Sursatların məhv edilmə prosesi

Hərbçilər Qarabağdakı döyüş sursatlarının məhv edilmə prosesini kameranın yaddaşına köçürüblər. SİA RİA Novosti Agentliyinin məlumatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin rusiyalı mütəxəssisləri Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsi üzrə işləri davam etdirirlər.

Hazırda rusiyalı mütəxəssislər Xocavənd qəsəbəsi yaxınlığında işləyirlər.

İnformasiyada qeyd olunur ki, sülhməramlılar təhlükəsizliyi təmin etmək və ərazini yüksək səviyyədə təmizləmək üçün müasir "Uran-6" robot sistemlərindən istifadə edirlər. Bildirilir ki, tapılan partlayıcı obyektlər xüsusi təchiz edilmiş poliqonda məhv edilir.

Müdafiə Nazirliyinin təqdim etdiyi videoda da döyüş sursatlarının məhv edilməsi öz əksini tapır. "23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat nəticəsində Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 859,3 hektar ərazini, 245,8 km yolu, 27 sosial əhəmiyyətli obyekt daxil olmaqla 962 mənzil tikintisini və 24 minə yaxın obyekti partlayıcı maddədən, partlamamış hərbi sursatlardan təmizləyib", deyə informasiyada bildirilir.

Xatırladaq ki, 9 noyabrda Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda atəşkəsə dair ortaq bir saziş qəbul ediblər. Razılaşmaların həyata keçirilməsini və hərbi əməliyyatların dayandırılmasını izləmək üçün Rusiya sülhməramlıları münaqişə zonasına göndərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə