"Rusiya uzun illər burada ermənilərə yardım edə bilməyəcək" ÖZƏL-MÖVQE

"Rusiya uzun illər burada ermənilərə yardım edə bilməyəcək" ÖZƏL-MÖVQE

"Türkiyə Azərbaycan arasında pasport rejiminin ləğvi iki qardaş ölkə arasında münasibətlərin daha da dinamik inkişafının nəticəsidir. İki ölkənin regionda yeni siyasi platforma qurması, regionda digər xalqların da bu platformaya inteqasiyası və yeni bir əməkdaşlıq formatının qurulmasına gətirib çıxara bilər". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Ankara-Bakı platfotması, Cənubi Qafqazın yeni bir siyasi kombinasiyasını quracaq: "Bu platformada Gürcüstanın da yer alması və gələcək perspektivdə regional ölkələrin bu kombinasiyada yer alması mümkün ola bilər. Altı ölkənin bu platformada yer alması, əsasən Türkiyənin burada aparıcı bir ölkə olaraq mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Bundan əlavə, bu siyasi -iqtisadi platforma Rusiyanın da regionda hərbi iştirakını zəiflədəcək. Çünki, Rusiya öz sülhməramlı qüvvələri ilə Azərbaycanın Dağlıq Qarabağ hissəsindədir. Ona görə də bu ərazilərdə Azərbaycanın suvrenliyinin təmini Rusiya ilə birgə işdən keçəcək.

Ankara-Bakı müttəfiqliyi Moskva ilə mümkün əməkdaşlıq çərçivəsində bu mərhələni uğurla həll edə bilər. Moskva burada erməniləri ciddi müdafiə edib, burada öz məqsədləri üçün istifadə edərsə, regionda Rusiyanın mövqeyi zəifləyə bilər.

Kiçik bir ərazidə ermənilərin yardımdan asılı olması və yaşayışlarının çətinliyi onların bu əraziləri tərk etməsinə bir müddətdən sonra gətirib çıxara bilər. Çünki, Rusiya da uzun illər burada ermənilərə yardım edə bilməyəcək. Kiçik bir ərazidə ermənilər Azərbaycanın suverenliyini qəbul edib yaşamaq məcburiyyətindədilər. Ermənilər istədi-istəmədi yeni siyasi kombinasiya Xankəndini də əhatə edəcək.

Ermənistan rəhbərliyi hazırda Türkiyə və Azərbaycanla iqtisadi və siyasi əlaqələrin bərpasında maraqlıdır. Belə olan təqdirdə Azərbaycan ərazilərində "Artsax Respublikası" yaxud burada" status" məsələsinin gündəmə gətirilməsi olmayacaq. Əgər kiçik bir ərazidə ermənilərdən siyasi-hərbi məqsədlər üçün istifadə edilərsə, bu Rusiyanın regiondan getməsi ilə nəticələnə bilər. Regionun siyasi nizamı dəyişdikcə, proseslər Azərbaycanın leyhinə dəyişir və nəticədə Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə