Ermənistan sıfıra cevrildi Tiqran Koçaryan

Ermənistan sıfıra cevrildi Tiqran Koçaryan

"Ermənistan Respublikası əvvəlcə bir subyektdən bir obyektə, ardınca da sıfıra çevrildi". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, media eksperti Tiqran Koçaryan bütövlükdə Ermənistanın təhlükəsizliyinin sıfıra endiyi qənaətindədir.
"Dağlıq Qarabağdakı müharibədən sonra Ermənistanın, xüsusilə Syunikin təhlükəsizliyi sıfıra enib. Qafan şəhəri və qonşu bölgələr orada yaşamaq üçün daha təhlükəlidir", deyən Koçaryan bazar ertəsi günü keçirdiyi mətbuat konfransında, Azərbaycanın Ermənistana hücum edəcəyi təqdirdə qurbanların böyük olacağını söyləyib.
O, Sünik sərhəd kəndlərinin təhlükəsizliyinin də sual altında qaldığını qeyd edib və bunu, Ermənistanın Paşinyan kimi bir danışıq aparıcısı olması ilə əlaqələndirib.
"10 Noyabrdan başlayaraq Əliyev Paşinyana gülür və müxalifətçiləri həbs etmək ona qarşı bir söz söyləməkdən daha asandır ...", deyə Koçaryan bildirib.
Onun sözlərinə görə, Paşinyan dərhal vəzifəsindən getməli və yeni hökumət qurulmalıdır.
"Cümhuriyyətimiz bir subyektdən bir obyektə, ardınca da sıfıra çevrildi və bu, Paşinyan hakimiyyətdə olduğu müddətdə hələ davam edəcək", deyə media eksperti çəkinmədən və açıq şəkildə söyləyib.
Ekspert, Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunu, heç kimin baş nazirin öz xalqından gizlətdiyi belə qeyri-sabit bir ölkəyə investisiya qoymaq istəmədiyini vurğulayıb.
O, Türkiyənin Ermənistandakı daxili istehsalını ləğv edə biləcək qədər güclü bir iqtisadiyyata sahib olduğunu və Türklərin praktik olaraq bütün ticarət növlərinə sahib olduqlarını qeyd edib.
"Əgər belə davam edərsə, Ermənistan Azərbaycanla Türkiyə arasında bir yanacaqdoldurma məntəqəsinə çevriləcəkdir. Heç bir şeyə qərar vermək iqtidarında olmayan və daha güclü olana itaət edən bir ölkəyə", deyə Koçaryan fikirlərini açıqlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə