Səbail rayonunda anım tədbiri keçirilib FOTOLAR

Səbail rayonu 6 nömrəli məktəb-liseyin müəllim-şagird kollektivi və YAP Səbail rayon təşkilatının üzvləri onlayn formatda keçirilən və 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan anım tədbirində müstəqilliyimizin ilk Şəhidlərinin əbədi xatirəsini ehtiramla yad ediblər. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən xanım Orucova, rayon ictimaiyyətinin nümayəndələri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, gənclər, məktəblilər iştirak edib.

Anım tədbirində ilk öncə Dövlət Himni səsləndirildi və 20 Yanvar Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

6 nömrəli məktəb-liseyin şagirdləri 1990-cı il 20 Yanvar faciəsinə, insanlığa qarşı cinayət olan bu dəhşətli qətliamın qurbanlarına və müstəqilliyimizin ilk Şəhidlərinin xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiyanı onlayn formatda ifa ediblər. Məktəblilər qan yaddaşımıza həkk olunan və milli iradəmizin zəfər çaldığı 20 Yanvar qəhrəmanlıq gününə həsr olunan şerlər səsləndirdilər, musiqi kompozisiyaları ifa ediblər. Həmçinin məktəb şagirdlərinin “20 Yanvar faciəsi”nə həsr olunan rəsmləri də nümayiş olundu. Məktəblilərin çıxışlarında xüsusilə qeyd olunub ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alınıb, qəhrəman oğul və qızlarımızın ruhu şaddır və Azərbaycan xalqı 20 Yanvar faciəsinin 31-ci ildönümünü andığımız bugünlərdə ötən illər ərzində bu il ilk dəfədir ki, Şəhidlər Xiyabanına başıuca və qürurla gedir. Vətən müharibəsində Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazıb.

Çıxış edən 6 nömrəli məktəb-liseyin direktoru Gülşən xanım Orucova yüksək vətənpərlik ruhunda formalaşan müasir Azərbaycan gənclərinin təlim-tərbiyəsi və ölkəmizdə təhsilə göstərilən diqqət və qayğı haqqında danışaraq bildirib ki, Vətən müharibəsində bütün dünya görüb ki, Azərbaycanda Vətəninə, dövlətinə, torpağına bağlı necə qəhrəman, döyüşkən və fədakar gənclər formalaşıb. Biz Prezidentimizlə, döyüş meydanında böyük şücaət, mərdlik, milli ruh nümayiş etdirən qəhrəman gənclərimiz, əsgər və zabitlərimiz, Ordumuzla qürur duyuruq. Bu gənc nəsli tərbiyə edən valideynlərimizlə, müəllimlərimizlə fəxr edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətənimizi bütün dünya miqyasında tanıtdı və əminik ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda Şəhadət zirvəsinə ucalan bütün Şəhidlərimizin ruhu şaddır, çünki uzun illik həsrətə nəhayət son qoyuldu və Azərbaycan bayrağı bu gün bütöv, azad Azərbaycan üzərində vüqar və şərəflə dalğalanır.

YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev xalqımızın həyatında ən ağrılı və hüznlü, eyni zamanda böyük qəhrəmanlıq, milli özünüdərk günlərindən biri olan 20 Yanvar 1990-ci il faciəsinin tarixindən, Sovet İmperiyası tərəfindən Bakıda Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli qətliamın səbəblərindən və tarixi ibrət dərslərindən danışdı. Diqqətə çatdırıldı ki, Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə malik olan və genetik olaraq azadlığına, müstəqilliyinə bağlı mübariz xalqdır. Tarixin bütün dövrlərində müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqının azadlıq ruhunu heç bir qüvvə məhv edə bilməmiş və 1918-ci ildə məhz Azərbaycanda müsəlman Şərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. XX əsrin 80-90-cı illərində Sovet imperiyasının son nəfəsini yaşadığı dövrdə digər ittifaq respublikalarında olduğu kimi Azərbaycanda da milli azadlıq hərəkatı geniş vüsət almış və 1988-ci ildə əsl meydan hərəkatına çevrilmişdir. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda Sovet qoşunu tərəfindən amansız qətliam törədilmiş, lakin böyük faciə olan bu hadisə qəhrəman Azərbaycan xalqının müstəqillik əzmini, milli iradəsini qıra bilməmişdir. Ş.Hacıyev xüsusi vurğuladı ki, hamının qorxudan susduğu o ağır günlərdə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının faciəsinə biganə qalmadı, rəhbər vəzifədən uzaqlaşdırılmasına, səhhətindəki problemlərə və ev dustaqlığında olmasına baxmayaq 20 Yanvar faciəsinin səhərisi Azərbaycanın Moskvadakı nümayəndiliyinə gəlib. Bütün dünya mətbuatı qarşısında cəsarətlə tarixi bəyanat verən Ümummilli Liderimiz Azərbaycan xalqına qarşı bu qanlı cinayəti törədənləri, əli qana batmış qatil Qorbaçovu ifşa etdi və öz xalqına qarşı bu xəyanəti edən İmperiyanın puç olmağa məhkum olduğunu bildirib. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin rolunu diqqətə çatdıran Ş.Hacıyev bildirib ki, “20 Yanvar gecəsi hər bir azərbaycanlı üçün müstəqilliyimizə aparan yolda qəhrəmanlıq dastanına çevrilib. Şəhidlərimizin əbədiyaşar xatirəsini daim əziz tutan Azərbaycan xalqı Birinci Qarabağ Müharibəsində və 2020-ci il Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşən igidlər yetişdirdi. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 il işğal altında olan torpaqlarımızı mənfur düşmən tapdağından xilas etdi. Azərbaycan Vətən müharibəsinin qalibi oldu. Bu misilsiz nailiyyət və Şanlı Qarabağ Zəfəri ölkəmizdə aparılan düzgün idarəetmə və gənclər siyasətinin nəticəsidir. Məhz bu siyasət və bütün Şəhidlərimizin, qazilərimizin şücaəti, mətanəti, fədakarlığı nəticəsində bu gün Azərbaycan xalqı məğrur, qalib ölkənin vətəndaşlarıdır. Azərbaycan xalqı daim bütün Şəhidlərimizin əbədi xatirəsini yaşadacaq və onların ruhları qarşısında dərin ehtiramlarını bildirəcəkdir. Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!”.

YAP Səbail rayon “Qurucular” (Bakı şəhər İcra Hakimiyyəti) ərazi ilk partiya təşkilatının sədri Elmin İmanov çıxışında qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının yenilməzliyini, qəhrəmanlığını, heç bir əsarətə baş əyməyəcəyini sübut edən tarix salnaməsidir. Vətənini sevmək, müqəddəs torpaq üçün can verib fədakarlıq göstərmək üçün öz tarixi, qan yaddaşını yaxşı bilmək lazımdır. Məhz bu məqamda müəllimlərin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişdirilməsindəki əvəzsiz rolu və məsuliyyəti yaranır. E.İmanov bildirdi ki, Vətən müharibəsində hər kəs gördü ki, Azərbaycan təhsili hər qarış Vətən torpağı üçün son damla qanına qədər qəhərmanlıqla döyüşən və canını Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda fəda verən neçə-neçə igidlər formalaşdırıb. Bu xalq böyük Qələbələrə layiq xalqdır. Çünki xalqımız əziz Prezidentimiz, qalib Ordunun Ali Baş Komandanı İlham Əliyevə güvənir, Ona arxalanır, Ona inanır. Azərbaycanımızın gələcəyi çox parlaqdır və etibarlı əllərdədir.

Sonra Anım tədbirinə yekun vuruldu. Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...