"Ermənistana qarşı BMT-nin Baş Assambleyasında təşəbbüs irəli sürülə bilər" ÖZƏL - AÇIQLAMA

"Ermənistana qarşı BMT-nin Baş Assambleyasında təşəbbüs irəli sürülə bilər" ÖZƏL - AÇIQLAMA

"İşğal olunmuş torpaqlarda işğalçı ölkə məskunlaşdırmaq siyasəti apararsa, dərhal BMT-nin Baş Assambleyasında xüsusi iclas çağırılır və ya belə bir təşəbbüs irəli sürülür". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə Ermənistan hökumətinin Azərbaycanın işğal olunmuş ərazilərinə etnik mənşəli erməni olan ailələrin yerləşdirilməsi siyasətinin beynəlxalq tribunalarda gündəmə gətirilməsinin labüdlüyündən danışarkən deyib.

"Əslində, bu beynəlxalq normaların kobud şəkildə pozulmasının əyani göstəricisidir. Bununla bağlı, təbii ki, biz müəyyən tədbirlər görməliyik. Xüsusilə də, beynəlxalq təcrübəyə istinadən bu prosesi həyata keçirməliyik. Beynəlxalq praktikada belə bir təcrübə var ki, işğal olunmuş torpaqlarda işğalçı ölkə məskunlaşdırmaq siyasəti apararsa, dərhal BMT-nin Baş Assambleyasında xüsusi iclas çağırılır və ya belə bir təşəbbüs irəli sürülür. BMT-nin əsas üzvləri buna razılıq verəndən və BMT Təhlükəsizlik Şurası bu məsələyə baxandan sonra xüsusi iclas keçirilir. Beləliklə, məsələyə dair yekun bir sənəd qəbul edilir. Beynəlxalq aləmdə belə bir praktika mövcuddur. Bu təcrübədən biz istifadə edə bilərik" - deyə, politoloq bildirib.

İlqar Vəlizadənin sözlərinə görə, kifayət qədər sənəd və sübutlar toplandıqdan sonra bu prosesə başlaya bilərik, eyni zamanda bu siyasətin müxtəlif mötəbər təşkilatlar tərəfindən də qınanmasına nail olmalıyı:

"İslam Konfransı Təşkilatı çərçivəsində, eyni zamanda, Qoşulmama Hərəkatı ölkələri tərəfindən də məsələ ilə bağlı müvafiq sənədlər qəbul edilə bilər. Həmçinin, ATƏT səviyyəsində, ATƏT-in Parlament Assambleyası çərçivəsində bu məsələ gündəmi təşkil edə bilər. Xeyrimizə olan rezolusiyaların, qətnamələrin sayının çoxluğu bizə imkan verəcək ki, digər mərhələli addımlar ataq, müxtəlif dövlətlər tərəfindən sanksiyaların tətbiq edilməsinə nail olaq. Bu təcrübədən də istifadə edə bilərik. Təbii ki, bunun üçün müəyyən işlər aparılmalıdır. Bu iş bizim beynəlxalq aləmdəki dostlarımızla aparılmalıdır. Beynəlxalq aləmdə bizim mövqeyimizi dəstəkləyən dövlətlər kifayət qədər çoxdur. Bunları bir araya toplayaraq bu işi aparmaq lazımdır. Çünki, aqressor cavabsız qalsa daha da azğınlaşır, daha kobud səhvlərə yol verir, daha təhlükəli addımlar atır, bu da nəticə etibarilə regionda sülhü pozur. Əlbəttə ki, bu müharibədən başqa bizə heç bir yol buraxmır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə