Azərbaycan haqq yolundadır və öz qanuni ərazilərini geri qaytaracaq! - ŞƏRH

Prezident İlham Əliyev: “Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi”

“Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və buna hazırlaşırdıq”. Prezident İlham Əliyev bunu oktyabrın 19-da Rusiyanın “TASS” informasiya agentliyinə müsahibəsində atəşkəslə bağlı suala cavabında bildirib.

Ermənistan atəşkəs rejimini kobud şəkildə pozduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkəranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi”.

Azərbaycan Prezidenti qeyd edib ki, bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər: “İki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər”.

“Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib”

Dövlət başçısı bildirib ki, vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil: “Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq”.

Prezident İlham Əliyev bildirib ki, ardıcıl olaraq Yerevandan verilən bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddidir: “Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq”.

“Milli uyuşmazlıqdan danışan Ermənistan prezidenti özünün faşist mahiyyətini nümayiş etdirib”

Dövlət başçısı onu da bildirib ki, Minsk qrupu nizamlama üçün bünövrə yaradıb: “Buraya ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normalarına tamamilə uyğun gəlir. Çünki Ermənistan prezidentlərindən biri ermənilərin və azərbaycanlıların milli uyuşmazlığından danışarkən, o, bir daha özünün faşist mahiyyətini nümayiş etdirib”.

Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın faşist niyyətli tezisləri, əlbəttə ki, nizamlamaya kömək etmirdi: “Niyə azərbaycanlılar və ermənilər Rusiyada sakit yaşaya, ümumi biznesə, qarışıq ailəyə sahib ola bilirlər? Niyə bəzi gürcü kəndlərində ermənilər və azərbaycanlılar bir yerdə yaşayır, həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? Niyə Azərbaycanda minlərlə erməni bizim vətəndaşlarımız kimi layiqli həyat yaşayır? Buna görə də bu cür faşist niyyətli tezislər, əlbəttə ki, nizamlamaya kömək etmirdi”.
Prezident İlham Əliyev qeyd edib ki, bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır: “Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Onlar qondarma “dqr” nın xəritələrini dərc edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun hamısını da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanında gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yarıb keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləri verməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü, mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyə hazırlaşmadıqlarını göstərirdi”.

“Kompromis paketin bir hissəsi olan Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik”

“Bizim mövqeyimiz həmişə çox konstruktiv olub və həmişə demişik ki, bəli, biz anlayırıq, insanlar arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi”.
Prezident İlham Əliyev bu barədə “TASS” informasiya agentliyinə müsahibəsində nizamlamanın ardıcıllığı barədə suala cavabında bildirib.

Baza prinsiplərində Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyaların açılmasının da nəzərdə tutulduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakin bunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu, hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən asılı deyil. Yəni, bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə, - münaqişə başlayana qədər orada yaşayan bütün əhalinin 25 faizi azərbaycanlılar idi, - qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq edirik”.

“Son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər”

Dövlət başçısı bildirib ki, Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq: “Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər”.

Prezident İlham Əliyev deyib ki, çünki digər beş rayon çoxdan razılaşdırılmışdı: “Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim”.

“Ermənistana silah ötürülməsində erməni mənşəli rusiyalı iri sahibkarların və məşhur silah alverçilərinin əli var”

“Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə, biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb”. Prezident İlham Əliyev bu barədə “TASS” informasiya agentliyinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir”.

Azərbaycan Prezidenti qeyd edib ki, Rusiya tərəfinə bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman etdiyimizi bildirmişik: “Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk Qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi... Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır”.

“Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik”

“Bilirsiniz, mən Moskvada çox olmuşam. İndiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsən Prezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri Anatolyeviç Medvedev Ermənistan və Azərbaycan rəhbərləri arasında üçtərəfli görüşlər keçiriblər. Lakin Ermənistanda hakimiyyət şərti Sorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırıldı” deyən Prezident İlham Əliyev onu da deyib ki, Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və mən bu barədə demişəm, bunun üçün həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəblər var: “Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cür əlaqəyə hazırıq, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhal razılaşdıq. Bu da bizim mövqeyimizin göstəricisidir. Axı, o vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi və bu, münaqişənin təqribən on gündən çox davam etdiyi vaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq artıq hamıya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedişatını təxmin etmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya imtina etmədik”.
Prezident İlham Əliyev deyib: “Biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...