"Yumşalma olmalı idi" - AÇIQLAMA

"Bütün bu dövr ərzində əhali öz fəaliyyətindən qala bilməz. Bu baxımdan yumşalma sistemi olmalı idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva karantin rejiminin yumşalması ilə əlaqədar vətəndaşların bu dövrdə də qaydalara riayət etməyinin labüdlüyündən danışarkən deyib.

"Artıq hamı Nazirlər Kabinetinin qərarı ilə tanış oldu. Bildiyiniz kimi növbəti yumşalma mərhələsinə keçid edildi. Bəzi rayonlarda da sərt karantin rejimi yumşaldıldı. Bu yumşalma rejiminə keçid edilməli idi. Çünki, heç kəs COVID-19-un nə zaman bitəcəyini bilmir. Ola bilər ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, bu proses bir il, il yarım və ya iki il də uzana bilər. Bütün bu dövr ərzində əhali öz fəaliyyətindən qala bilməz. Bu baxımdan yumşalma sistemi olmalı idi. Bu yumşalma sisteminə də hissə-hissə, mərhələli şəkildə keçid edildi, bu proses birdən-birə baş vermədi. Düzdür, oktyabr ayının 1-nə qədər karantin şəraiti uzadılıb, lakin, ölkənin strateji sahələrindən biri olan təhsil sahəsinin fəaliyyətə başlaması haqqında qərar qəbul edilib. Artıq sentyabrın 15-dən təhsil müəssisələrində təhsil prosesinə başlanılacaq. Bildiyiniz kimi buna ənənəvi üsulla başlanılacaq və hələ ki, bu, kütləvi xarakter daşımayacaq. Qərardan da məlum olduğu kimi, sentyabrın 15-i, oktyabrın 15-dən mərhələli şəkildə təhsil müəssisələri fəaliyyətə başlayacaq" - deyə, Kamilə Əliyeva deyib.

Millət vəkili vurğulayıb ki, son günlərdəki yoluxma sayına nəzər salsaq, statistikanın yumşalmalara imkan yaratdığığı görərik: "Bununla bərabər biz heç də ehtiyatımızı əldən verməməliyik, təhlükəsizliyimizin qorunması üçün, yenidən sərtləşmə rejiminə keçməmək üçün qaydalara riayət etməliyik. Artıq, üzü qışa doğru gedirik və aydın məsələdir ki, bu dövrdə COVID-19-dan əlavə resperator xəstəliklərin də artması təhlükəsi var. Bunları nəzərə alaraq insanlarımız arxayınlaşmamalıdırlar. Yumşalmaların davam etdirilməsi üçün insanların məsuliyyəti çox vacibdir. Ümid varam ki, vətəndaşlarımız COVID-19-la mübarizədə tətbiq edilən qaydalara riayət edəcək və biz normal həyat tərzimizə yenidən qayıda biləcəyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə