"Çox tezliklə Azərbaycan bayrağı Qarabağımızın hər bir güşəsində dalğalanacaq" Namiq Əhmədov
Sentyabrın 27-dən başlayaraq Ermənistan ordusu Azərbaycanın mülki əhalisinə qarşı növbəti təxribata əl atdı və bununla da öz vandallıqlarını dünyaya bir daha nümayiş etdirdi. Bu hadisə Ermənistanın sülh tərəfdarı olmadığını sübut edən ilk təxribat deyil. İstər aprel döyüşləri, istər Tovuz döyüşləri və eləcədə Dağlıq Qarabağ münaqişəsi dövründə törətdiyi təxribatlar, erməni tərəfinin bu münaqişənin həllində sülh yolunu seçmədiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə, Ermənistan tərəfinin hər dəfə mülki əhalini hədəf seçməsi, onların terrorçu bir dövlət olduğunu göstərir. Bütün bunlara baxmayaraq, cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı "Vətən sağ olsun" deyirlər və ordumuza güvənirlər.
Artıq 30 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqları uğrunda təcavüzkar siyasətini hər cür hüquqa zidd əməllərlə davam etdirir. Baş vermiş son təxribatdan sonra Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əks hücum əməliyyatına başladı və bir sıra yüksəkliklər, yaşayış məntəqələri, kəndlər işğaldan azad olundu. Əks həmlə əməliyyatının başlamasının əsas səbəbi mülki əhalini qorumaq və ərazi bütövlüyümüzü təmin etməkdir. Hal-hazırda bütün cəbhə boyu ərazilərdə aparılan döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin bir sıra əraziləri işğaldan azad etməsi və döyüşlərdəki üstünlüyü tam ələ alması bir daha onu göstərir ki, Azərbaycan Ordusu düşməni darmadağın etmək iqtidarındadır. Azərbaycan Ordusunun bölmələri cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Azərbaycan əsgərləri öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşülməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.
Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb. Hər bir şəhid də xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaqdır.
Bugün Azərbaycan Ordusu düşmənə və bütünlükdə dünyaya öz əzəmətini və qətiyyətini yenidən nümayiş etdirir. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır. Çox tezliklə Azərbaycan bayrağı Qarabağımızın hər bir güşəsində dalğalanacaq.
Əhmədov Namiq Məcid oğlu
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB