"Rusiya Paşinyanı cəzalandırır" ÖZƏL-RƏY

"BMT Təhlükəsizlik Şurası Qarabağ məsələsinə görə qapalı toplandı. İlk növbədə, bu qurumun dörd qətnaməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün işğalçı qüvvələrin ərazilərdən çəkilməsinə çağırır. Azərbaycan daima beynəlxalq hüquq kimi məhz, bu qətnamələrə istinad edib". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Fransanın təşəbbüsü ilə təhlükəsizlik şurası çağırılmışdı: "Bu toplantıdan Ermənistanın gözləntiləri nəticə vermədi. Azərbaycanın bu şuradan onsuz da gözləntiləri yox idi. Gözlənildiyi kimi, TŞ tərəfləri atəşkəs və danışıqlara başlanmasına çağırdı. Azərbaycan bu nəticədən razıdır. Amma TŞ mövqeyini ortaya qoyub, qəbul etdiyi dörd qətnamənin icrasını Ermənistan tərəfindən yerinə yetirilməsini tələb etməli idi.

İki gün bundan əvvəl, BMT Baş katibi A.Quttereş prezident İlham Əliyev və N. Paşinyana zəng edərək, qeyd şərtsiz danışıqların bərpasını istəyib. Təəssüf ki, bu mötəbər qurumun rəhbəri də işğalçı və işğala məruz qalan arasında fərq qoymur. Rəhbəri olduğu təşkilatın qətnamələrinə hörmət etmir. Belə olan təqdirdə, bu təşkilatdan müsbət nəticələr gözləməyə dəyməz.

Minsk qrupunun həmsədri kimi ABŞ prezidenti D. Tramp hazırkı vəziyyətə qarışmır. Çünki baş verənlər Vaşinqtonun geosiyasi maraqlarına cavab verir. Həmçinin D. Tramp öz müşaviri C. Boltonu iki il əvvəl regiona göndərmişdi. "Bolton planı" adlandırılan həll variantını Paşinyana təqdim etmişdi. Azərbaycan əraziləri qaytarılır, sülh əldə edilir, Türkiyə və Azərbaycana düşmənçiliyə son qoyulur. Region inkişafa doğru gedir.

Paşinyan ABŞ-ın variantlarını qəbul etmədi. Əksinə, sülh və təhlükəsizliyi təhdid edən siyasət apardı. Ona görə də Paşinyanın Vaşinqtona zəng edib kömək istəməyə üzü yoxdu. ABŞ Ermənistandan əlini üzüb. Dəstək verdiyi Nikol Paşinyan da iki stulda oturmağa başladı. Bu da ABŞ-ı qane etmədi.

Beynəlxalq birliyin reaksiyasina gəldikdə, Azərbaycan hərbi əməliyyatları öz ərazisində keçirir. Bundan sonra da heç bir ölkə qarışmayacaq. Rusiya Azərbaycanın bir neçə rayonu götürməsini gözləyir. Bundan sonra, Putin Bakıya zəng edib, Prezident İlham Əliyevdən Ermənistanın kompromisə gedəcəyini bildirməklə, atəşkəsə getməsini xahiş edə bilər.

Qarabağ məsələsi Ankara-Moskva müstəvidə olmaqla, yeni siyasi proseslər olacaq. Hərbi əməliyyatlar davam edir. Ermənistan ciddi itkilər verir. On günə Ermənistan tam zəifləyəcək. Azərbaycana xahişlər edəcək. Ermənistan Rusiyanın forpostudur. Və Ermənistandan çıxmağı yaxın perspektivdə mümkün görünmür.

Baş verənlər Rusiyanın da maraqlarına cavab verir. Kremlin planı Nikol Paşinyanın xalqın devirməsidir. Bu, labüddür. Bununla da Rusiya dəstəkli siyasi qüvvələr hakimiyyətə gələcək.

Nikol Paşinyanin anti-Rusiya siyasəti Azərbaycanın maraqlarına cavab verdi. Rusiya Paşinyanı cəzalandırır. Bundan əlavə, Rusiyada Azərbaycanla da münasibətləri pozmamaq siyasətini aparır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə