“Ermənistan parlamenti buraxıla bilər” “Haykakan Jamanak” yazır

Ermənistan hakimiyyəti parlamentə buraxılmaq, ləğv olunmaq hüququ vermək istəyir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Haykakan Jamanak” yazı dərc edib.
Nəşrin qeyd etdiyi kimi, hakim parlament fraksiyası Ermənistandakı daxili siyasi böhran fonunda konstitusiya dəyişiklikləri layihəsini müzakirə edir.
“Hakim "Mənim Addımım" fraksiyası konstitusiya dəyişiklikləri layihəsini nəzərdən keçirir, qəbul edilsə Ermənistan parlamenti özünü ləğv etmək hüququna sahib olacaq”, deyə "Haykakan Jamanak" qəzeti yazır.
Qəzetin yazdığına görə, layihəyə əsasən, Ermənistan Konstitusiyasının 92-ci maddəsinə deputat sayının 3/5 hissəsinin qərarı ilə parlamentin buraxılması ilə erkən seçkilərin keçirilə biləcəyi bir bənd əlavə edilməsi nəzərdə tutulur. Seçkilərin vaxtının dəyişdirilməsi də təklif edilir.
Qeyd edək ki, Ermənistanın mövcud Konstitusiyasına görə, hökumət başçısının istefasından sonra deputatlar iki iclasda yeni baş nazir seçə bilməyəcəyi təqdirdə parlament buraxıla bilər. Parlament üzvləri hökumətin proqramını təsdiqləməsə, Milli Məclis də buraxılır. Konstitusiyaya görə, erkən parlament seçkiləri qanunverici orqanın ləğv edilməsindən 30 gündən və 45 gündən gec olmayaraq keçirilir.
Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları davam edir. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə öz namizədlərini, “Vətənin Qurtuluşu Hərəkatı”nın lideri Vazgen Manukyanı irəli sürürlər.
Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, səlahiyyətlilər bu il erkən parlament seçkilərinin təşkili təklifi ilə çıxış edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə