İƏT iki ölkə arasında münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həllinə çağırır
İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması və bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə edib. Təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilir: "Baş Katiblik Azərbaycan Respublikası ilə həmrəy olduğunu bir daha vurğulayır, İslam Əməkdaşlıq Təşkilatının qətnamə və qərarlarını, həmçinin BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrini xatırladaraq, iki ölkə arasında münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həllinə çağırır".
Əlbəttə ki, hələ müstəqilliymizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanla Azərbaycan arasında torpaqlarımızın 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul edilib. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib. İƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalır. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bildiyimiz kimi, cari ilin iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yaymışdı. İƏT-in Baş Katibliyi İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllini dəstəkləyən qərar və qətnamələrini bir daha xatırlatmışdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu: "Orada 57 ölkə birləşir. Bu, həm haqq-ədalətə verilən, həm də Azərbaycana verilən dəstəkdir. … Azərbaycan nə qədər çalışır ki, bəzi İslam ölkələri arasında olan hansısa ixtilaflar aradan qaldırılsın, yaxud da yumşalsın ki, ilk növbədə, biz öz evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq. Çünki əgər burada birlik olmasa, onda bizim taleyimiz necə olacaq? Müsəlman ölkələri bunu qiymətləndirir. Bütün ölkələr - 57 müsəlman ölkəsi bizi dəstəklədi. Baxmayaraq ki, bu ölkələrin bəzilərində erməni icmaları kifayət qədər böyük imkanlara malikdir. Baxmayaraq, bu ölkələrdə erməni rəsmi orqanları, onların səfirlikləri gecə-gündüz çalışırlar ki, bəzi müsəlman ölkələrini öz tərəfinə çəksinlər".
Müstəqil Azərbaycan "İslam dünyasının BMT - si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatın fəal üzvüdür. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi. Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. Azərbaycanın qədim şəhəri olan Naxçıvan ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olundu. Onu da qeyd edək ki, paytaxtımız Bakı da İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu.
27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəf alması, vandalizm əməllərinin daha bir göstəricisidir. Moskvada imzalanan humanitar atəşkəs rejimindən sonra Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması nəticəsində mülki obyektlərə və yaşayış məhəllələrinə aramsız atəşlər yağdırıldı. Çoxlu dağıntılar var, 10 adam həlak olub, 34 nəfər yaralanıb. Onların arasında uşaqlar və qadınlar da var. Gəncədə mülki insanların məskunlaşdığı əraziyə raket hücumu bir daha Ermənistanın günahsız insanları, uşaqları, qadınları hədəfə alaraq ardıcıl olaraq bu cür çirkin hücumlara əl atması onun faşizm xislətini və cinayətkar mahiyyətini bir daha sərgiləyir. Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu 1949-cu il Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə ziddir və Ermənistan bu hərəkətə görə cavab verməli olacaq. Bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinin mövcud vəziyyətlə bağlı narahatlığını ifadə etməsi bir daha təşkilatın Azərbaycanın haqlı mövqeyini müdafiə etməsinin daha bir təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB