"Sərt karantin tədbirləri ilə koronavirusun yayılma sürətini azaltmağı bacardıq" ÖZƏL-MÜNASİBƏT

"Sərt karantin tədbirləri ilə koronavirusun yayılma sürətini azaltmağı bacardıq" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanda koronavirus pandemiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Bu mənada, hazırda Azərbaycanda yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır”. Bunu SİA-ya millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alıb: “Biz ən əsas məsələlərə – virusun sürətlə yayılmasının qarşısını almağa, epidemiya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratmağa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Sərt karantin tədbirləri sayəsində koronavirusun yayılma sürətini azaltmağı bacardıq. Səhiyyə sistemi qısa müddət ərzində təhlükəli epidemiyaya qarşı effektiv müqavimət strategiyası işləyib hazırladı”.

E.Nəsirov bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur: “Bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. Son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığını təsdiq edən amildir. Hazırkı dövrdə ölkəmizdə qənaətbəxş dinamikanın olmasına baxmayaraq, mövcud sanitar-epidemioloji vəziyyətin təhlili xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olduğunu göstərir. Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər 10 rayonun (Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) “sarı” zonaya keçirilməsi mümkündür. Uzun müddətdir bu rayonlarda yoluxma faktlarının aşağı səviyyədə olması buna tam şərait yaradır. Həmçinin sanitar-epidemoloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə – tədris, repetitor xidmətləri və s. məhdudiyyətlərin aradan qaldırılması mümkündür.

Azərbaycanda həyata keçirilən tədbirlər, bu gün də görülən çox mühüm işlər ümid verir ki, biz bu xəstəliyin qarşısını müvəffəqiyyətlə alacağıq. Biz insanlardan tələb olunan, maska taxılması, sosial məsafə saxlanması, gigiyenik qaydalara əməl olunması, ümsiyyətdən çəkinmək, daha çox toplaşmamaq kimi deyilən o qaydalara əməl olunması mütləq yerinə yetirilməlidir. Vətəndaşlar COVID-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümüzü və ətrafımızı qorumağa davam etməliyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə