“Sosial şəbəkələr nəzarətə götürülməlidir” ÖZƏL-RƏY

“Sosial şəbəkələr nəzarətə götürülməlidir” ÖZƏL-RƏY

“Sosial şəbəkələrin nəzarətə götürülməsi ilə bağlı dünyanın əksər ölkələri addımlar atır, hətta bir sıra dövlət başçıları artıq bununla bağlı sərəncam da imzalayıblar. Sosial şəbəkələr dövlətin nəzarətinə alınıb, fəaliyyəti qadağan olunub. Düşünürəm ki, Azərbaycanda da bu üsul tətbiq olunmalıdır. Bunu isə heç də ifadə azadlığının pozulması kimi qələmə vermək olmaz”. Bunu SİA-ya Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev bildirib.

C.Şahverdiyevin fikrincə, sosial şəbəkələrdən faydalı istifadə etməklə yanaşı, zaman-zaman təxribatların törədilməsi, müxtəlif xoşagəlməz kampaniyaların aparılması, hətta dövlət çevrilişinə çağırış cəhdlərinin şahidi olmuşuq: “Düzdür, bu sahəyə nəzarət o qədər də asan deyil, çünki hüdudsuzdur. Amma hər bir dövlətin milli təhlükəsizliyini nəzərə almaq lazımdır. Bizim öz milli və dövlətçilik maraqlarımız var. Bu maraqlara xələl gətirəcək informasiya, məlumat və ya videogörüntülərin ictimailəşdirilməsinin qarşısını almaq heç də fikir və söz azadlığının pozulması demək deyil. Güc strukturlarımız və hüquq-mühafizə orqanlarımız sosial şəbəkələr üzərindən milli təhlükəsizliyimizə xələl gətirəcək istənilən addımın qarşısını alıb. Amma fikrimcə, sosial şəbəkələr bağlı müvafiq tənzimləyici qanun qəbul edilməlidir. Azərbaycanda internetin azad, sərbəst olması o demək deyil ki, milli, dövlətçiliyimizə qarşı təhdidləri sərbəst formada ictimailəşdirəsən”.

QHT sədri onu da bildirib ki, dövlətin təhlükəsizliyini təhdid edən sosial şəbəkələrə nəzarətin təmin edilməsi ilə bağlı ciddi və sərt tədbirlərəəl atılmalıdır: “Təcrübə göstərir ki, sosial şəbəkələrin nəzarətdən kənarda qalması, dövlətin təhlükəsizliyi üçün son dərəcə ciddi təhdidlər yaradır: “Zaman-zaman ölkəmizdə bunun şahidi olmuşuq. Bəzi radikal qüvvələr tərəfindən həm daxildən, həm də xaricdən dövlətə və onun konstitusion quruluşuna qarşı təxribat xarakterli məlumatların ictimailəşdirildiyi danılmaz faktlardandır. Fikir verin, dünyanın aparıcı ölkələrində dövlətin milli təhlükəsizliyinə xələl gətirən sosial şəbəkələrin fəaliyyətinə çoxdan qadağalar tətbiq edilib”.

QHT sədri qeyd edib ki, Azərbaycan internetində hər hansı bir platformanın qapadılması, bloklanması və ya məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna görə tənzimlənir. 2017-ci ilin mart ayında qanuna bir sıra dəyişiklik də edilib: “Bu dəyişik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə saytlara dövlətçiliyə, milli-mental dəyərlərə qarşı paylaşılan, terrorçuluq, ekstremizmə çağırış olan materiallara görə xəbərdarlıq etmək hüququ verib. Amma Azərbaycanda hər hansı sosial şəbəkə və ya axtarış sisteminin bloklanması məsələsi gündəmdə olmayıb. Milli maraqlar, dövlət təhlükəsizliyin qorunması naminə sosial şəbəkələrə dövlət nəzarəti mexanizmi həyata keçirilməlidir. Sosial şəbəkərlədə istifadəçilərin böhtan xarakterli məlumatlarının qarşısını almaq üçün yeni qanunvericlik aktı qəbul edilməlidir. İki il öncə “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” qanun layihəsi üzərində iş aparılıb. Təəssüflər olsun ki, qanun layihəsinin hələ də qəbul olunmaması sosial şəbəkələrdə hərc-mərcliyin və sui-istifadə hallarının baş alıb getməsinə səbəb olur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə