PKK terrorçuları Qarabağa yerləşdirilir "CÜMHURİYYET"

PKK terrorçuları Qarabağa yerləşdirilir "CÜMHURİYYET"

Livan ermənilərinin ardınca, işğal altındakı Dağlıq Qarabağa PKK terror təşkilatının “xüsusi təyinatlı gücləri” yerləşdirilib. SİA xəbər verir ki, bu sensasiyalı xəbəri Türkiyənin “Cümhuriyyet” qəzeti yazıb.

Qardaş ölkənin nəşri qeyd edir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsi yönündəki fəaliyyətini davam etdirir. Beyrutda baş vermiş partlayışdan sonra Paşinyan hökuməti 100-dən çox Livan ermənisini işğal altındakı Dağlıq Qarabağ və ətraf ərazilərinə yerləşdirib. Buna qədər isə, Qarabağda Suriya erməniləri yerləşdirilib.

“Demoqrafik vəziyyətin dəyişdirilməsi ilə yanaşı, Paşinyan Dağlıq Qarabağda hərbi fəaliyyəti də gücləndirib. Regional təhlükəsizlik sahəsindəki mənbələrin informasiyalarına görə, PKK terror təşkilatının sözdə “xüsusi təyinatlı gücləri” Dağlıq Qarabağa göndərilərək orada ermənilərlə təlimlər keçirlər. PKK Qarabağda yeni hücumlara hazırlaşır və bu arada 250 erməni hərbi qulluqçusu Suriyaya PYD/YPG terror təşkilatına birləşmək üçün göndərilib”, türk qəzeti qeyd edir.

Nəşrdə o da bildirilir ki, erməni hərbçiləri ilə PKK əməkdaşlığı Fransanın ortaqlığı ilə təşkil edilib. Erməni hərbçiləri PKK ilə məhz Fransanın nəzarəti və ortaqlığı ilə danışıqlar aparır. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bugünlərdə bəyan edib ki, livanlı ermənilərin Dağlıq Qarabağa köçürülmələri sadəcə, “aysberqin görünən tərəfidir”

“Keçmiş səfir deyib ki, son iki ayda PKK-nın yüzlərlə terrorçusu İraq və Suriyadan Dağlıq Qarabağa yerləşdirilib”, “Cümhuriyyet” qəzeti yazır.

Xatırladaq ki, daha əvvəllər də bənzər məlumatlar ictimailəşdirilib və qeyd olunub ki, Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcər rayonunda PKK terror təşkilatının təlim düşərgələri mövcuddur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə