Azərbaycan beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınır - ŞƏRH
Prezident İlham Əliyev: "Əfqanıstan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq mövqe nümayiş etdirib"
Azərbaycan Prezidenti İlham Əliyev bütün mötəbər görüşlərdə dəfələrlə bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb. Qondarma "Dağlıq Qarabağ respublikası"nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmişdir.
Bəli, sentyabrın 27-dən işğalçı Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində 44 gün davam edən İkinci Vətən Müharibəsinin Qələbəsi bir daha sübut etdi ki, Azərbaycan haqq yolundadır. Eyni zamanda, beynəlxalq aləmin çoxsaylı nümayəndələri də bir daha şahid oldu ki, 44 gün Vətən Müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Güclü Ordunun, rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə 30 il təcavüzkar Ermənistanın işğal etdikləri torpaqlarımızın həsrətinə son qoyulan Qələbəsidir.
Elə dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhunun etimadnaməsini qəbul edərkən çıxışında da bir çox məsələlər barədə danışıb
"Bizim siyasi əlaqələrimiz heç vaxt olmadığı qədər güclüdür"
Prezident İlham Əliyev görüş zamanı birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranmışdır: "Biz dostluq və tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Deyə bilərəm ki, ölkələrimiz arasında münasibətlərin sürətli inkişafı dialoqumuzun intensivləşdirilməsinə dair hər iki tərəfin güclü niyyətini nümayiş etdirir",-deyən dövlət başçısı bildirib ki, Əfqanıstan Prezident Əşrəf Qani ilə görüşlərinin həmişə çox məhsuldar olduğunu deyib: "Biz münasibətlərimizdə ciddi tərəqqiyə nail olmuşuq. Birgə səylərimiz nəticəsində regionda tamamilə yeni vəziyyət yaranmışdır. Bizim siyasi əlaqələrimiz heç vaxt olmadığı qədər güclüdür. Biz iqtisadi əməkdaşlıq və sərmayə layihələrinə dair çoxsaylı məsələləri müzakirə edirik. Bildiyiniz kimi, biz bununla bağlı artıq müəyyən ideyalar ortaya qoymuşuq. Biz dövlət sektoru ilə bağlı birgə işlər görmüşük və mən şadam ki, “ASAN xidmət” modeli artıq Əfqanıstanda tətbiq edilir. Bu, Prezident Əşrəf Qaninin Əfqanıstanın modernləşdirilməsi, əhaliyə müasir xidmətlərin göstərilməsi ilə bağlı baxışının təzahürüdür və belə bir mühüm inkişafda rol oynamağımız bizi fərəhləndirir".
"Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirmişik"
Prezident İlham Əliyev ölkələr arasında əməkdaşlıqda ən vacib element təhlükəsizlik məsələlərinin olmduğunun deyib: "Bildiyiniz kimi, Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. Biz bütün bu illər ərzində ölkənizdə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirmişik. Bildiyiniz kimi, biz müəyyən müddət əvvəl hərbçilərimizin sayını artırmaqla ölkənizdə təhlükəsizlik məsələsinə olan münasibətimizi, ölkənizdə təhlükəsizliklə bağlı siyasətimizi nümayiş etdirdik. Çünki təhlükəsizlik və sabitlik olmadan gələcək qurmaq çox çətindir. Biz bunları yaxşı bilirik. 1990-cı illərin əvvəlində biz də buna bənzər vəziyyətlə üzləşmişdik. Azərbaycanda pərakəndəlik, hərc-mərclik hökm sürürdü, siyasi, iqtisadi və hərbi böhran mövcud idi ki, bunlar ərazimizin bir hissəsinin itirilməsi ilə nəticələndi. Beləliklə, Prezidentin rəhbərliyi ilə hökumətinizin səyləri artıq bəhrəsini verir və biz modernləşdirmə proqramınızda iştirak etməkdən hər zaman məmnunuq".
"Əfqanıstan Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq mövqe nümayiş etdirib"
"Ermənistan-Azərbaycan münaqişəsinin həllində bizim ədalətli mübarizəmizi dəstəklədiyinə görə qardaş Əfqanıstana təşəkkürümü bildirmək istəyirəm",-deyən Prezident İlham Əliyev bildirib ki, Əfqanıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Bizi hər zaman dəstəkləyib və Prezident, xarici işlər naziri və digər yüksək rütbəli məmurlar səviyyəsində bu məsələni vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və həqiqət bizim tərəfimizdədir. Eyni zamanda, biz bu dəstəyi müharibə zamanı da hiss etdik. Əfqanıstan Azərbaycana ictimai şəkildə dəstək verən ilk ölkələrdən oldu. Biz buna görə minnətdarıq, bütün Azərbaycan xalqı bunu bilir və yüksək qiymətləndirir. Biz bunu qardaşlıq rəmzi və eyni zamanda, beynəlxalq hüquqa hörmətin əlaməti hesab edirik. Çünki tarixi həqiqət və tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən də belə tanınır. Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində Qələbəmiz, əlbəttə, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Beləliklə, müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər yerinə yetirilmişdir".
"Biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq"
"Hazırda biz Azərbaycanın inkişafının yeni mərhələsinin astanasındayıq. Ərazilərimizin bərpası və yenidən qurulması mərhələsindəyik",-deyən dövlət başçısı işğal edilmiş ərazilərin dağıdılması ilə bağlı videomateriallar təqdim edildiyini deyib: "Bizim bütün şəhər və kəndlərimiz viran edilib, tarixi abidələrimiz dağıdılıb, mədəni abidələrimiz yerlə-yeksan olunub. Məscidlərimiz ya dağıdılıb, ya da onlar heyvan saxlanılması üçün istifadə edilib. Bununla onlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir ediblər. Həmin şəkilləri və videomaterilları görən dünya müsəlmanları bir daha anlayır ki, uzun illər ərzində biz hansı bəla ilə üz-üzə idik və ərazilərimizi, torpaqlarımızı azad edərək tarixi köklərimizə qayıtmaqla biz nəyə nail olmuşuq".
Prezident İlham Əliyev onu da deyib ki, Ermənistan müsəlman ölkələri ilə əlaqələr yaratmaq və ya münasibətləri möhkəmləndirmək cəhdləri etsə də heç bir şeyə nail olmadı: "Lakin əminəm ki, həmin videoları görən dünya müsəlmanları öz hökumətlərinə güclü mesaj verəcəklər ki, məscidləri dağıdan, orada donuz saxlayan və islamofobiyanı təşviq edən ölkə ilə hər hansı təmaslardan çəkinsin. Burada siyasi, yaxud digər maraqlar ola bilər, ancaq hesab edirəm ki, bütün dünya müsəlmanların səslərini birləşdirməli, təcavüzkara güclü bir mesaj göndərməlidir ki, onların etdikləri qəbulolunmazdır və müsəlmanlar tərəfindən unudulmayacaqdır. Burada bir daha qardaş əfqan xalqına hər zaman - danışıqlar və işğal dövründə, müharibə zamanı və müharibədən sonra, Qələbəmizi qeyd etdiyimiz vaxtda yanımızda olduğuna, bizi dəstəklədiyinə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Bir daha xoş gəlmisiniz, Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulayıram. Əminəm ki, burada özünüzü vətəninizdəki kimi hiss edəcəksiniz".
Bir sözlə, 27 sentyabrda başlanan Vətən Müharibəsində haqq yolunda apardığı Qələbəsindən sonra ardıcıl olaraq xarici dövlətlərin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirliklərin, həmçinin dövlət nümayəndələrinin ölkəmizə səfərləri bir daha sübut edir ki, Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır. Dövlətimizin yürütdüyü uğurlu daxili və xarici siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi: "Çünki tarixi həqiqət və tarixi ədalət bizim tərəfimizdədir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən də belə tanınır. Ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində Qələbəmiz, əlbəttə, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB