"Ermənistanın müharibə cinayətləri barədə hesabat təqdir olunmalıdır" - ŞƏRH ÖZƏL
"Bildiyiniz kimi, “Human Rights Watch” insan haqları təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı “klastr bombalarından istifadə edib” adlı hesabat yayıb. Təşkilat onu da bildiririb ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloqun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfi beynəlxalq hüququ kobudcasına pozmaqla yanaşı, çoxsaylı müharibə cinayətlərinə imza atıb: "Gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə iki dəfə qadağan olunmuş bombalardan istifadə olunması müharibə cinayəti olmaqla yanaşı, həm də insanlığa qarşı cinayət kimi dəyərləndirilir. Qeyd edək ki, Bərdəyə də analoji bomba atılmış və çoxsaylı dinc insan həlak olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, sözügedən şəhərlər müharibə ərazisindən çox uzaqdadır və burada heç bir hərbi hissə yoxdur. Bu onu göstərir ki, Ermənistan qəsdən yaşayış məntəqələrinə qadağan olunmuş bombalar atmaqla mülki əhali arasında panika və təşviş yaratmaq niyyəti güdüb".
Ekspert qeyd edib ki, hesabat standart beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var: "Həmçinin o da qeyd olunur ki, Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klaster bombları atıb".
İ.Hüseynov vurğulayıb ki, digər tərəfdən, Azərbaycanda olan beynəlxalq təşkilatların və diplomatik korpus nümayəndələri Gəncəyə və Bərdəyə səfər edib: "Ermənistanın törətdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə dünyanın bir sıra aparıcı media orqanları hadisənin acı nəticələri işıqlandırmışlar. Ölkəmizə qarşı hər zaman qərəzli mövqedə duran “Human Rights Watch” insan haqları təşkilatının Ermənistanın müharibə cinayətlərinin yer aldığı hesabat yayması təqdir olunmalıdır. Bu, eyni zamanda diplomatik-siyasi müstəvidə və informasiya müharibəsində Azərbaycanın mövqelərinin möhkəmləndiyinin göstəricidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB