Perspektivdə İranın regional layihələrdə iştirakı gözləniləndir - AÇIQLAMA

Perspektivdə İranın regional layihələrdə iştirakı gözləniləndir - AÇIQLAMA

"İran regional dövlət olduğuna görə bölgədə gedən proseslərdən kənarda qalmaq istəmir. Digər tərəfdən, İran Azərbaycanla münasibətlərə çox ciddi önəm verir. Ən azından ona görə ki, Qərb danışıqlar zamanı Azərbaycana müəyyən təzyiqlər göstərməyə çalışırdı. Sonra müəyyən təkliflərlə çıxış etdilər ki, Azərbaycan məhz öz ərazisində perspektivdə İrana endiriləcək zərbələrə şərait yaratsın. Azərbaycan da indiyə qədər buna razılıq verməyib. Çünki biz mehriban dostluq və qonşuluq münasibətlərinin davamlı olmasında maraqlı olmuşuq". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, təbii ki, bu baxımdan da regiondakı münaqişənin həlli İranın marağında idi: "Nəzərə alsaq ki, Rusiya və İran arasında regionla bağlı bir sıra layihələr var, o zaman münaqişənin həlli bu ölkələrin maraqlarına uyğundur. Heç şübhəsiz ki, problemin həlli zamanı İranın bölgə ilə bağlı maraqlarının nəzərə alınması da anlaşılandır. Birincisi. ona görə ki, İran geopolitik anlamda Rusiyanın bölgədə müttəfiqidir. Bu iki ölkənin mövqeləri üst-üstə düşür. Ən azından, Qərbin regiona buraxılmaması ilə bağlı tərəflər ortaq mövqedən çıxış edirlər. Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin həllinə İranın maraqlarından yan keçməklə nail olunmayıb" fikirləri də bu məsələdə İranın mövqeyi nəzərə alındığını göstəricisidir".

E.Manafov vurğulayıb ki, perspektivdə İranın da regional layihələrdə iştirakı gözləniləndir: "Yəni bölgə üçün geostrateji əhəmiyyət kəsb edən layihələrdə adıçəkilən dövlətlərlə əməkdaşlığa razıdır. Regionun perspektivdə stabilliyi və təhlükəsizliyi altılıq formatında əməkdaşlıq çərçivəsində mümkündür. O da məlumdur ki, Mehri dəhlizinin işə düşməsi gözlənir. İran bütün bunların fərqində olduğu üçün kənarda qalmaq istəmir. Bu kontekstdə Lavrov Tehranı əmin etməyə çalışır ki, İranın maraqları nəzərə alınacaq. Ancaq Lavrov o məqama da toxundu ki, İran indiyə qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gedən danışıqlarda ATƏT qədər fəal iştirak etməyib".

Politoloqun fikrincə, Suriyada əməkdaşlıq və digər məsələlərlə əlaqədar olaraq Rusiya İranın maraqlarını nəzərə alır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə