“Paşinyan qoca və qadınlarla yanaşı, uşaqları da döyüşlərə cəlb etməyə başlayıb” RƏY-ÖZƏL

“Ermənilər tarixən uşaqlardan heç bir zaman sevgi, sülh və dostluq rəmzi kimi istifadə etməyib. Kiçik yaşlardan onlarda türkə nifrət hissi aşılanıb. Bu gün Paşinyan hakimiyyəti bu hissi uşaqların əlinə silah verib döyüşə göndərməklə aşılayır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyev deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunda əsgər və zabit çatışmazlığı problemi pik həddə çatıb: “Azərbaycan Ordusu qarşısında aciz duruma düşən erməni ordusu xeyli sayda itki verib, yüzlərlə hərbçi isə silah-sursatını ataraq qaçıb. Döyüşə göndərməyə əsgər tapmayan Paşinyan hakimiyyəti qoca və qadınlarla yanaşı, hətta uşaqları da döyüşlərə cəlb etməyə başlayıb. Uşaqları döyüşçü kimi istifadə edərək, Ermənistan onları əsas hüquqlarından, xüsusən, yaşamaq və qorunmaq hüququndan məhrum edir, çünki uşaqlar döyüşçülər kimi hərbi hədəf ola bilərlər. Silahlı münaqişələr zamanı uşaqların zərər çəkməməsi üçün uşaq hüquqlarının müdafiəsi barədə hələ 1924-cü ildə Millətlər Cəmiyyəti tərəfindən Uşaq Hüquqları Haqqında Cenevrə bəyannaməsi, BMT yaradılandan sonra, 1948-ci ildə Baş Məclis tərəfindən İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, 1959-cu ildə isə Uşaq hüquqları bəyannaməsi qəbul edilib.

1949-cu il 12 avqust tarixli IV Cenevrə konvensiyası və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol mülki əhalinin, o cümlədən, uşaqların mühafizəsi haqqındadır. 1954-cü ildə uşaqların müdafiəsi üçün BMT-nin Uşaq Fondu (UNİSEF) yaradılıb, 1989-cu il noyabrın 20-də BMT Uşaq Hüquqları Konvensiyasını qəbul edib. BMT Baş Məclisi 2000-ci il yanvarın 26-da Uşaq hüquqları haqqında konvensiyaya Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokol daxil edib. Eyni zamanda, 1998-ci ildən etibarən BMT Baş Katibinin uşaqlar və silahlı münaqişələr üzrə ilk xüsusi nümayəndəsi öz işinə başlayıb: “Protokolun iştirakçısı olan dövlətlər sülh və təhlükəsizlik şəraitində uşaqların vəziyyətinin heç bir fərq qoymadan getdikcə yaxşılaşdırılmasının, həmçinin, onların inkişafı və təhsil almasını təmin etməli, silahlı münaqişələrin uşaqlara fəlakətli və geniş miqyaslı təsirinin mənfi nəticələrinin qarşısını almalı, silahlı münaqişə şəraitində uşaqlara qəsdi, həmçinin beynəlxalq hüquqa uyğun olaraq mühafizə olunan obyektlərə, o cümlədən məktəb və xəstəxanalar kimi, adətən çoxlu uşaq olan yerlərə bilavasitə hücumları pisləyir. Konvensiyanın 8-ci maddəsinə əsasən hər bir iştirakçı dövlət Uşaq Hüquqları üzrə Komitəyə məruzə təqdim etməli və həmin məruzədə bu Protokolun müddəalarının həyata keçirilməsi ilə əlaqədar özünün gördüyü tədbirlər haqqında əhatəli məlumat verməlidir. İştirakçı dövlətlər beş ildən bir məruzə təqdim etməlidirlər. Ermənistan Protokolun iştirakçısı olsa da, konvensiyaya əməl etmir”.

C.Şahverdiyev onu da qeyd edib ki, BMT Baş Məclisin 1974-cü il 14 dekabr tarixli qətnaməsinə əsasən qəbul etdiyi Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bəyannamənin 1-ci bəndində deyilir ki, mülki əhaliyə, xüsusən də, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzab-əziyyətlər gətirən hücumlar, bombalamalar qadağan edilir və belə hərəkət pislənilməlidir. 5-ci bəndə görə isə müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə həbs etmə, işgəncə vermə, güllələmə, kollektiv cəzalandırma, mənzilləri dağıtma və yaşayış yerlərindən zorla qovma daxil olmaqla, qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddar, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər hesab edilir: “1989-cu il Uşaq Hüquqları Konvensiyasının 4-cü maddəsində yazılır: "Silahlı münaqişələr zamanı mülki əhalinin qorunması, beynəlxalq hüquq normalarına riayət etmək üçün iştirakçı dövlətlər uşaqların qorunması və onların münaqişə zonasından çıxarılmasını təmin etmək məqsədilə bütün mümkün tədbirlərdən istifadə etməlidirlər. Ermənistan bütün beynəlxalq hüquq normalarını ayaq altına atan terror dövləti kimi uşaqları da hədəfə alır. Minlərlə günahsız uşaq erməni terrorunun qurbanına çevrilib. Ermənistan hökuməti tərəfindən həyata keçirilən terror fəaliyyəti nəticəsində minlərlə uşaq vəhşicəsinə qətlə yetirilib, yaralanıb, itkin və ya əsir düşüb, ömürlük şikəst edilib...Bütün bunlara baxmayaraq, sonrakı cinayətlərinin qarşısının alınması üçün Ermənistan cəzalandırılmır və uşaq hüquqlarının müdafiəsi haqqında qəbul edilən beynəlxalq sənədlər kağız üzərində qalır. Halbuki Ermənistan kimi təcavüzkar, işğalçı dövlətin beynəlxalq humanitar normalara riayət etməsi üçün həmin sənədləri qəbul edən qurumlar tərəfindən hüquqi məcburetmə mexanizmi yaradıla bilər və onun yaradılması lazımdır. Ancaq göründüyü kimi, Ermənistan nəinki azərbaycanlı uşaqların hüquqlarını pozmağa davam edir, hətta erməni uşaqların da hüquqlarını pozmaqdan çəkinmir. Dünya birliyi, müvafiq beynəlxalq təşkilatları ermənilərin uşaqların əlinə silah verib döyüşə göndərmək təcrübəsini araşdırmalı və Ermənistan tərəfindən uşaq hüquqlarının pozulmasının dayandırılması üçün lazımi tədbirləri görməlidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə