“Azərbaycan başqa dövlətlərin qibtə edəcəyi dərəcədə irəliləyə bilib” ÖZƏL-ŞƏRH

“Azərbaycan başqa dövlətlərin qibtə edəcəyi dərəcədə irəliləyə bilib” ÖZƏL-ŞƏRH

“Azərbaycan, ümumiyyətlə, beynəxalq dövlətlərarası təşkilatlarda iştirakını bir qayda olaraq, onunla şərtləndirir ki, bu iştirak həm dövlət olaraq Azərbaycana və xalqına faydalı olsun. Yəni burada dövlətimizin və xalqımızın milli maraq və mənafeləri üstün tutulsun, bizə heç bir zərəri olmasın. İkinci bir tərəfdən də o təşkilatlara üzv olmaqla qlobal proseslərin, problemlərin həllinə töhfə verilmiş olar.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, bizim ümumiyyətlə, beynəlxalq təşkilatlarda iştirakımız bu prinsiplər, yəni dövlətimizin və xalqımızın milli maraq və mənafelərinin üstün tutulması üzərində qurulur.
“Qoşulmama hərəkatına gəlincə, artıq bu il sentyabrın 6-da 59-cu ildönümü qeyd olunan bu təşkilat təbii ki, BMT-dən sonra dünyanın ən böyük dövlətlərarası təşkilatı olması baxımından diqqət çəkir. İkinci bir tərəfdən, bu təşkilatın üzvü olan dövlətlər qlobal sülhə, qarşılıqlı anlaşmaya tövhə verməyə kökləniblər. Eyni zamanda, dünyada millətlər və dövlətlər, xalqlar arasında qarşıdurmaların olmaması üçün çalışırlar. Azərbaycan da torpaqları qonşu Ermənistan dövləti tərəfindən işğal edilmiş, bir milyona yaxın qaçqın və köçkünü olan dövlət kimi bu təşkilata artıq 9 ildir qoşulub. Ondan savayı bu 9 il ərzində Azərbaycan başqa dövlətlərin qibtə edəcəyi dərəcədə Qoşulmama hərəkatı daxilində irəliləyə bilib. Yəni o irəliləmənin nəticəsidir ki, 2019-cu ildən Azərbaycan Respublikası və təbiidir ki, onun Prezidenti Cənab İlham Əliyev bu təşkilata üç il müddətinə rəhbərlik edir. Bu rəhbərlik dövründə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir çox qlobal problemlərin həlli istiqamətində konkret addımlar atıb, təkliflərlə çıxış edib və nəticələr əldə edib.

Qeyd olunduğu kimi, BMT-nin xüsusi sessiyasının çağırılması da bura daxildir. Eyni zamanda, biz xatırladaq ki, koronavirus pandemiyası elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda Qoşulmama Hərəkatının rəhbəri Cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Hərəkatın üzvü olan 120 dövlətin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyinin iştirakı ilə onlayn konfrans keçirilib. Yəni, qlobal problemin həllində bu dəfə də Azərbaycan prezidenti, Azərbaycan dövləti lider rolunda çxış elədi. Əlbəttə ki, belə bier platforma Azərbaycana, özəlliklə də, dövlətimizə və xalqımıza gərəklidir, faydalıdır. Ona görə ki, qeyd etdiyimiz kimi, bizim özümüzün də problemlərimiz var, özəlliklə də Ermənistanın işğal faktoru. Digər tərəfdən də, biz dünyanın, bəşəriyyətin taleyinə biganə deyilik. Yəni, öz problemlərimizi bu cür platformaların vasitəsi ilə həll etməklə bərabər, bəşəri problemlərin də həllinə töhfə verməyə çalışırıq. Ötən müddət ərzində Azərbaycan dövləti bu təşkilatda iştirakı ilə göstərdi ki, qlobal problemlərin həllində mümkün olan hər şeyi edir, bir addım belə geri çəkilmir. Mən düşünürəm ki, Qoşulmama Hərəkatının üzvülüyü Azərbaycana hər iki tərəfdən fayda gətirir və gətirməyə də davam edəcəkdir. O iki tərəfə gəlincə qeyd etdiyimiz kimi, birincisi bizim milli maraq və mənafelərimizdir, ikincisi də bəşəri problemlərin həllinə verməkdə olduğumuz töhfələrdir. Hər ikisinin öhdəsindən gəlirik, bu da təsadüfi deyil. Çünki Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev qlobal səviyyədə təcrübəsi və bacarığı olan bir liderdir. Ona görə də bu Qoşulmama Hərəkatı məhz Azərbaycanın rəhbərliyi altında daha çox tanınmağa və daha çox qəbul edilməyə başlayıb”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə