Ermənilər Dilqəmlə Şahbazın geri qaytarılmasından niyə narahat oldular? ANALİTİK

Ermənilər Dilqəmlə Şahbazın geri qaytarılmasından niyə narahat oldular? ANALİTİK

Bütün cinayətkar əməlləri üzə çıxır, hələ qarşıda məhkəmələr də olacaq!

Əldə edilmiş razılığa əsasən, hamının-hamıya prinsipi əsasında əsir və girovların dəyişdirilməsi prosedurunun ardınca ermənilərin ictimai-siyasi rəyi yenidən hay-həşir salmağa başlayaraq bu dəfə Dilqəm Əsgərovla Şahbaz Quliyevin nəyə görə geri qaytarılmalarını müzakirə obyektinə çıxarmaqla, bu dəfə də baş nazir Nikol Paşinyana qarşı ittihamlar səsləndiriblər. Torpaqlarımızın işğal altında qaldığı vaxtlarda öz doğma yurd-yuvalarının həsrətinə dözməyərək, gizli yollarla Kəlbəcərə gedən Dilqəm və Şahbazın tutularaq üzərlərinə “deversant” damğasını vurub, heç bir hüquqa, humanizmə sığmayan qanunsuz bir “dövlətin” adından mühakimə edilmələri Azərbaycan xalqında hiddət oyatmışdı. Artıq o torpaqlarımız düşmən işğalından azad olunub və söz yox ki, digər əsirlərimizlə yanaşı, bu girovlarımızın da azadlığa çıxacaqlarını hər kəs səbirsizliklə gözləyirdi.

Erməni müxalifətçiləri indi də başlarını tutub bar-bar bağırırlar ki, Dilqəm və Şahbaz Azərbaycana təhvil verilməməli idi

Əslində, qarşıda nəinki torpaqlarımızı işğalda saxlayaraq oraları viranəyə çevirənlərdən həmin əməllərinə görə təzminat tələb olunacaq, eləcə də girovlarımıza vurulan fiziki, mənəvi zərərlərə görə haqlar tələb ediləcək və bu birmənalıdır. Lakin əsas reallıq budur ki, məhz Prezident İlham Əliyevin qətiyyəti, dönməz iradəsi sayəsində Vətən müharibəsində qazandığımız zəfər sevinclərimizə bu cür sevinclər də əlavə olunmaqdadır.

Beləliklə, erməni müxalifətçiləri indi də başlarını tutub bar-bar bağıırırlar ki, Dilqəm və Şahbaz Azərbaycana təhvil verilməməli idi. Məsələn, anti-Paşinyan yürüşündə iştirak edən Ermənistanın sabiq ədliyyə naziri Arpine Ovannisyan bildirib ki, Nikol Paşinyan erməni xalqının arxasından kapitulyasiya sənədinə imza atıb və həmin stil indi də davam edir.

“Bir az əvvəl biz məlumat əldə etdik ki, “hərbi cinayətkarlar” (daxili dırnaqlar bizimdir-R.N.) iki “azərbaycanlı diversant” Azərbaycana təhvil verilib. Yəni o (Paşinyan) hərbi əsiri hərbi əsirə dəyişmir, o “hərbi cinayətkarları” təhvil verib. O, onları Azərbaycana gizli şəkildə ötürüb. O, həqiqətdə Ermənistan respublikasının maraqlarını lazımi şəkildə təmin etmir”, deyə Ovannisyan hələ də köhnə və artıq mövcud olmayan “arsax” xəyallarında qalmaqda davam edib.

Tanınmayan, məhv olan və bundan sonra bir daha olmayacaq “ikinci erməni dövləti” - “dqr”in nə “məhkəməsi”, nə də digər “strukturlarının” əhəmiyyəti olmayıb və yoxdur!

Digər erməni siyasət adamı, Cənubi Qafqaz geosiyasəti üzrə ekspert Anjela Elibeqova isə özünün feysbuk səhifəsində yazıb: “Bütün hərbi əsirlərimizin geri qaytarılması başa çatmamış iki azərbaycanlı “diversantları” necə təhvil vermək olar?”

Göründüyü kimi, xəstə erməni təfəkkürü hələ bundan sonra uzun illər bu xalqı bəlkə də özlərinin də xəbərləri olmadan məhv etməyə davam edəcək, lakin onlar - xəstə təfəkkürlü ermənilər hələ də anlamırlar ki, Qarabağ Azərbaycandır və bunu bütün dünya təsdiq edir. Bu baxımdan, tanınmayan, məhv olan və bundan sonra bir daha olmayacaq “ikinci erməni dövləti” - “dqr”in nə “məhkəməsi”, nə də digər “strukturlarının” əhəmiyyəti olmayıb və yoxdur! Dilqəm və Şahbaz öz doğma torpaqlarına, ellərinə səfər ediblər, özü də işğal altında olarkən. O torpaqların işğala məruz qalması faktını isə BMT-dən tutmuş bütün beynəlxalq təşkilatlar, dövlətlər tanıyıblar. Bu zaman erməni siyasətçilərinin həmin məsələdə var-gəl etmələri yersiz və məntiqsizdir.

Dolayı yollarla Azərbaycanı ittiham etməyə cürət göstərməsinlər!

Başqa tərəfdən, əgər onlar müharibəni uduzublarsa, işğal etdikləri ərazilərdən çıxıblarsa, ölkələrinin dövlətçilik əsasları laxlayıbsa, Ermənistan məhv olmaq dərəcəsinə çatıbsa, həmin ittihamlarını yalnız istefasını tələb etdikləri Nikol Paşinyandan soruşmalıdırlar. Daha Dilqəm və Şahbaz kimi illər boyu əzablı girovluqda qalanların vətənlərinə geri qaytarılması məsələsini də əllərində bayraq edib, dolayı yollarla Azərbaycanı ittiham etməyə cürət göstərməsinlər!

O da əbəs deyil ki, yazının əvvəlində Dilqəm və Şahbazın geri qaytarılması prosesində bilavasitə Prezident İlham Əliyevin qətiyyətinin dayandığını qeyd etmədik. Çünki bizlər bilirdik ki, Ramil Səfərovu erməni xislətindən xilas edən dövlət başçımız Dilqəm və Şahbazı da bu xislətdən qurtaracaq. Əslində, bunu elə ermənilərin özləri də etiraf edirlər.

Qeyd olunanlar onsuz da çökməkdə, məhv olmaqda olan Ermənistana yaxşı heç nə vəd etmir

Misal üçün, Anjela Elibeqova sosial şəbəkədəki postunda yazmağa davam edir və yazır ki, “Azərbaycan Prezidenti İlham Əliyev 6 il boyunca hər şey etdi ki, onları geri qayrarsın və Ramil Səfərov kimi qəhrəmanlaşdırsın”, yazan Elibeqova narahatlığını bildirib və iddia irəli sürüb ki, sonuncu erməni əsirlərinin geri qaytarılmasına qədər onar Ermənistanda qalmalıymışlar: “Məhz onlara görə o, əsirlərin “hmının-hamıya” prinsipi ilə dəyişdirilməsinə razı oldu... Axı əvvəldən onları necə təhvil vermək olardı?”.

Erməni politoloqu Qrant Melik-Şahnazaryan anti-Paşinyan yürüşündə iddia edib ki, sən demə onların hərbi əsirliyə heç bir aidiyyatları yoxdur (?!)

“Biz bu gün elə bir situasiyaya yuvarlanmışıq ki, Ermənistan respublikasının ləyaqətini xəritədə Əliyevlə Ərdoğan birlikdə həll edirlər”, deyə Şahnazaryan bildirib.

Bütün bu narahatlıqların isə əsas səbəbi budur ki, artıq ermənilər vaxtilə törətdikləri bütün cinayətlərinin açığa çıxacağından ehtiyat edirlər. Onların işğalçılıq, terrorçuluq və anti-humanizm davranışları, eləcə də digər qeyri-insani rəftarları yaxın zamanlarda beynəlxalq insan haqları məhkəməsində mühakiməyə səbəb olacaq. Qeyd olunanlar isə onsuz da çökməkdə, məhv olmaqda olan Ermənistana yaxşı heç nə vəd etmir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə