"Qaçqın və köçkünlərimiz ilk olaraq Şuşa və Ağoğlana qayıdacaqlar" MÜSAHİBƏ
Müsahibimiz millət vəkili Azər Badamovdur:
- Azər müəllim, 2021-ci ilin dövlət büdcəsindən Xankəndinə, Ağdərəyə, Xocavəndə və digər işğal altında olmuş Azərbaycanın şəhərlərinə vəsaitlərin ayrılması nəzərdə tutulurmu?
- Dövlət büdcəsində işğaldan azad olunmuş rayonları üçün işğal altında olan vaxtında da həmişə vəsait nəzərdə tutulurdu. Çünki, həmin rayonların dövlət qurumları da ümumi insanları kimi qaçqın vəziyyətində idi və respublikamızın başqa rayon və şəhərlərində yerləşdirilmişdi. 2021-ci ilin dövlət büdcəsində həmin rayonlara ayrılan vəsaitlər yenə də öz əksini tapmışdır. Əgər işğaldan azad olunana qədər həmin rayonların dövlət strukturları başqa şəhər və rayonlarda fəaliyyət göstərirdilərsə, indi yenidənqurma və bərpa işləri davam etdikcə mütəmadi olaraq öz doğma torpaqlarında fəaliyyətlərini davam etdiriləcəkdir. Bundan əlavə 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumi şəkildə 2.2 milyard manat nəzərdə tutlmuşdur. Bu vəsait isə hansı rayonlara birinci mərhələdə həyatın qaytarılması planlaşdırılırsa həmin istiqamətlərdə sosial infrastrukturun və yaşayış yerlərinin bərpasına istiqamətlənəcəkdir.
- Xankəndinə azərbaycanlıların köçürülməsinə nə zaman start veriləcək və hazırda onların sosial vəziyyətinin yaxşılaşdırılması, iş yerlərinin yaradılması üçün hansı işlərin görülməsinə başlanılıb?
- Xankəndinə azərbaycanlıların qaytarılması bir az uzun çəkən proses olacağını düşünürəm. Bu ərazilərimizə azərbaycanlıların qayıtması işğaldan azad olunmuş digər ərazilərimizdən fərqli şəkildə olacaqdır. Çünki, Dağlıq Qarabağın ermənilər yaşadığı ərazilərimizə vətəndaşlarımızın qaytarılması beynəlxalq normalara uyğun həyata keçirilməlidir. Bu məsələ 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda da xüsusi maddə ilə öz əksini tapmışdır. Bəyanatın 7-ci maddəsində qeyd olunur ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Yəni, bu məsələni reallaşdırılması üçün həmin ərazilərdə təhlükəsiz yaşayış təmin olunmalıdır. Bu məsələlərə qədər biz təcilli olaraq Şuşaya və ermənilərin yaşadığı şəhər və rayonların ətrafındakı yaşayış məntəqələrimizi bərpa etməliyik, yaşayışı qaytarmalıyıq. Dağlıq Qarabağın ermənilərin yaşadığı ərazilərin bütün ətrafı azərbaycanlılarla məskunlaşandan sonra xalqların adaptasiyası mərhələsi olacaqdır. Yəni, yavaş-yavaş gediş-gəliş yaranacaq, xalqlar bir-biri ilə qonşu kimi yaşamağa öyrəşəcəklər. Bu adaptasiya mərhələsi keçəndən sonra üçtərəfli bəyanatda qeyd olunduğu kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında azərbaycanlıların Xankəndinə və digər ermənilərin məskunlaşdığı ərazilərimizə qayıtmasının mümkün olacağını düşünürəm.
- Qarabağda quruculuq abadlıq işlərinin həyata keçirilməsində hansı ölkələr iştirak edəcək?
- Qarabağda quruculuq işlərinin həyata keçirilməsində bizə dost, Vətən müharibəsi günlərində bizi dəstəkləyən ölkələrin şirkətləri və ya ölkələr iştirak edəcəkdir. Artıq Türkiyənin şirkətləri həmin ərazilərdə bərpa işlərində iştirak edir. İtaliya hökuməti ilə bu istiqamətdə anlaşma imzalanmışdır və tezliklə İtaliya şirkətləri də bu işlərə cəlb olunacaqdır. Gələcəkdə isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesində iştirak edə biləcək bizə əsil dost münasibət bəsləyən ölkələrin siyahısının genişlənə biləcəyini düşünürəm.
- Qarabağdakı quruculuq işlərində həmsədr ölkələr olmuş Rusiyanın, Fransanın və ABŞ-ın şirkətlərindən varmı?
- Əvvəla qeyd edim ki, Qarabağdakı quruculuq işləri dövlət vəsaiti hesabına həyata keçiriləcəkdir. Azərbaycan kifayət qədər iqtisadi resurslara malikdir ki, işğaldan azad olunmuş ərazilərimizi bərpa edək. Hazırda işğaldan azad olunmuş ərazilərimizn yenidən qurulması və bərpasında qeyd etdiyiniz ölkələrin şirkətləri yoxdur. Amma hansı ölkələrin şirkətlərinin iştirak edilməsinə imkan yaradılacağını isə dövlət başçısı hamımızdan yaxşı bilir. Dövlət başçımız Vətən müharibəsində tarixi qələbənin qazanılmasının ən böyük qəhrəmanıdır. O, 44 günlük müharibə dövründə hansı ölkələrin yanımızda olduğunu hamıdan yaxşı bilir. Ona görə də, məhz dövlət başçımızın məsləhət bildiyi ölkələrin şirkətləri Qarabağdakı quruculuq işlərində iştirak edə biləcəklərini düşünürəm.
- Ümumiyyətlə, Şuşaya, Ağoğlana (Hadrut), Xocalıya və digər ərazilərimizə insanların ilkin köçürülməsinə nə zaman başlanılacaq?
- Şuşaya və Ağoğlana cari ilin ortalarında qaçqın və köçkünlərimizin qayıda biləcəyini düşünürəm. Artıq Şuşaya gedən yolun yenidən qurulması işləri sürətlə aparılır. O cümlədən, Şuşa şəhərində əmlakın siyahıya alınması, vəziyyətin dəyərləndirilməsi işlərinin aparılması üçün müxtəlif sahələrin mütəxəssislərindən ibarət işçi qrupu fəaliyyət göstərir. Şuşa şəhərinə dövlət qurumların köçürülməsi prosesi təşkil olunmuşdur. Düşünürəm ki, bu yaxınlarda Şuşalılar öz doğma Şuşa şəhərinə qayıda biləcəklər. O cümlədən, Ağoğlana da tezliklə azərbaycanlılar qayıda biləcəklər. Xocalının ermənilərin yaşadığı ərazilərimizə isə azərbaycanlıların qayıdışı yuxarıda qeyd etdiyim kimi bir az uzun çəkən proses olacağını düşünürəm. Sonda qeyd edim ki, Azərbaycanın bütün əraziləri işğaldan azad olunmuşdur. Dağlıq Qarabağın bir hissəsində ermənilər yaşadığına görə sülhməramlıların nəzarəti altında olduğundan bu ərazilər tam nəzarətimizə keçməmişdir. Amma bununla yanaşı qeyd etmək istəyirəm ki, azad olunmuş 7 rayona və o cümlədən Dağlıq Qarabağın bizim nəzarətimiz altında olan əraziləri bərpa edilərək qaçqınlarımız qayıtdıqdan sonra digər ərazilərimizə də tədricən qayıdacağıq. Qarabağ Azərbaycandır!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB