“Ölkə rəhbəri Ermənistanın terrorçuluq fəaliyyətini real faktlarla ifşa etdi” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Cənab İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasındakı çıxışı beynəlxalq aləmdə geniş əks-səda yaratmaqla, həm də dövlətimizin başçısının bəşəri dəyərlərə əsaslanan humanizmini, beynəlxalq hüquq normalarına, insanlığa hörmətini, dünyada baş verən hadisələrə real qiymətini əks etdirmişdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədru, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, sözsüz ki, həmişə olduğu kimi, bu dəfə də ölkəmizin rəhbəri xalqımızın milli maraqları mövqeyindən çıxış etmiş, Ermənistanın təcavüzkarlıq əməllərini, terrorçuluq fəaliyyətini, son günlər sərhədyanı rayonlarda törədilən təxribatları, ölüm hallarını ön plana çəkmiş və erməni faşizminin mahiyyətini, gələcək planlarını real faktlarla ifşa etmişdir.
“Cənab İlham Əliyev bir daha qətiyyətlə bildirmişdir ki, Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Dövlətimizin başçısı bir daha öz fikrini bütün dünyaya bəyan etmiş və bildirmişdir ki, sülhə nail olmaq üçün bizim yeganə şərtimiz var, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Ancaq Ermənistan heç br beynəlxalq sənədə, qərara məhəl qoymur, nasizmi təbliğ edir, şöhrətləndirir, yeni işğal planları hazırlayır, terrorçuları Qarabağ torpaqlarında yerləşdirməklə, Suriyadan, Livandan olan erməniləri bu ərazilərdə məskunlaşdırmaqla, müharibə cinayətlərini təkrarlayır, qarşıdurmalara zəmin yaradır. Prezidentimiz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təxribatdan çəkindirməyə dəvət edib və qətiyyətlə deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının Qətnamələri əsasında həll edilməlidir. Əlbəttə, bizim başqa yolumuz yoxdur. Əgər Ermənistanın hərbi-siyasi rəhbərliyi deyilənə əməl etməsə, Azərbaycan öz ərazilərini terrorçulardan təmizləmə hüququnu özündə saxlayır və sözsüz ki, torpaqlarımız hərbi yolla işğaldan azad ediləcək. Çünki, Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək imkanı böyükdür və Azərbaycanın çox güclü, qüdrətli ordusu vardır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə