Lenta.ru: “Azərbaycanın kəşfiyyat və havadan müdafiə üstünlüyü vardı” FAKT

Vasili Kaşin: "“Ermənilər qarşı tərəfin hərbi obyektlərinin yerləşmə məntəqələrini pis təsəvvür edirdilər"

“Erməni tərəfinin Dağlıq Qarabağda aldığı məğlubiyyət hakimiyyətin hərbi əməliyyatlara hazır olmamasının və buraxılan bir sıra səhvlərinin nəticəsidir”. SİA xəbər verir ki, lenta.ru bu barədə ekspertlərin RBK-da işıq üzü görən məqalədə danışdıqlarını yayımlayıb.

“Müharibənin mühüm elementi kəşfiyyat vasitələridir və burada Azərbaycanın əsas üstünlüyü vardı”. Bunu Rusiyanın Beynəlxalq və Avropa araşdırmaları mərkəzinin sektor müdiri Vasili Kaşin deyib.

Onun sözlərinə görə, məhz kəşfiyyatın verdiyi koordinatlar vasitəsi ilə artilleriya itkilərin sayını çoxaltdı. “Ermənilər qarşı tərəfin hərbi obyektlərinin yerləşmə məntəqələrini pis təsəvvür edirdilər və havadan müdafiə sferasında effektsiz fəaliyyət göstərirdilər”, rusiyalı ekseprt bildirib.

Karen Vratnesyan: “Dövlət aparatı hərbi vəziyyətə hazır olmayıb”

Rusiyada fəaliyyət göstərən erməni ekspert Karen Vratnesyan da Ermənistanın məğlubiyyətinin səbəblərini açıqlayıb. Belə ki, Ermənistanın uzunmüddətli hərbi əməliyyatlara hazır olmadığını deyən Vratnesyan İrəvanın əsas səhvinin ilk növbədə qısamüddətli müharibəyə köklənməsi ilə əlaqələndirib: “İrəvanın əsas səhvi qısamüddətli müharibəyə köklənməsi olub. O cümlədən, dövlət aparatı hərbi vəziyyətə hazır olmayıb”.

Ekspert kadr seçimindəki uğursuzluqları və hərbi komandanlığın kompetentlikdən uzaq olduğunu da qeyd edib. “Ermənistanda 2018-ci ildəki “məxməri inqilabdan” sonra Milli Təhlükəsizlik Xidmətinin (MTX) dörd direktoru, Baş qərargahın üç rəhbəri, eləcə də “Qarabağ ordusunun” üç “komandanı” dəyişib. Birinci Qarabağ müharibəsinin iştirakçılarına ordunu idarə etməyə imkan verilməyib”, Karen Vratnesyan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə