Erməni könüllüsü: “Bir gündə 300-400, hətta 500 nəfər ölürdü” REALLIQ

“Rəsmi xəbərlərdə bildirirdilər ki, gün ərzində 13-15 nəfər həlak olur. Amma gözümün şahidi olmuşam ki, bir gündə 300-400, hətta 500 nəfər ölürdü”. SİA xəbər verir ki, bunu ikinci Qarabağ müharibəsində iştirak etmiş erməni könüllüsü Ermənistanda yayımlanan internet TV-lərdən birinə verdiyi müsahibəsində bildirib.

“Mənə 1971-ci ilin avtomat silahını vermişdilər. İki dəfə atəş açmaq istədim, atmadı. Yalnız bir neçə gün sonra onu dəyişdirdilər. Nə gecəgörmə cihazlarımız, nə də digər sursatımız yox idi. İstəyəndə deyirdilər ki, Rusiyada tanışlarınız varsa, deyin onlar alıb-göndərsinlər”, deyə o bildirib və qeyd edib ki, hazırda revanşizmdən danışanların əksəriyyəti həmin müharibədəki vəziyyətdən bixəbərdirlər.

“Yenidən müharibə başlasa, 100% heç kim getməyəcək”

Erməni silahlı birləşmələrinin silah-sursatları, texnikaları necə atıb-qaçdıqlarını deyən erməni könüllüsü bildirib ki, hətta minalarla dolu olan maşınlar bu gün də işlədilməmiş vəziyyətdə mövqelərdə qalmaqdadır. Hərbi maşınlar isə köhnə və yararsız vəziyyətdə idi, xodlanmırdılar. Lazım olarsa, onların yerlərini göstərə bilər. Hamısı necə aparılıbsa, orada da qalıb.

“Yenidən müharibə başlasa kim gedəcək? Nə ilə gedəcək? Kürəklə, yoxsa qazma ilə? Məgər belə müharibə aparmaq olar? 100 faiz heç kim getməyəcək”, deyən erməni könüllüsü qeyd edib ki, müharibəyə qədər o və digərləri belə düşünmürdülər: “Biz müharibəyə gedəndə elə bilirdik ki, həbri təchizat tam şəkildə təmin olunacaq. Ancaq müharibəyə gedəndən sonra uşaqları zirehli gödəkçələrsiz, dəbilqəsiz, hətta botinkasız göndərirlər. Tələb edəndə də deyirdilər ki, yoxdur, gözləyin, iki gündən, üç gündən sonra verəcəklər”.

“Əgər deyirlərsə bu müharibə erməni əsgərləri üçün ət maşını idi, bu, doğrudur”

“Sonra isə nəinki iki-üç gün, artıq 2-3 saatdan sonra həmin uşaqlar yox olurdular, ölürdülər”, deyən erməni könüllüsünə görə, postları saxlamaq mümkün deyildi: “Yağışda, gecə vaxtı postu necə saxlamalıydıq? Qazma-kürəklə? Kamikadzelər, PUA-lar havaya qalxırdı və hər yeri bombalayırdı, vəssəlam”.

“Biz özümüz nə qədər adamları torpaq altından çıxarıb sonra da dəfn edirdik”, deyən müsahib bildirib ki, onların ayaqları, yarı bölünmüş bədənlərini, qollarını ayrı-ayrılıqda, hətta tamamilə yanmış kül halında tapıb-dəfn edirdilər: “Sanki ikinci Əfqanıstan idi, Suriya idi. Qarabağ bu qədər vaxtda belə bir müharibə görməmişdi. Əgər deyirlərsə bu müharibə erməni əsgərləri üçün ət maşını idi, bu, doğrudur”.

"Bizimlə onların (azərbaycanlıların) birgə yaşamaları mümkün deyil"

Onun sözlərinə görə, insanlar artıq geri dönmək fikrində deyillər. “Əgər Ağdam Azərbaycan tərəfdədirsə, demək, Əsgərana heç kim geri qayıtmayacaq. Oraları iki km məsafə ayırır. Adamlar evlərini satmağa başlayıblar. Sata bilməyənlər isə yandırıblar. Bizimlə onların (azərbaycanlıların) birgə yaşamaları mümkün deyil. Heç nəyə görə bu qədər adamları itirdik. Deyərdilər ki, 7 rayonu geri qaytarırıq, adamlar da bunu anlayacaqdılar. Amma bu, baş vermədi”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə