Diletant, uğursuz və “məxməri” Ermənistan TƏHLİL

Diletantlıq, "məxməri inqlab" və Ermənistan hakimiyyətinin hər istiqamətdəki uğursuzluqları erməni xalqına çox baha başa gələ bilər. Əslində, bir çox erməni politoloqları bu barədə həyəcan siqnalı çalmaqdadır və işğalçı ölkəyə onun hakimiyyətinin səhvlərinin necə baha başa gələcəyini çatdırmağa çalışırlar. Əfsus ki, onlar nə bu həyəcan siqnalından, nə də qarşılaşacaqları açınacaqlı durumlarından, hər istiqamətdə itirəcəklərindən bir şey anlamaq istəmirlər. Anlamaq istəmirlər ki, indi müharibə hər an belə mümkündür, qaçılmazdır və günü sabah başlaya da bilər.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev son dəfə bəyan etdi ki, Ermənistan təcavüzkar bir dövlətdir, bu dövlətin Azərbaycana və azərbaycanlılara nifrəti çirkin siyasətlərində əks olunur. Ölkə başçımız xəbərdarlıq etdi ki, çirkin planlarından əl çəkməsələr, çox ciddi itgilər verəcəklər. Bu sözlər sübut edir ki, Azərbaycan artıq çoxdandır böyük bir müharibəyə tam hazırdır və dünya birliyi bundan sonra Ermənistanı xilas edə bilməyəcək.
Cənab Prezident açıq şəkildə bildirdi ki, təmas xəttinə yaxın ərazilərdə qüvvələrin cəmlənməsi baş verir, hər şey, ermənilərin bütün hərəkətləri izlənilir. Tovuzda erməni təxribatının qarşısı necə qətiyyətlə alındısa, işğalçılar necə yerində oturduldusa, növbəti dəfə də Ermənistan tərəfi eləcə itgilərlə qarşılaşacaq. Ölkə başçısı vurğuladı ki, Tovuzdakı hadisələr ermənilər üçün bir dərs oldu və bir daha dərs almaq istəyirlərsə, biz buna hazırıq.

Doğrudur, Nikol Paşinyan və onun hakimiyyəti, səlahiyyətliləri eyni, ənənəvi polulizmlə çıxış edərək iyul döyüşlərində uğur qazandıqlarını iddia edirlər. Amma, ağlı başında olan hər hansı bir hərbi ekspert iyul hadisələri zamanı, ermənilərin Tovuz təxribatları zamanı necə zərbə aldığını, hansı itgilərlə qarşılaşdıqlarını onların özlərinə yaxşıca başa sala bilər. Belə hərbi ekspertlər arasında erməni mənşəli olanlar da var və onlar da Ermənistanın məğlubiyyətini etiraf edirlər.
Ancaq vacib olan bundan sonra baş verəcəklərdir, yaxud gözlənilənlərdir. Çünki, Ermənistan tərəfi faktiki olaraq bütün danışıqlardan imtina edir, yaxud formal danışıqlar arzulayır. Arzulayır ki, prosesi uzatsın və bununla da Qarabağda ermənilər tərəfindən törədilən bütün əməllər, daha dəqiq desək vəhşiliklər, soyqırımlar, işğal siyasəti unudulsun. Amma son vaxtlar ermənilər bunun da faydasız olduğunu anladılar. İyul hadisələrinin, son erməni təxribatlarının ardınca Azərbaycan xalqının necə reaksiya verdiyini seyr edən ermənilər dərk etdilər ki, yanılırlar. Dərk elədilər ki, Azadlıq meydanına toplaşan insanların, Azərbaycan vətəndaşlarının vətənpərvərlik ruhu ermənilərin ağlına belə sığası deyil və çox yüksəkdir. Dərk elədilər ki, belə vətənpərvərlik ruhu olan insanlara əməllərini unutdura bilməyəcəklər və torpaqlarımızdan xoşluqla çıxmayacaqları təqdirdə onsuz da müharibə reallığı ilə üz-üzə qalacaqlar. Bütün mövcudluğu dövründə bu torpaqsız, vətənsiz ermənilərin isə işğalla, təcavüzlə müvəqqəti də olsa qamarladıqları torpaqlardan öz xoşları ilə geri çəkiləcəkləri real görünmədiyi üçün müharibə riski ilə qarşılacaqlarının da özləri fərqindədirər. Hətta, Artur Vanesyan kimi biri reallıqları, itgi verəcəklərini etiraf edir.

Məsələ burasındadır ki, özlərini belə göstərməyə çalışsalar da ermənilər vəziyyətə heç də laqeyid yanaşmırlar. Çünki, bir sıra həqiqətlərdən xəbərdardırlar. Ölkəmizin hərbi qüdrətindən, hərbçilərimizin, vətəndaşlarımızın vətənpərvərlik ruhundan, ölkəmizin mövcud potensialından xəbərdardırlar və bununla yanaşı bir sıra məqamlar da onlar üçün vahiməli görünür.

Birincisi, Türkiyənin tamamilə açıq şəkildə Azərbaycanla birləşdiyini görürlər. Türkiyə-Azərbaycan təlimləri, düşmənin müxtəlif bölgələrində çox sayda türk hərbçilərinin meydana çıxması, rəsmi Ankara təmsilçilərinin Ermənistana açıq şəkildə bəyanatlar verməsi ermənilərin yuxularını ərşə çəkib və bu mənada onları başa düşmək olar. Çünki, hər iki qardaş ölkənin hərbi birliyi qarşısında nəinki ermənilərin, eləcə də onların havadarlarının belə dayana biləcəyinə inanmırlar. Ermənilər bu birliyin dadını bir dəfə bir əsr bundan öncə, 1918-ci ildə də görüblər və darmadağın olduqlrını da unutmayıblar. Üstəlik indi daha güclü olan Türkiyə ilə birliyimizə görə kürklərinə birə düşüb. Digər tərəfdən də işğalçıları daha çox narahat edən hər iki ölkənin bu qardaşlığının, birliyinin fonunda ABŞ, Fransa və Rusiyanın susqunluğudur. Bir zamanlar sadalanan dövlətlərə güvənərək səsini çıxaran ermənilər indi güvəndikləri yerlərdən əllərini üzməsələr də, bir dəstək görmürlər deyə, çox böyük risklə qarşılaşdıqlarını anlayırlar.

İkincisi, Rusiya Federasiyasının mövqeyindən xüsusilə narahatdır ermənilər. Son təxribatları zamanı Rusiyanın onları dəstəkləyəcəyini gözləməlrinə baxmayaraq bunu, bu dəstəyi görmədilər. Əksinə, gördülər ki, Tovuz istiqamətində Ermənistanın təxribatına Rusiya ermənilərin arzuladıqları mövqeyi sərgiləmədi. Rusiya Xarici İşlər naziri Sergey Lavrov təxribatın Ermənistan tərəfindən edildiyi fikrini bildirməsi bu işğalçı ölkə üçün məhv olmaqla eyni dərəcəli bir məqam sayıla bilər. Ona görə ki, Lavrovun sözü onun öz şəxsi düşncələri deyildi və Rusiyanın mövqeyini ifadə edirdi. Yəni, ermənilər Rusiyanın mövqeyi ilə qarşılaşanda şok keçirdilər və durumlarının fərqində oldular. Fərqində oldular ki, Ermənistan deyilən dövlətin bir növ yaradıcısı sayıla biləcək Rusiya da ondan imtina edə bilər yeri gələndə və bu zaman onların halının necə olacağını anlamaq çətin deyil.
Üçüncüsü, Rusiya mediasına getdikdə, böyük qardaş saydıqlarının da mediasının Ermənistana qarşı işlədiyini gördü ermənilər. Gördülər ki, son dərəcə Azərbaycan və türk həqiqətlərini əks etdirən materiallar dərc edir Rusiya mətbuatı. Məsələn, Rusiyanın Qazeta.Ru nəşri, 25 kürd yaraqlıdan ibarət bir qrupun, Urmiya şəhərinin tranzit nöqtəsi olduğu İran və Suriya ərazisindən İraq ərazisindən Ermənistana köçürüldüyünü və daha iki qrupun da yaxın vaxtlarda Ermənistana köçürüləcəyini yazır. Ermənilər düşünürlər və iddia edirlər ki, bütün bunlar təsadüfi deyil. Hətta, bunu Rusiyanın Ermənistana qarşı tamamilə xain hərəkətləri zənciri hesab edirlər. Bəlkə də yaltaqlıqları, xidmətləri müqabilində adekvat reaksiya görmədikləri üçün xain hərəkət kimi dəyərləndirirlər rus qardaşlarının mövqeyini. Rəsmi Bakının açıq şəkildə Ermənistanın rəsmi strateji müttəfiqi hesab olunan Rusiyanın onlara silah tədarük etməsi ittihamından sonra Rusiya Federasiyasından tamamilə iyrənc addımlara başladığı fikrindədirlər ermənilər. Hətta düşünürlər ki, Rusiyanın Müdafiə Nazirliyinin başçısı Şoyqu Bakıda, nəyəsə görə bəhanə gətirib, onun ardınca da Lavrov onları qane etməyənlər, daha dəqiq desək gözləmədiklərini səsləndirib.

Erməni ordusunun Türkiyə-Azərbaycan qüvvələrinin hücumuna dözməyəcəyi, böyük insan və ərazi itkiləri yaşayacağımıza görə hesablamanın aparıldığı zərrə qədər şübhə doğura bilməz. Ermənilər çoxdan bu hesablamaları aparıblar və nə ilə qarşılaşacaqlarını çox yaxşı bilirlər. Bir zaman keçələrdə xalqı aldadaraq hakimiyyət kürsüsünü qamarlayan Nikol Paşinyanı isə qorxudan daha çox odur ki, bundan sonra Ermənistanın ikinci prezidenti Robert Köçəryan "xilaskar" kimi meydana atıla bilər. Onun, Putinin bütün planından bəlkə də xəbərdar olan ən yaxın adamı olması məsələsi bu şübhələri Nikolun içinə salıb və indi verdiyi populist bəyanatları yalnız çulunu sudan çıxarmaq üçündür. Yəni, daxili auditoruyanı yenə çaşdırmağa çalışır ki, guya Koçaryansız, nəticədə Rusiyasız belə nəyinsə öhdəsindən gələ bilər. Amma heç də bu belə deyil. Ermənilər özləri artıq düşünürlər ki, günahlandırılmalı olan Putin və Köçəryan deyil, “məxməri” Ermənistan hökumətidir. Ən çoxu da hakimiyyəti naminə bütün Ermənistanı, erməni xalqını, əgər buna xalq demək mümkünsə, ayaqlar altına atan Nikol Paşinyanda bütün günahların cəmləndiyini düşünənlər var və bunlar çoxluq təşkil edirlər. Bu çoxluq dərk edir ki, Paşinyan hakimiyyətinin diletantlığı və hər istiqamətdə uğursuzluğu ümumilikdə ermənilər üçün çox baha başa gələcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə