Şoyqunun Azərbaycana gəlişi adi bir səfər kimi qiymətləndirilə bilməz - ŞƏRH
"Rusiyanın Müdafiə naziri Serqey Şoyqunun Azərbaycana gözlənilən səfəri ciddi müzakirə predmetinə çevrilib. Şoyqunun Bakı səfəri yalnız rəsmi şəkildə bəyan edildiyi kimi Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dənizin Kuboku”nun açılış mərasimində iştirak etməklə yekunlaşmayacaq. Rusiya müdafiə nazirinin Azərbaycanda aparacağı danışıqlarda son zamanlar iki ölkə arasında yaranmış narazılıqlar əsas diqqət mərkəzində ola bilər. İyul ayında Rusiyadan 400 ton silah yardımı alan Ermənistanın Azərbaycanla dövlət sərhədində təxribat törətməsi rəsmi Bakının ciddi etirazına səbəb olub. Sergey Şoyqunun səfəri öncəsi isə Ermənistan silahlı qüvvələri Goranboy istiqamətindən təxribat törətməyə cəhd göstərib. Ermənistanın son dövrlər hücumlarının sayının artması Rusiyanın Cənubi Qafqazda geosiyasi fəallıq göstərməsi kimi şərh edilir. Bu proses isə daha çox Azərbaycana təzyiqlərin güclənməsi ilə müşahidə olunur. Ona görə də Azərbaycan Rusiyadan öz mövqeyinə aydınlıq gətirməsini istəyir. Bu baxımdan, ikitərəfli münasibətlərindəki yaranmış son vəziyyət yəqin ki, Şoyqunun Bakıya səfəri zamanı ciddi müzakirə olunacaq". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloqun fikrincə, Şoyqunun Azərbaycana gəlişi adi bir səfər kimi qiymətləndirilə bilməz: "Rusiya siyasi elitasında Vladimir Putinin siyasi varislərindən biri kimi nəzərdən keçirilən S.Şoyqunun səfəri zamanı həm Ermənistan-Azərbaycan münaqişəsi, həm də regional münasibətlərlə bağlı bir sıra ciddi məsələlər danışıqlar predmeti olacaq. Bu gün bölgədə yaranmış vəziyyət, Azərbaycan-Rusiya münasibətləri, Ermənistanın növbəti dəfə Azərbaycanı təxribata cəlb etmək istəyi və bunun arxasında Azərbaycanın Rusiya və Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı arasında gərginliyin yaradılması niyyəti bölgə dövlətləri arasında ən ciddi müzakirəyə ehtiyacı olan məsələlərdir. Düşünürəm ki, Şoyqunun bu səfəri zamanı Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığında müzakirə olunan bir sıra məsələlərə, o cümlədən Ermənistana 400 ton silah verilməsinə də aydınlıq gətiriləcək. Çünki ilk dəfə idi ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Ermənistana silah satmasını diplomatik etiket qaydaları çərçivəsində və xalqın narazılığını bildirməklə Vladimir Putinə çatdırdı".
Ekspert bildirib ki, Azərbaycan Prezidenti qeyd etdi ki, Rusiya ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlət kimi Ermənistana silah vermək məsələsində ehtiyatlı olmalıdır: "Rusiya da Azərbaycanla münasibətlərinin mahiyyətinə nəzər salaraq anlayır ki, münaqişənin həllində Moskvanın vasitəçiliyinə və Ermənistana təzyiqlərin artırılmasına ehtiyac var. Əslində bölgədə yaranmış vəziyyət də bunu diktə edir. Tərəflər münaqişənin genişmiqyaslı hərbi əməliyyatlar müstəvisinə keçməsinə cəhd edir. Rusiya da özünün cənub sərhədləri yaxınlığında birinin müttəfiq, digərinin isə tərəfdaşı olduğu ölkələr arasında münasibətlərin bu həddə çatmasında maraqlı deyil. Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovu Moskvaya rəsmi səfərə dəvət edib. Azərbaycan Xarici İşlər nazirlərinin ilk səfərləri adətən Türkiyəyə və Rusiyaya edilir. Bu da onu göstərir ki, Azərbaycan bütün hallarda Dağlıq Qarabağ problemini Türkiyə ilə müttəfiqlik və Rusiya ilə tərəfdaşlıq müstəvisində həll etməyi planlaşdırır. Çox güman ki, Rusiyanın müdafiə nazirinin Bakıya səfəri çərçivəsində də məhz bu məsələlər müzakirə olunacaq”.
E.Manafov hesab edir ki, Rusiya Ermənistanla hərbi müttəfiq olduğuna görə, işğalçı ölkəyə silah satılması anlaşılandır: "Çünki Rusiyanın hərbi bazalarının 2050-ci ilə qədər Ermənistanda saxlanılmasına dair ikitərəfli müqavilə də var. Digər tərəfdən, Rusiya öz missiyasına uyğun olaraq, Ermənistandakı hərbi bazalarının silah-sursatla təminatını həyata keçirir. Rusiyanın Ermənistana və Azərbaycana silah satışı ilə bağlı müqayisə aparsaq, bu məsələdə ciddi fərqin olduğunu görərik. Ermənistana silahlar dünya bazarındakı qiymətlərdən aşağı satılır. Amma Azərbaycan ən müasir silahları alsa belə, bunu xüsusi qiymətlər hesabına əldə edir. Doğrudur, Azərbaycan İsrail, Türkiyə, Pakistan, Belarus, Ukrayna, İtaliya və digər ölkələrdən də silahlar alır. Bu baxımdan, Rusiya Azərbaycanla silah satışı məsələsləri üzərində də danışıqlar apara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB