Azərbaycan beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınır
Prezident İlham Əliyev: "Bizim Qələbənin rəmzi "dəmir yumruq" idi, artıq bizdə qılınc var"
Azərbaycan Prezidenti İlham Əliyev bütün mötəbər görüşlərdə dəfələrlə bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb. Qondarma "Dağlıq Qarabağ Respublikası"nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmişdir. Bəli, sentyabrın 27-dən işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı nəticəsində başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə edilən Qələbə bir daha sübut etdi ki, Azərbaycan haqq yolundadır. Eyni zamanda, beynəlxalq aləmin çoxsaylı nümayəndələri də bir daha şahid oldu ki, 44 gün Vətən Müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Güclü Ordunun, rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə 30 il təcavüzkar Ermənistanın işğal etdikləri torpaqlarımızın həsrətinə son qoyulan Qələbəsidir.
Elə yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən çıxışında da bir çox məsələlər barədə danışıb. Azərbaycan Prezidenti ölkəmizə göstərdiyi davamlı dəstəyə görə ICESCO-ya minnətdarlıq edib
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə qurumun Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib.Dövlətimizin başçısı müharibə başlayandan bir neçə gün sonra ICESCO-nun Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdiyini və qərarlar qəbul etdiyini də minnətdarlıq hissi ilə xatırladıb: "Həmçinin bizim şanlı Zəfərimizdən sonra sizin mənə Qələbə münasibətilə göndərdiyiniz təbrik məktubunuza görə də minnətdarlığımı bildirmək istəyirəm. Bütün bunlar bizim birliyimizi, bizim xalqımızın birliyini nümayiş etdirir. Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi ilə bağlı məsələləri həmişə güclü təşviq etmişdir və ICESCO Azərbaycanda çoxsaylı tədbirlər keçirmişdir. Ümidvaram ki, bu, belə də davam edəcək. Biz həmişə müsəlman ölkələri arasında birliyə çağırış etmişik. Sizin Ağdamda və digər yerlərdə gördükləriniz, həmçinin Ermənistan rəhbərliyinin müsəlmanların dini hisslərinə və tarixinə necə münasibət bəslədiyini göstərir".
"Onlar cinayət predmeti olan bir çox əməllər törədiblər"
"Qanunsuz məskunlaşma siyasəti hərbi cinayətdir və onlar işğalın son dönəmində bu siyasəti heç gizlətmirdilər belə. Onlar dünyanın müxtəlif yerlərindən erməni mənşəli insanları gətirərək Şuşa şəhəri də daxil olmaqla tarixi Azərbaycan ərazilərində məskunlaşdırırdılar",- deyən dövlət başçısı bildirib ki, şəhər və kəndlərimizin adlarını dəyişirdilər, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilər: "Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər". Azərbaycana vurulmuş ziyanın qiymətləndirilməsi prosesinə başlandığını qeyd edən Prezident İlham Əliyev deyib ki, tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərtərəfli qiymətləndiriləcək və bu da təcavüzkar Ermənistan dövlətini beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq.
"Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan xalqının irsini məhv etmək istəyirdi"
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib ki, müharibə zamanı Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət edərkən o təcavüzkar Ermənistanın hər şeyi necə məhv etdiklərinin şahidi olduqlarını deyib: "Siz müharibə zamanı Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etmisiniz və özünüz vəziyyətin şahidi oldunuz. Hər şey tamamilə məhv edilib. Bizim bu barədə məlumatımız var idi. Çünki işğal edilmiş ərazilərdə vəziyyətlə bağlı bizdə müəyyən görüntülər var idi. Lakin səmimi desəm, biz dağıntıların bu qədər geniş vüsət almasını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, onu nümayiş etdirir ki, torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək, Azərbaycan xalqının irsini məhv etmək istəyirdi»,-deyən dövlət başçısı onu da deyib: "Biz açıq-aydın başa düşürük ki, bu dağıntılar birinci Qarabağ müharibəsindən sonra edilmişdir. Bu, müharibə zamanı edilməmişdir, çünki müharibə zamanı bu cür dağıntıları etmək mümkün deyil. Bu, Azərbaycan xalqına məxsus hər şeyi məhv etmək və gələcəkdə azərbaycanlıların geri qayıtmasına imkan verməmək üçün işğaldan sonra edilmişdir. Bu, bir daha onu nümayiş etdirir ki, demək olar, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur, bu da danışıqları sonsuz və faydasız etmək idi və bu da baş verdi. Çünki demək olar ki, bu 30 illik danışıqlar prosesində heç bir nəticə yox idi. Yalnız danışıqlar, yalnız səfərlər, yalnız bəyanatlar var idi, lakin heç bir nəticə yox idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi".
"Onların bizim məscidlərdə donuz saxlaması bütün müsəlmanlara qarşı təhqirdir"
"Ermənilərin bizim məscidlərdə donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bütün müsəlmanlara qarşı təhqirdir", - deyən Prezident İlham Əliyev onu da bildirib ki, əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi: "Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim. Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa. O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar".
Azərbaycan Prezidenti vurğulayıb ki, bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi.
"Əgər onların münasibəti belə idisə, niyə digərlərini dağıdıblar və niyə digərlərini təmir etməyiblər? Şuşaya gəlmiş həmin xarici şirkət digər məscidlərin, bütün dini və mədəni irsin dağıdıldığını görmədi? Onlar hətta bunu dağıdan separatçılardan da pis davrandılar. Lakin biz hər şeyi bərpa edəcəyik", - deyə Prezident İlham Əliyev qeyd edib ki, sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri də ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir: "Bilirsiniz ki, bu məsələ son 3-4 il idi müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək".
Bir sözlə, 27 sentyabrda başlanan Vətən Müharibəsində haqq yolunda apardığı Qələbəsindən sonra ardıcıl olaraq xarici dövlətlərin nümayəndələrinin ölkəmizə səfərləri bir daha sübut edir ki, Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır. Dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi: "Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB