. Bu keçid də mərhələli yollarla həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədə idi. Ona görə biz artıq bu sistemə də keçmişik. Əgər müasir xəstəxana fondu olmasaydı, buna keçmək mümkün olmazdı. Yəni, biz hər şeyi ardıcıllıqla edirik və yəqin ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi istiqamətində addımlar atılacaqdır".

"Bu gün pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır"

Prezident İlham Əliyev müsahibə zamanı beynəlxalq təşkilatların Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib: "Ancaq əsas vəzifəmiz ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli deyildi ki, bu xəstəliyin hansı təhlükələri, yaxud da ki, hansı fəsadları ola bilər və bu gün də tam axıra qədər tədqiqatlar aparılmayıb. Ona görə biz ilk günlərdən bu addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışmışıq".

Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizənin «Azərbaycan modeli» haqqında danışdığını, görülən işlərə yüksək qiymət verdiyini qeyd edən dövlətimizin başçısı deyib: "Eyni zamanda, bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan "Gallup" da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Bu, özlüyündə bir göstəricidir və onu göstərir ki, biz düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti demişik. Hər zaman vətəndaşlara problem yarada biləcək hansısa məhdudiyyətlər haqqında danışanda deyirdik ki, bu, zəruridir, bu, labüddür, bunu biz etməsək, böyük problemlərlə üzləşə bilərik, bizim səhiyyə sistemimiz artan xəstələrin müalicəsi ilə bağlı öz resurslarını səfərbər edə bilməyəcək. Şadam ki, bizim bütün çağırışlarımız vətəndaşlar tərəfindən də anlayışla qarşılandı. Nəticə etibarilə həm dövlət siyasəti, həm vətəndaşların artan məsuliyyəti imkan verdi ki, bu gün vəziyyət nəzarət altındadır".

Bir sözdə, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır və xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha böyük nailiyyətlərə imza atacağının şahidi olacaqlar.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə