"Hər bir dövlətin gücü, qüdrəti onun maliyyə imkanlarına bağlıdır" ÖZƏL-MÜNASİBƏT

"Hər bir dövlətin gücü, qüdrəti onun maliyyə imkanlarına bağlıdır" ÖZƏL-MÜNASİBƏT

"Hər bir dövlətin gücü, qüdrəti onun maliyyə imkanlarına bağlıdır. Bu isə öz növbəsində dövlətin iqtisadi potensialından birbaşa asılıdır. Müstəqilliyini bərpa edən Azərbaycanın iqtisadiyyatı 90-cı illərin əvvəllərində acınacaqlı durumda idi. Bir tərəfdən iqtisadi əlaqələrin qırılması, SSR-İ dönəmində kooperasiya əsasında fəaliyyət göstərən zavod və fabriklərin dayanması, digər tərəfdən ölkədaxili gərgin siyasi proseslər, Ermənistanın Dağlıq Qarabağı,onun ətrafındakı 7 rayonumuzu işğal etməsi ölkəmizin iqtisadiyyatını acınacaqlı duruma salmışdı. Ümummilli Lider Heydər Əliyevin gərgin zəhməti hesabına dağıdıcı proseslərin qarşısının alınması, vətəndaş sülhünün yaradılması, cəbhədə atəşkəsin əldə edilməsi iqtisadiyyatın tam iflasının qarşısını aldı. "Əsrin Müqaviləsi " adlandırılan neft kontraktlarının imzalanması ölkəyə investisiya axınının təmin olunmasına rəvac verdi. Bütün bu görülən tədbirlər 2000-ci illərin əvvəllərində öz müsbət bəhrəsini verməyə başladı". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, karbohidrogen ehtiyatlarımızın uğurla dünya bazarlarına çıxarılması ölkəmizin maliyyə imkanlarını xeyli artırdı: "Əldə edilən vəsaitlərin iqtisadiyyatın inkişafına, böyük infrastruktur layihələrinin reallaşmasına yönəldilməsi Azərbaycanda böyük inkişafın əsasını qoydu. Son 20 il ərzində ölkəmizdə ümumidaxili məhsulun həcmi 3 dəfə artdı. Bu makroiqtisadi göstəricinin nəticəsidir ki, Azərbaycanda yoxsulluğun, işsizliyin səviyyəsi minimuma endirilmiş, vətəndaşlarımızın rifahı xeyli yüksəlmişdir. Lakin son illərdə dünya iqtisadiyyatında baş verən böhranlar, neqativ tendensiyalar bizim milli iqtisadiyyatımızdan da yan keçməmişdir. Belə ki, dünyaya inteqrasiya etmiş, geniş əlaqələrə malik ölkəmiz də dünya bazarındakı dalğalanmalardan və krizislərdən müəyyən iqtisadi zərərlər görmüşdür. Hazırda insanların həyat və sağlamlığına böyük zərbələr vuran koronavirus qlobal və milli iqtisadiyyatlara da böyük itkilər gətirmişdir. Mütəxəssislərin hesablamalarına görə ,milli iqtisadiyyatlarının pandemiyadan əvvəlki səviyyələrinə qayıtmaları üçün uzun zaman lazım gələcəkdir.

Koronovirusla effektiv mübarizə aparan ölkəmizdə postpandemiya dönəmində iqtisadiyyatın inkişaf templərini sürətli bərpasının təmin olunması, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, dayanıqlı inkişafın əldə edilməsi, investisiya mühütünün əsaslı şəkildə yaxşılaşdırılması üçün dövlət başçısının sərəncamı ilə İqtisadi Sabitlik Şurası yaradılmışdır. Prezidentin müvafiq fərmanında göstərildiyi kimi, İqtisadi Şuraya Baş nazir rəhbərlik edir və qurumun fəaliyyətində iqtisadi islahatların həyata keçirilməsi, sürətləndirilməsi, dünya iqtisadiyyatında baş verən proseslərin təhlil edilməsi, araşdırılması və s. məsələlər yer tutur. Şuranın hazırlayacağı və prezidentə təqdim ediləcəyi təkliflər sözsüz ki, ölkəmizdə aparılan iqtisadi siyasətin yeni strateji istiqamətlərini və çərçivəsini müəyyən edəcəkdir. Bu, olduqca mühüm bir məsələdir. Zənnimcə, İqtisadi Şuranın çevik fəaliyyəti ölkəmizin hərtərəfli, dinamik inkişafının təmin edilməsində böyük rol oynaya bilər. Fikrimcə, Şuranın işinin daha səmərəli qurulması üçün qurumun müstəqil iqtisadçılar, iqtisadi araşdırmalarla məşğul olanan QHT-lər və ekspertlərlə əməkdaşlıq etməsi ümumi işin xeyrinə olar. Bir sözlə, Prezidentin yaratdığı İqtisadi Şura ölkə iqtisadiyyatının inkişafı və gələcəyi üçün böyük əhəmiyyətə malikdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə