David Şahnazaryan müharibənin başa çatmadığını dedi ŞOK FAKTLAR

“Mən onda xəbərdarlıq edirdim ki, Paşinyan məqsədyönlü şəkildə və davamlı olaraq Azərbaycanın müharibəyə təhrik edilməsi siyasətini yürüdür və biz bunun şahidi olduq”

“Mən Nikol Paşinyanın istefasını ilk gündən tələb edirdim, məhz Ermənistanın baş naziri kürsüsünü tutduğu vaxtdan”. SİA xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya 1994-1995-ci illərdə Ermənistan prezidentinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan bildirib.

“Hansı daxili dəyişikliklərin baş verməsi barədə danışırdım. Güc strukturlarının məqsədli şəkildə necə dağıdıldığını anlatmağa cəhd edirdim - özü də söhbət yalnız milli təhlükəsizlikdən getmirdi. Söhbət ordu və hüquq-mühafizə orqanlarından da gedirdi. Dövlət mexanizmindəki qanunsuz proseslər barədə fikir bildirirdim”, Şahnazaryan qeyd edib.

David Şahnazaryan Qarabağ barədə də danışarkən bildirib ki, hələ onda aydın olmuşdu ki, Paşinyan hətta Serj Sarqsyanın zamanında imtina etdiyi münaqişənin həlli layihəsindən imtina etməyi də bacarmayacaq: SİTAT: “Hətta böyük hesabla bizə 1997-ci ildə təklif edilən mərhələli layihəni belə realizə etmək mümkün olmadı. Mən onda xəbərdarlıq edirdim ki, Paşinyan məqsədyönlü şəkildə və davamlı olaraq Azərbaycanın müharibəyə təhrik edilməsi siyasətini yürüdür və biz bunun şahidi olduq”.

Şahnazaryan əlavə edib: “Bizim başımıza gələnlər xalqımızın 1915-ci ildəki “genosidi” (dırnaqlar bizimdir) faciə olaraq yenidən yaşanması deməkdir”.

“Artıq onda aşkar görünürdü ki, komandanlıq bunkerində hərbi deyil, məhz siyasi qərarlar qəbul olunur”

Onun sözlərinə görə, oktyabrın 1-də o Xankəndində olub: “Cəbhədəki vəziyyətin nə yerdə olması barədə informasiyaya malik idim. Artıq onda hər şey açıq görünürdü. Məsələn, könüllülərdən o qədər pis istifadə edirdilər ki, bu, açığını desək, cinayətkarcasına idi. Hökumətin ön cəbhədə baş verənlər barədə əhaliyə verdiyi məlumatlar da cinayətkarlıq idi”.

Şahnazaryan işğaldan azad olunmuş torpaqlarımızı necə itirdiklərindən də bəhs edib: “Oktyabrın 2-də, 3-də artıq biz Cəbrayılı da itirmişdik və bilirdik ki, Moskvadan Paşinyana hər hansı konkret təklif qarşılığında hərbi əməliyyatları dayandırmaq çağırışları olurdu. Yeri gəlmişkən, sözlərimi qabaqlayaraq bildirim ki, mən hərbi əməliyyatlar davam edərkən Moskvadan gələn ən azı 4 təklif barədə bilirəm. Bu, həmin minimumdur ki, dəqiq bilirəm. Və düşmən nə qədər çox irəliləyirdisə, şərtlər də bir o qədər pisləşirdi. Bütün bu dövr ərzində vəziyyət ictimaiyyətə o səviyyədə çatdırılırdı ki, guya biz qalib gəlirik, hücuma keçirik. Artıq onda aşkar görünürdü ki, komandanlıq bunkerində hərbi deyil, məhz siyasi qərarlar qəbul olunur. Kobud desək, ordunun sükanı siyasətçilərin əlində idi”.

“İsrail PUA-ları bizim zirehli texnikalarımızı anındaca məhv edirdilər”

“Xatırlayıram ki, haradasa oktyabrın 6-da baş nazir əks-hücuma hazırlaşdıqlarını və böyük qələbənin bir addımlığında olduğumuzu bəyan etdi, düşmənin qısa zamanda darmadağın olunacağını vəd etdi”, deyə xatırladan David Şahnazaryan bildirib ki, söhbət Cəbrayıldakı əks-hücum əməliyyatından gedirdi: “Bu açıq siyasi sifariş idi, Paşinyan tərəfindən Baş qərargaha və generalitetə basqı etmək. Bir neçə general əks-hücum planını inadla rədd edirdi və heç bir halda belə bir vəziyyətdə ikən müvafiq addıma getməyi doğru hesab etmirdi. Mövcud situasiyada yeni müdafiə mövqeləri hazırlamaq lazım idi – birinci, ikinci və üçüncü müdafiə xətlərini. Bu, aşkar idi. Və ən əsası – biz döyüş meydanı üzərindəki səmanı düşmənə bütünlüklə uduzmuşduq. İsrail PUA-ları bizim zirehli texnikalarımızı anındaca məhv edirdilər”.

“Əgər həmin vaxt İrəvanda parlamentdənkənar iclaslarda Paşinyan hərbi əməliyyatları dayandırsaydı, biz bu qədər faciəvi nəticələrə sahib olmazdıq”

Şahnzazaryan qeyd edib ki, nəinki onun özü, eləcə də mütəxəssis ekspertlər də etiraf edirlər ki, bizim ordumuzun beli məhz həmin siyasi əməliyyat zamanı qırıldı: “Belə vəziyyət müharibənin bütün qanunlarına qarşı idi. Ordu davamlı olaraq geriləyirdi. Lakin 3-cü və 4-cü gün səhv etmirəmsə, bizim 600 ölümüz oldu. Hər gün təkliflər gəlirdi... Əgər həmin vaxt İrəvanda parlamentdənkənar iclaslarda Paşinyan hərbi əməliyyatları dayandırsaydı, biz bu qədər faciəvi nəticələrə sahib olmazdıq”.

David Şahnazaryan etiraf edib ki, İrəvanda kütləvi etirazlar gözləyirdi: “Düşünürdüm ki, İrəvan qaynayacaq. Ancaq belə olmadı. Bu, baş vermədi... Bugünlərdə tanışlarım məndən nəyin-necə olduğunu sıralaması ilə öyrənmək istədilər. Dedim ki, artıq Şuşada muğam oxunur, başqa nəyi izah edim ki?”

“Müharibənin əsas mövzusu yenə də Sünikdir (Zəgəzur)”

O, sonda bildirib ki, baş verənlər həqiqətən də rüsvayçı kapitulyasiya idi, lakin ən dəhşətlisi hətta indinin özündə Paşinyan öz komandası ilə hakimiyyətdən yapışıb.

“Çalışırlar ki, sükanı əllərində saxlasınlar. Özlərindən siyasi təqib zənciri düzəldiblər. Bizim ictimaiyyətə elə gəlir ki, müharibə başa çatıb. Əslində isə, müharibədə fasilə yaranıb. Rusiyalı sülhməramlıları alşıqlayıram. Ancaq müharibənin əsas mövzusu yenə də Sünikdir (Zəgəzur)”, deyə Şahnazaryan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə