Gevorq Qorqisyan: “İnsanlar öz tələbləri ilə küçələrə çıxmağa hazır deyillər” İLGİNC

“Bir neçə vasitə var ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olmaq mümkündür və bunun üçün konstitusiyanın imkan verdiyi bütün yollardan istifadə etmək lazımdır”. SİA xəbər verir ki, bu barədə Ermənistanın NovostiNK nəşrinə “Maariflənmiş Ermənistan” parlament fraksiyasının deputatı Gevorq Qorqisyan deyib.

“Küçələrdə az etirazçının olmasının və baş nazirin istefasını tələb edənlərin çoxluq təşkil etməməsinin bir çox obyktiv səbəbləri var”, deyən erməni deputat qeyd edib ki, müharibə başa çatıb, insanlar şoksonrası vəziyyətdədirlər, bəziləri yenicə sərhəd bölgələrindən geri qayıdıblar, bəziləri isə yaxınlarını, tanışlarını axtarırlar: “Lakin bu, heç cür deməyə imkan vermir ki, ictimai rəydə hakimiyyətdən narazı qalanlar yoxdur. Mövcud vəziyyətdə insanlar öz tələbləri ilə, sadəcə, küçələrə çıxmağa hazır deyillər”.

Qorqisyan hesab edir ki, Paşinyanı gəldiyi kimi hakimiyyətdən uzaqlaşdırmaq metodu mümkün deyil. Müxalifətçi deputat xatırladıb ki, Serj Sarqsyanın Nikol Paşinyan tərəfindən dəyişdirilməsi Ermənistanın məhvi ilə nəticələndi.

O, təmsil etdiyi partiyasının 13 maddəlik yol xəritəsi hazırladığını da xatırladıb və bildirib ki, onlardan birincisi Paşinyanın hakimiyyətdən getməsi ilə bağlıdır. Bu müddəa olmadan, yol xəritəsinin digər müddəalarının həyata keçirilməsi mümkünsüz olar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...