“Hər kəs karantin rejiminin tələblərinə ciddi əməl etməldir” ÖZƏL-MÜNASİBƏT

“Hər kəs karantin rejiminin tələblərinə ciddi əməl etməldir” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fəaliyyət göstərdiyi ilk gündən həyata keçirdiyi bütün tədbirlər onu göstərir ki, ölkə başçımız bəşəri ideyalara sadiqdir, Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi onun üçün ən vacib məsələdir və karantin dövründə də bu özünü bir daha göstərdi. Əlbəttə ki, dünyanı cənginə almış koronavirus adlı bu bəla Azərbaycandan da yan ötüşmədi. Ancaq sevindirici haldır ki, ölkə başçısının, eləcə də Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın çox dəqiq, uzaqgörən tədbirlər həyata keçirməsi bu bəladan bizim az itgi ilə çıxmağımıza imkan yaratdı.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, əlbəttə ki, yoluxanlar, dünyasını dəyişənlər var, ancaq, başqa ölkələrlə müqaisədə bu çox azdır: “Artıq yoluxma və sağalma nisbətinə görə demək olar ki, bir çox ölkələrdən biz irəlidəyik, müsbət nəticələr var və bu müsbət nəticələr də nəinki vətəndaşlarımız tərəfindən, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən, bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar ölkə başçısının həyata keçirdiyi beynəlxalq tədbirlər də, beynəlxalq müstəvidə göstərdiyi təkliflər və fəaliyyət də hər birimizə yaxşı məlumdur və insanlar tərəfindən bu müsbət dəyərləndirilir. Ancaq, çox təəssüflər olsun ki, nə qədər ciddi tədbirlər görülsə də karantin rejiminin tələblərinə əməl etmək barədə nə qədər maarifləndirmə tədbirləri aparılsa da yoluxma halları baş verməkdədir. Bu vətəndaşların özlərindən asılıdır. Çünki, bir çox vətəndaşlar hələ də Covid-19 pandemiyasının dəhşətlərini yaxşı dərk etmirlər, onun vurduğu ziyanın mahiyyətini dərindən anlamırlar və ona görə də karantin rejiminə düzgün əməl olunmaması yoluxmaların sayını artırır və bu xəstəliyin aradan qaldırılmasını çətinləşdirir".

T.Rzayev bildirib ki, bir çox yumşaldılma tədbirləri görülüb və şübhəsiz ki, bu lazımdır: "Çünki, ölkə iqtisadiyyatı üçün, insanların özlərinin həyatlarının normal qurulması üçün bu vacibdir. Ancaq bu o demək deyil ki, karantin rejiminə əməl olunmasın, məsuliyyətsizliyə yol verilsin və insanlar bu virusa yoluxdurulsun. Mən də tərəfdarıyam ki, müəyyən güzəştlər olunsun, ancaq insanlarımız bir şeyi dərindən dərk etməlidirlər ki, bu xəstəlik uzun müddət davam edən xəstəlikdir, bunun nə vaxt qurtaracağı, sona çatacağı hələ məlum deyil. Ona görə də deyilənlərə, qarşıya qoyulan tələblərə ciddi əməl olunmalıdır. Qarşıdan payız, qış movsümü gəlir. Etimal olunur ki, yoluxma bu dövrdə daha da sürətlənsin. Ona görə də hər bir vətəndaş, hər bir insan, öz səhhətini öz ailəsinin, uşağının, yaxınlarının sağlamlığını düşünən hər bir kəs, elə bilirəm ki, karantin rejiminin tələblərinə ciddi əməl etməldir. Əgər yoluxanların sayı artarsa, mən də tərəfdarıyam ki, dövlət bu sahədə daha ciddi tədbirlə həyata keçirsin, karantin rejimi daha da sərtləşdirilsin və müəyyən tədbirlərin görülməsi gündəmə gətirilsin. Əlbəttə ki, Azərbaycanda həyata keçirilən tədbirlər, bu gün də görülən çox mühüm işlər ümid verir ki, biz bu xəstəliyin qarşısını müvəffəqiyyətlə alacağıq. Ancaq mən yenə də təkrar edirəm, bu biz insanlardan asılıdır. Biz insanlardan tələb olunan, maska taxılması, sosial məsafə saxlanması, gigiyenik qaydalara əməl olunması, ümsiyyətdən çəkinmək, daha çox toplaşmamaq kimi deyilən o qaydalara əməl olunması mütləq yerinə yetirilməlidir. Əgər biz bu qaydalara əməl etsək, elə bilirəm ki, biz bu pandemiyadan canımızı qurtara bilərik. Bu çox ağır, qorxunc bir bəladır. Bu xəstəliyi keçirənlər bunun dəhşətlərini, ağrılarını çox yaxşı bilirlər. Heç kim etinasız olmamalıdır. Heç kim laqeid olmamalıdır. Hər kəs özünün, öz yaxınlarının səhhətinin, sağlamlığının qeydinə qalmalı və bu barədə düşünməlidir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə