Erməni cəmiyyətinin səhvləri TƏHLİL

Erməni cəmiyyətinin səhvləri TƏHLİL

Nikol Paşinyan və hökuməti, onsuz da böyük problemlərlə üzləşib. İndi ölkə vətəndaşlarının qarşılarında olan problemlər onun heç ağlının ucundan da keçmir. Ermənistan vətəndaşları qorxu, təlaş içərisindədirsə də, bu heç bir şəkildə Paşinyanın komandasını da, özünü də maraqlandırmır. Əks halda, müəyyən tədbirlər görməkləri bir yana, susmağa davam etməzdilər, ən azından müəyyən izahlarla etirazçıların qarşısına çıxardılar.

“Ermənistanın səsi” qəzeti yazır ki, 31 dekabrda, Ermənistan hakimiyyəti dövlət işləri ilə məşğul olmağı bir kənara qoyduğu zaman və özlərini tamamilə dincəlməyə, eləcə də yeni il şənliklərinə həsr etdikləri zaman Azərbaycan hökuməti, onun Prezidenti ölkəsi üçün vacib qərarlar verir. Bildirilir ki, Azərbaycan Prezidenti, Cənab Ali Baş Komandan Azərbaycan əsirliyində olan erməni hərbçilərin hərbi əsir olmadıqlarını qeyd etdiyi zaman, Ermənistan hökumətini bu qərarlar maraqlandırmır və susur, heç münasibət də bildirmir. Nəşr yazır ki, əgər Ermənistan hökumətini bu qərarlar maraqlandırmırsa, deməli, erməni əsirlərinin taleyi mövcud Ermənistan hakimiyyətinin vecinə də deyil.
Həmçinin qeyd olunur ki, həmin vaxtdan günlər keçib, amma Ermənistan hakimiyyəti, bu ölkə vətəndaşlarının həyatı və sağlamlığını təhlükə altında olduğu halda bircə dənə də açıqlama, yaxud münasibət bildirmədi. Bildirilir ki, bununla əlaqədar nə bir dövlət departamenti, nə Müdafiə Nazirliyi, nə Xarici İşlər Nazirliyi, nə bütövlükdə hökumət, nə bir yüksək səviyyəli məmur, nə prezident, nə özünü baş nazir hesab edən adam, nə Milli Məclisin sədri, nə də iqtidardakı "Mənim addımım" partiyasının deputatları bir reaksiya belə vermədilər. Diqqətə çatdırılır ki, bu “ağrılı” məsələ ilə məşğul olduğu deyilən komissiyaya rəhbərlik edən baş nazirin müavini Avinyan da reaksiya vermədi.
Nəşr yazır ki, bütün bunların əvəzində hakimiyyət bayram ziyafətləri və xalqa bir müraciətlə diqqəti yayındırmağı lazım bildi və belə də etdi. Əminliklə qeyd olunur ki, bu şəxslərin və dövlət idarələrinin böyük əksəriyyəti itgin düşənləri, onların gözüyaşlı valideyinlərini, meydanlarda etiraz aksiyası keçirən, öz acılarını ifadə edənləri və nəticə etibarı ilə bütün erməni xalqını hesaba belə almır.
Ermənistanın mətbuat səhifələrində ölkə hakimiyyəti, onun yararsız, saymaz fəaliyyəti barədə yetərincə informasiyalar, açıqlamalar, hətta analitik materiallar da yer alır. Əminliklə demək olar ki, bu işğalçı ölkə vətəndaşlarının az qala hamısı ölkəsindən, onun hakimiyyətindən narazıdır. Bunu təsdiq etmət üçün bu ölkənin mənzərəsinə baxmaq, paytaxtında gedən proseslərə nəzər salmaq kifayətdir. İndi demək olar ki, sonuncu erməniyə qədər hamı eyni fikirdədir və hər kəs öz hakimiyyətini yararsız, ölkəsini də dağılmış hesab edir. Bu mənada da təbii ki, haqlıdırlar və reallıq da bunu isbatlayır.
Bir məqama diqqət çəkmək tam yerinə düşərdi. Ermənistan cəmiyyəti hələ də qarşı tərəfi ittiham etməyə çalışır. Doğrudur, həqiqətən də küçədən gələn, hakimiyyət çevrilişi ilə dövlət postunu, ölkəsinin baş nazir kürsüsünü ələ keçirən Nikol Paşinyan və onun ətrafı qısaca müddətdən sonra yararsız olduqlarını, xalqı, vətəndaşları düşünmədiklərini az qala nümyişkəranə şəkildə göstərdilər. Daha doğrusu, bunu erməni xalqı deyilən toplum özü də gördü və anladı. Anlamaqla da dərhal ona qarşı ifadələr səsləndirməyə başladılar və hətta onu təhqir də etməyi rəva bilirdilər. Müəyyən “senzura” olsa da, Ermənistan mediasında hələ müharibədən, ermənilərin məğlubiyyətindən əvvəl də bu faktlara rast gəlinirdi. Ermənistanın baş nazir postunda oturan adamın beynəlxalq platformalarda uyğunsuz davranışları, təcrübəsizliyi, hətta savadsızlığı başqa cür qarşılana bilməzdi. Bu mənada, yəni uğursuz, səriştəsiz, savadsız, fikirlərinin birinin digərini təkzib etməsi fonunda başçılarını, başbilən hesab edərək hakimiyyəti zəbt etməsinə şərait yaratdıqları baş nazirlərini ermənilər haqlı olaraq lağa qoyurdular. Amma bu o demək deyil ki, onların qarşı tərəfi ittiham etməyə hansısa mənada haqları çatır. Xeyr, ermənilərin belə bir haqqı olmayıb, yoxdur və olmayacaq da. Çünki, məğlubiyyətlərində günahkar rəqibləri, yəni biz, Azərbaycan tərəfi, yaxud başqaları deyil, özləridir. Elə düşdükləri günün də günahkarları özləridir. Sual oluna bilər ki, Azərbaycanın qələbəsinə rəsmi şəkildə imza atdığı gündən sonra hər gün istefasını tələb etdikləri Nikol adlı küçə uşağının hakimiyyəti qamarlamasına şərait yaradan özləri, elə erməni xalqı deyilən o düşüncəsiz meydan kütləsi deyildimi? Sual oluna bilər ki, həmin bu yararsız hesab etdiklərini nə əcəb yararlı kimi posta dartırdılar? Sual oluna bilər ki, Nikol Paşinyan adlı bu dərvişə oxşayan məxluq qarşı tərəfi müharibəyə təhrik edəndə, onunla müharibə ritorikası ilə danışanda indi onu bu mənada ittiham edənlər niyə ortaya çıxmırdı? Ortaya çıxmağa hünərləri yox idi indiki “hünərlilərin”, yoxsa özünü indi ağıllı hesab edən bu baş sahibləri o zaman ağıllı sayılmırdılar? İndi, “müharibəyə başlamaq Paşinyanın səhvidir”, deyənlər o zaman, “yeni müharibə Ermənistanın yeni torpaqlar qazanması deməkdir”, demirdilərmi?
Heş şübhəsiz ki, erməni cəmiyyətinə ünvanlanacaq suallar saysız-hesabsızdır. Güman edirik ki, onsuz da onlar bir-birinə, özləri-özlərinə bu sualları verməyə başlayıblar. Amma bu cəmiyyət bircə məsələni, bircə şeyi anlamaq istəmir ki, onların cəmiyyət olaraq da günahları az deyil. Bu toplum, özü də cəmi bir-iki əsr bundan əvvəl gəlib Azərbaycan torpaqlarına sığınan, özünə yer edən bu toplum, indi həmin ərazilərin onlara məxsus olduğunu iddia edəndə böyük günaha, yanlışlığa imza atdı ki, indi də bədəlini ödəmək məcburiyyətindədir. Bu toplum, nəinki onun tarixçı və alimləri, hətta onun ayrı-ayrı fərdləri guya bilmirmi ki, onlara məxsus heç nə yoxdur? Beynəlxalq platformalarda cəsarət tapıb Dağlıq Qarabağı Ermənistan torpağı adlandıran Nikol Paşinyan deyildimi hakimiyyətə gəlməzdən bir qədər əvvəl elə o parlament kürsüsündən, “Qarabağı sahibinə, Azərbaycana qaytaraq” deyən? Bunu bilə-bilə torpaqların özlərinə məxsus olması iddiası ilə çıxış edən birinci şəxsdir bu Nikol, yoxsa sonuncu? Hələ də erməni cəmiyyətini əllərindən geri alınan torpaq, özü də özlərinə məxsus olmayan, 30 ilə yaxın müddətdə viran qoyduqları özgə, yad torpaqları yandırmırmı? Hələ də bu itgi barədə, Balasanyan kimi bir Xocalı qatilinin cürbəcür absurd ifadələri, fikirləri səslənmir yoxsa? Bu fikirlərə niyə erməni cəmiyyəti münasibət bildirmir? Niyə öz rəhbərlərini münasibət bildirməməkdə günahlandıranlar özləri bu axmaq təxəyyüllərə, ağılsız, absurd iddialara münasibət bildirmir? Məgər bu yanlışlıqlar deyilmi?
Kimi axmaq hesab edir erməni cəmiyyəti, Nikol Paşinyanı? Məgər Nikol axmaq olaraq bircə dənədir, yaxud, ondan Ermənistanda heç tapılan deyil? Erməni cəmiyyəti Paşinyanın əvəzinə Vazgeni, yaxud Serji, ya da Koçaryanı xilaskar hesab etməkdənsə, qalxıb ayağa niyə demir ki, bəsdirin bu toplumu axmaq yerinə qoydunuz? Niyə demir ki, özgə torpaqlarına görə, yalan üzərində qurulan Ermənistan üçün əsrlərdir ermənilərin qanı su yerinə, özü də əbəs yerə axıdılır? Niyə bu axmaq, dənizdən dənizə ideyası, absurd fikri, ağılsız və əsassız iddialara görə Qafqazda məskunlaşan bir toplum marginaşşdırılmalı, küncə qısılmış hala gətirilməli və aciz vəziyyətə salınmalı idi? Onlar kimə daha çox pisliklər yaşatdılar? Doğrudur, qətliamlar, soyqırımlar, terror törədən ermənilər bəd əməlləri ilə qanlı iz buraxdılar xalqların tarixində, amma etiraf etməlidirlər ki, bu əməlləri ilə daha çox özlərini pis vəziyyətə saldılar. Etiraf etməlidirlər ki, bu əməllərinin girovlarına çevriliblər və bundan əl çəkməsələr tamamilə məhvə yuvarlanacaq, hətta bir dövlət olaraq xəritədən silinəcəklər.
İndi erməni cəmiyyəti yaxşı bilir ki, müharibədə ölənlərin sayı onlardan gizlədilir. Bunu bilmək üçün xüsusi məlumat şəbəkəsinə malik olmağa ehtiyac yoxdur, çünki, Ermənistan Müdafiə Nazirliyi hərbi əməliyyatlar zamanı ölən və itkin düşən hərbçilərin həqiqi sayının dövlət və rəsmi sirr olduğunu elə rəsmi şəkildə bəyan edilir. Bu isə o deməkdir ki, heç də təqdim olunan rəqəmlər həqiqəti əks etdirmir və doğru rəqəm indi erməni cəmiyyətinə təqdim olunandan dəfələrlə çoxdur. Bu qırğınlar, bu itgilər Ermənistan vətəndaşlarına lazım idimi? Nə qazana bildilər? Cəmi 30 il müddətində torpaqlarda at oynatdılar, amma daşı daş üstündə qoymadılar, dağıdıb viran etdilər. “Şuşa ermənilərin idisə, yaxud Şuşa, ümumilikdə Qarabağ ermənilərə lazım idisə, ermənilər niyə oraları bu acınacaqlı vəziyyətdə saxlayıblar”, deyə sual edən Paşinyanın bu sözləri erməni cəmiyyətinə yuxudan oyadıcı bir şapalaq olmalı idi. Amma, hələ də ayılmayıblarsa, bu onların öz günahı, öz ağılsızlıqlarıdır. Deməli, cəmiyyət olaraq da günahları, səhvləri var. Bəli, erməni cəmiyyətinin gunahı, səhvi var və onlar hələ də bu günaha, səhvlərə davam etməkdədirlər. Əks halda ayağa qalxıb bütün yalanlara son qoyardılar, bu yalanları daha da şişirtməz, reallıqlarla yaşayardılar. Necə ki, indi məhv olmaq reallığı qarşısındadırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə