“Torpaqlarımız azad ediləcək və şəhidlərimizin qisası alınacaq” RƏY-ÖZƏL

Anar Xəlilov: “Cinayətin bir başa günahkarı Ermənistanın baş naziri Nikol Paşinyandır”

“Ermənilərin Azərbaycan ordusunun əks hücum əməliyyatı qarşısında məğlubiyyəti artıq qaçılmazdır. Bunu bütün dünya eləcədə də ermənilər özləri də dərk edir. Artıq işğaldan üç rayon mərkəzimiz və yüzlərlə qəsəbə, kəndlərimiz azad edilib. Hər gün Ali baş komandan yeni azad olunan yaşayış məskənlərinin haqqında məlumat verir. Düşmənin demək olar ki, 90 faiz hərbi texnikası sıradan çıxarılıb və ya qənimət götürülüb. Ermənistan ordusu dağınıq başı pozuq dəstə halına çevrilib”. Bunu “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, döyüş meydanında Azərbaycan əsgərlərinə məğlub olan ermənilər öz xislətlərinə uyğun olaraq həmişə olduğu kimi dinc insanlarla döyüşür və onları qətlə yetirirlər: “Onlar dinc Azərbaycan şəhərlərini raket atəşinə tuturlar. Ermənilərin bu addımı bütün Beynəlxalq konvensiyalara ziddir və hərbi cinayət hesab olunur. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu əməllərə qarşı artıq cinayət işləri açmışdır. Bir mənalı şəkildə vətəndaş cəmiyyəti nümayəndəsi olaraq bəyan edirəm ki, bu cinayətin bir başa günahkarı Ermənistanın baş naziri Nikol Paşinyandır. Həmçinin separatçı oyuncaq qurumun rəhbəri Araik Arutunyan, onun hərbi cinayətkar ətrafıdır. Bu şəxslərin hər biri tutularaq Beynəlxalq hüquq normaları çərçivəsində mühakimə olunmalıdırlar”.

Anar Xəlilov əminliyini ifadə edərək bildirdi ki, tezliklə qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edəcəyik: “Bütün erməni hərbi-siyasi cinayətkarlar ya döyüş meydanında məhv ediləcək ya da tutularaq mühakimə ediləcəklər. İrəvanda əyləşən başda Paşinyan olmaqla digər cinayətkarları isə faciələrini dərk edəcək erməni cəmiyyətinin özü mühakimə edəcəkdir. Ali Baş komandanımızın qətiyyəti, siyasi iradəsi və yüksək sərkərdəlik qabiliyyəti nəticəsində ordumuz bütün işğal olunmuş torpaqlarımızı azad edəcək və şəhidlərimizin qisası alınacaqdır. Cinayətkar faşist ideologiyasına xidmət edən hərbiləşmiş erməni siyasətçiləri və terroristləri isə öz cəzalarını mütləq alacaqlar. Bu cəzanı Azərbaycan xalqı ilə yanaşı, uzun illərdi xəstə ideologiyaları ilə məhvə apardıqları Ermənistan cəmiyyətinin özü də verəcəkdir. Əslində bu gün Azərbaycan ordusu təkcə öz torpaqların işğaldan azad etmir eyni zamanda erməni cəmiyyətini də bu murdar faşist xuntasından xilas edir. Zaman gələcək bunu dərk edən erməni cəmiyyəti daim Azərbaycan xalqına minnətdar olacaqdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə