Azərbaycan humanitar atəşkəsə razılıq verməklə sühsevər ölkə olduğunu bir daha sübut etdi - ŞƏRH ÖZƏL
"Hərbi əməliyyatların Azərbaycan ümün uğurla davam etdiyi bir vaxtda ölkəmizin humanitar atəşkəsə razılıq verməsi bir daha sübut edir ki, Azərbaycan həqiqətən sülhsevər dövlətdir. Özünün xarici siyasətini və fəaliyyət prinsiplərini beynəlxalq hüquq prinsipləri və bəşəri-humanitar dəyərlər üzərində qurur". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert bildirib ki, eyni zamanda Azərbaycan sübut etdi ki, ölkəmiz üçün müharibə məqsəd yox, sadəcə olaraq bir vasitədir: "Yəni, 30 ildir ki, erməni işğalı altında olan torpaqların azad edilməsi üçün müharibə Azərbaycanın son məcburiyyət üsulu idi ki, buna da əl atdı. Amma Azərbaycan humanitar prinspləri də yerə qoymur. Biz bir daha sübut etdik ki, ölkəmiz müharibə aparmağı da bacarır, müharibə şəraitində humanitar qayda və qanunlara əməl etməyə qadirdir. Fikrimcə humanitar atəşkəsə razılıq vermək indiki şəraitdə Azərbaycanın bir dövlət olaraq dünyada imicinin möhkəmlənməsində və insani prinsipləri heç zaman kənara atmayan ölkə imicinin möhkəmlənməsində rolu böyükdür. Bütün bunlara baxmayaraq heç bir halda imkan vermək olmaz ki, Ermənistan bu vəziyyətdən sui istifadə etsin və humanitar atəşkəsi uzatmaq üçün yollar axtarsın".
A.Quliyev vurğulayıb ki, humanitar atəşkəs müvəqqəti olmalıdır: "Bu Qarabağ probleminin uzunmüddətli və möhkəm həlli üsulu deyil. Ona görə də, humanitar atəşkəsin davam etdiyi müddətdə Ermənistan Azərbaycanın şərtlərinə uyğun olaraq torpaqların azad olunması üçün tam iradə ortaya qoymalı, qrafik təsdiqlənməlidir. Yalnız bu halda hesab etmək olar ki, humanitar atəşkəs artıq real nəticə verən bir üsuldur. Düşünürəm ki, Azərbaycan məhz bu mövqedən çıxış edəcək. Humanitar atəşkəs prinspilərinə sona qədər əməl etməklə bərabər, həm də onu Qarabağ probleminin həlli üçün daha möhkəm və uzunmüddətli şərtlər barədə razılıq əldə olunması üçün fürsət kimi həyata keçirə biləcək".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB