Azərbaycan tarixinə qələbələr yazan Güclü Azərbaycan Ordusu

Azərbaycan tarixinə qələbələr yazan Güclü Azərbaycan Ordusu

Prezident İlham Əliyev: “Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi”

Bəli, bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Və qazanılan qələbələr Azərbaycan Prezidentin, Ali Baş Komandan İlham Əliynvin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Bir sözlə, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident cənab İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır.

“BİZ BUNDAN SONRA QÜRUR HİSSİ İLƏ YAŞAYACAĞIQ - MÜZƏFFƏR XALQ, GÜCLÜ DÖVLƏT, YENİLMƏZ ORDU VƏ GÜCLÜ İRADƏ SAHİBİ KİMİ”

“Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır”. Bu fikirləri noyabrın 16-da Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı söyləyib.

1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranların ordu quruculuğuna fikir vermədiklərini, ölkəmizi xaosa, anarxiyaya sürüklədiklərini xatırladan dövlətimizin başçısı deyib: “O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır».

Ali Baş Komandan İlham Əliyev onu da bildirib ki, Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başladı”.

“Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”, - deyə Ali Baş Komandan vurğulayıb.

Bu gün Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr bir daha sübut edir ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əks hücumu nəticəsində uzun illər işğal altında olan torpaqlarımızın azad olması xəbəri hər birimizdə böyük ruh yüksəkliyi yaradır. Çünki bu gün Azərbaycan Ordusu öz torpağı uğurunda, ərazi bütövlüyü uğrunda vuruşur.

“BİZ ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ BƏRPA ETMİŞİK VƏ HEÇ BİR STATUSDAN SÖHBƏT GEDƏ BİLMƏZ”

“Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz».

Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin mehribanlıq və sülh şəraitində yaşadıqlarını qeyd edən dövlətimizin başçısı deyib: “Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar daha yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam oradan qaçıb, nə qədər fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?!”.

“BİZ ERMƏNİSTAN ORDUSUNU ÇÖKDÜRDÜK, ERMƏNİSTANIN CİNAYƏTKAR RƏHBƏRLƏRİNƏ DƏRS VERDİK”

Səfər zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusu Ermənistan ordusunu çökdürdüyünü bildirib: “Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?!”

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi”.

Bu qələbənin güc və birlik hesabına, igidlərimizin və şəhidlərimizin hesabına əldə olunduğunu vurğulayan Ali Baş Komandan deyib: “Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar”.

Dövlət başçısı bütün çıxışlarında bildirib ki, biz haqq yolunda, öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq və bu haqq vuruşunda bizim xilaskar əsgərlərimiz şücaət göstərirlər.

“BİZİM ƏSGƏRLƏRİMİZ XİLASKAR ƏSGƏRLƏRDİR. ERMƏNİ ƏSGƏRLƏRİ İŞĞALÇI ƏSGƏRLƏRDİR. FƏRQ BUNDADIR”

Bəli, bu gün bu faktor bütün dünya tərəfindən görünməkdədir. Azərbaycan Prezidenti Vətən Müharibəsində yaralananlarla görüşü zamanı bildirib ki, bizim əsgərlərimiz xilasgar əsgərlərdir, erməni əsgərləri isə işğalçı əsgərlərdir: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür”.

Bu gün Müzəffər ordumuz Qarabağ cəbhəsində tarix yazır, işğal altında olan torpaqlarımız işğaldan azad edilir və edilməkdədir. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə