Azadlığa gedən qanlı yol - AÇIQLAMA ÖZƏL

"Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşıb, coğrafi yerləşmə baxımından hər zaman hücumlara məruz qalıb. Tarixin ən ağır sınaqlarından çıxan fədakar və əyilməz Azərbaycan Xalqının azadlığı da asan olmayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qızıl ordusu fövqəladə vəziyyət elan edilmədən yeridildi, dinc əhaliyə divan tutuldu, yüzlərlə insan yaralandı və qətlə yetirildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirdi, 20 nəfəri ölümcül yaraladı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda, yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi. Beləliklə, Bakıda və respublika rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar həmçinin, təcili yardım işçiləri və polislər olub. Keçmiş SSRİ-i öz konstitusiyasını kobudcasına pozaraq, Azərbaycan Respublikasının suveren hüquqlarını tapdalayıb. Bu, süqut etməkdə və çökməkdə olan nəhəng imperiyanın axırıncı və ən böyük səhvi oldu. Sovet ordusunun Bakını zəbt etməsi hesablanmış, xüsusi qəddarlıq və misli görünməmiş vəhşilikləri ilə Azərbaycan tarixinə qara hərflərlə həkk olundu". Bunu SİA-ya açıqlamasında YAP Sabunçu rayon təşkilatı GB-nin sədr müavini Misirxan Həsənov deyib.

Onun sözlərinə görə, hər zaman olduğu kimi, bu dəfə də ömrünü xalqına həsr etmiş böyük şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, məcburi təqaüdə göndərilmiş Ümummilli Lider Heydər Əliyev olanlara göz yummadı, xalqını müdafiə etmək üçün özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, buraya yığışmış azərbaycanlılar qarşısında çıxış etdi: "Vətəninə olan sevgisi ilə qorxmadan və çəkinmədən imperiya siyasətini, Qorbaçovun xalqımıza qarşı məkrli siyasətini pisləyərək, kəskin tənqid etdi. Qanlı gecənin törədilməsi səbəblərini açıqlayan Heydər Əliyev, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Bundan sonra Ümummilli Lider Heydər Əliyev elə həmin tarixdə Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə, Azərbaycan xalqına 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı teleqramı göndərib, teleqramın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm nitqində oxunmasını xahiş etsə də, həmin teleqramın rəsmi mətbuatda dərc edilməsi məsləhət belə bilinməyib".

M.Həsənov vurğulayıb ki, xalqımızın qanlı tarixinə çevrilən 20 yanvar faciəsinə Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar: "Başları ancaq hakimiyyəti bölüşdürməyə qarışıq idi. Qanlı Faciə isə heç kimin yadına belə düşmürdü. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra yanvar faciəsini törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi üçün əlindən gələni etdi, hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və hüquqi qiymət almasından ötrü vacib olan bütün prosedurların yerinə yetirilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1994-cü il mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edildi. Bundan sonra Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi. 20 Yanvar faciəsinin qondarma “Dağlıq Qarabağ problemi” ilə əlaqədar olduğunu nəzərə alaraq artıq Qarabağ problemimizin olmadığını qeyd etmək istəyirəm. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu öz torpaqlarını hərb yolu ilə azad etdi. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şəhidlərimizin qanı yerdə qalmadı. 20 yanvar şəhidlərinin qanları bahasına bizə ərmağan etdikləri azadlığı layiqincə qoruduq, Qarabağı azad edib ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan xalqı 1990-ci il 20 yanvar günündə olduğu kimi Vətən müharibəsində də bir daha göstərdi ki, dövlətimiz, mütəqilliyimiz və vətənimiz üçün düşünmədən canından keçməyə hazırdır. Məhz elə buna görə də xalqımız şəhidlərimizi heç bir zaman unutmayacaq, onların əziz xatirəsini əbədi olaraq yaşadacaqdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə