"Regionda dəyişən proseslər Azərbaycanın lehinə olacaq” ÖZƏL-MÖVQE

“Rəsmi Moskva ilk növbədə Araik Arutunyanın oyuncaq rejiminin fəaliyyətini qadağan etməli, burada "müdafiə ordusu" adlandırılan erməni silahlı birləşmələrini ləğv edib, ermənilərlə azərbayacanlılılar arasında sülh missiyasını dəstəkləməlidir”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə naziri Vaqarşak Arutunyan Xankəndiyə səfəri ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü pozmaq və onun səfəri sülh imkanlarının formalaşmasının qarşısını almaqdır: “İlk növbədə Rusiya sülhməramlı qüvvələri orada bu kimi məsələlərin qarşısını almalıdır və buna borcludur, amma hələlik dəstək verir. Burada Azərbaycana qarşı yeni bir təzyiq mexanizmi fomalaşdırır. Ona görə də Rusiya Türkiyə ilə birgə Xankəndidə və Laçın dəhlizində patrul sisteminə razı olmadı”.

Politoloq qeyd edib ki, müharibədə Azərbaycan böyük qələbə qazanıb və bu birmənalıdır: “Azərbaycan hələlik nəyi bacarıbsa, onu da edib. Biz tarixi qələbə qazanmışıq. Rusiya danışıqlar prosesindən kənar siyasi fəaliyyət göstərəcəksə, bunun qarşısı alınmalıdır. Azərbaycanlılar Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Şuşanın kəndlərinə qayıtmalıdırlar. Bunu Rusiya sülhməramlı qüvvələri koordinasiya etməlidir. Proses uzun çəkəcək və regionda dəyişən proseslər Azərbaycanın lehinə olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə